Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7804/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə evrərək Bakı ş, Ləhiş bağ massivində yerləşən 2095 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçının rayon məhkəməsinin qətnaməsi əsasında bağ sahəsinə istifadə hüququ tanınmış, icarədar hesab edilmişdir. İddiaçı hesab edir ki, ona 2281 nömrəli 0,25 ha ölçüdə torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Sabunçu Rayon məhkəməsinin qətnaməsi ilə 2281 saylı Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmişdir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamış, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Sxematik xəritədə əks olunmayan ümumi istifadədə olan yol sahədən keçir. Faktiki ölçü 2095 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilir ki, hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Sabunçu Rayon məhkəməsinin qətnaməsi ilə 2281 saylı Ləhiş qəsəbəsində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmişdir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamış, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Sxematik xəritədə əks olunmayan ümumi istifadədə olan yol sahədən keçir. Faktiki ölçü 2095 kv.m təşkil edir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, 0,25 ha ölçüdə 2281 nömrəli bağ sahəsinə istifadə hüququ iddiaçının tanınmış, bağın icarədarı iddiaçı hesab edilmişdir. Həmin iş materiallarında sadalanan 1975-ci il tarixli müqavilədən görünür ki, 2281 nömrəli bağ sahəsi icarədar Zibaxanım Ağabala qızına verilmişdir. Həmin müqavilədə Zibaxanım Ağabala qızına və onun nəvəsi Vahid Rzayevə bağ sahəsi icarəyə verilmişdir. X1 27 mart 1979-cu il tarixdə vəfat etmişdir. İddiaçı uzun illərdir ki, V.Rzayevlə birlikdə Ləhiş bağ qəsəbəsində 0,25 ha ölçüdə 2281 bağ sahəsindən istifadə edir. Cavabdeh V.Rzayev də iddia tələbini qəbul edir. Müayinə aktlarında qeyd edilir ki, tikili ərazidə yoxdur, faktiki sahə 2095 kv.m təşkil edir, 2-3 sıra mişar daşı ilə ərazi hasarlanmışdır. Vətəndaşın dediyinə görə öz razılığı ilə qonşu bağlara keçid yol qoyulub, bağın ərazisi iki hissədə ibarətdir. Faktiki torpaq yola düşən hissə çıxıldıqdan sonra qalan sahə 2095 kv.m təşkil edir. 1975-ci il tarixli müqavilədən görünür ki, 2281 nömrəli bağ sahəsi icarədar Zibaxanım Ağabala qızına verilmişdir. Ailə üzvü kimi nəvəsi V.Rzayev göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:[4] 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;[6] 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.[8]
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:[9] 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;[10] 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;[11] 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;[12] 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);[13] 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;[14] 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;[15] 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;[16] 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar; [17] 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə). Məhkəmə, iddia tələbi ilə bağlı ilkin olaraq qeyd edilməsini zəruri hesab edir ki, qeydiyyata alınması tələb edilən hüquq istifadə yox, məhz mülkiyyət hüququdur ki, məhkəmə araşdırması zamanı istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsinə əsasən istifadə hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması barədə araşdırma nəticəsində müəyyən edilir ki, iddiaçı istifadə yox, məhz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Bəhs edilən qanunvericiliyin müddəalarından isə göründüyü kimi, əmlaka hər hansı hüququn, eləcə də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüququ təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu mütləqdir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı, iddia olunan sahəyə dair məhz mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından iddianın təmini istisna edilməlidir. Belə ki, məhkəmə qətnaməsində adıçəkilən bağ sahəsinə istifadə hüququnun tanınması və iddiaçının bağın icarədarı hesab edilməsi müəyyən edilmişdir. Göstərilən səbəbdəndir ki, həmin qətnamənin mülkiyyət hüququ yaratmasından söhbət gedə bilməz. Digər tərəfdən, yuxarıda göstərilən müddəaların tələbindən görünür ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri mülkiyyət hüququnun tanınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırda iddia olunan bağ sahəsinə dair də adıçəkilən icarə müqaviləsi mövcuddur. Belə ki, iş materiallarında olan 1975-ci il tarixli müqavilədən görünür ki, 2281 nömrəli bağ sahəsi Zibaxanım Ağabala qızının icarəsinə verilmiş, həmin şəxs adıçəkilən bağ sahəsini icarədarı hesab edilmişdir. Həmin müqavilənin 10-cu bəndində nəvə kimi V.Rzayevin adı da göstərilir ki, qeyd olunmalıdır ki, icarə müqavilələrində bağın icarədarınn ailə üzvünün göstərilməsi həmin nəvənin icarədar hesab edilməsi anlamına gəlməməklə, icarədarın Zibaxanım Ağabala qızı olması halın dəyişmir. Təbii haldır ki, V.Rzayev həmin müqavilədə göstərilmiş ailə üzvü kimi bağ sahəsindən faktiki istifadə hüququna malik olmuşdur ki, məhkəmə qətnaməsindən də görünür ki, iddiaçı məhz onunla birlikdə bağ sahəsindən faktiki istifadəyə əsaslanaraq həmin şəxsə qarşı iddia qaldırmış və bağ sahəsinin icarədarı hesab edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, həmin qətnamə üzrə bağın icarədarının iddiaçı hesab edilməsi, mülkiyyət hüququnun tanınması üçün əsas olan 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələrini əvəz etmir. Həmin tarixə qədər icarə müqaviləsinin vəfat etmiş şəxsin adından digər şəxs tərəfindən, eləcə də Vahid Rzayevin adına keçirilməsi, onunla icarə müqaviləsinin bağlanılması da iş materialları ilə müəyyən edilmir. Bu səbəbdəndir ki, iddiaçının həmin bağa istifadə hüququnun tanınması, hətta icarədar hesab edilməsi, 1975-ci il tarixli müqavilə üzrə vəfat etmiş şəxsin vərəsəsinin həmin əmlakın mərhuma məxsus olması haqqında müraciət hüququnu istisna etməməkdədir. Bu səbəbdəndir ki, iddiaçı hazırkı məhkəmə qətnaməsinə istinadla yalnız istifadə hüququnun tanınmasını cavabdehdən tələb edə bilər ki, mülki iş üzrə cavabdeh qismində tanınmış Vahid Rzayevin isə icarədar yox, icarədarın ailə üzvü kimi faktiki istifadəçi olduğu halda həmin şəxsin etirafı ilə mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi mülkiyyət yox, məhz icarə hüququnun qeydiyyatına əsas yarada bilər. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamış, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir, sxematik xəritədə əks olunmayan ümumi istifadədə olan yol sahədən keçir və s kimi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəd mövcud olmadığı halda göstərilən dəlillərin araşdırılması zərurəti də müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov