Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7806/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 297 nömrəli, 06 noyabr 2006-cı il tarixli “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilmişdir və bununla bağlı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 344 nömrəli, 02 noyabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Bundan sonra, qeyd olunan ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin dəyəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin bank hesabına İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və buna dair Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən “Torpaqların alqı-satqısına dair Akt” verilmişdir. Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən “Torpaqların alqısatqısına dair Akt” keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsinin situasiya planı Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş BRB/Ə-14 nömrəli, 28 mart 2018-ci il tarixli arayışdan da görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində yerləşən və İddiaçı tərəfindən istifadə edilən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi hal-hazırda da İddiaçı mülkiyyətindədir və torpaq sahəsinə görə borc yoxdur. Bakı şəhəri,Binəqəıdi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi qanunamüvafiq qaydada İddiaçı qanuni mülkiyyətinə verilmişdir, həmçinin uzun müddətdir ki, müvafiq torpaq sahəsi təyinatına uyğun olaraq İddiaçı tərəfindən hasara alınaraq mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər qanunamüvafiq qaydada vaxtlı-vaxtında onun tərəfindən ödənilir və həmin torpaq sahəsi onun qanuni sahibliyində və faktiki mülkiyyətindədir. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı onun tərəfindən xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixlərdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sözügedən müraciətə cavab olaraq İddiaçı ünvanlanmış **********97 nömrəli, xx.xx.2018-ci il tarixli və **********33 nömrəli, xx.xx.2021ci il tarixli imtina məktubları ilə ərizənin icrasından qanunsuz və əsassız olaraq imtina edilmiş və imtina məktubunda formal olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 15-ci maddələrinə istinad edilmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 297 nömrəli qərarı ilə ayrılmışdır. Lakin elektron kadastr baza məlumatlarına əsasən sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin 2 nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmişdir. Daha sonra həmin sahə 13 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncam ilə 2 nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmışdır. Belə ki, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamışdır. Həmçinin sahə zeytun ağaclarının olduği ərazidə yerləşir və sahə daxilindən orta təzyiqli qaz xətti keçir. Sahəyə ********** nömrəsi ilə Qaradağ rayon Prokurorluğunun müraciəti daxil olmuşdur. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi, qeyd olunmamışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərdiyindən, hazırkı iş üzrə əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdir. Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Tədqiq edilmiş sənədlər AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Binəqədi bələdiyyəsinin 297 nömrəli 06 noyabr 2006-cı il tarixli “vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” Qərarı ilə Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vət. İddiaçı tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq (hər kv.m üçün YAN ilə 4 man.16 qəp ödəmək şərti ilə) onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında 344 nömrəli 02 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ümumi iclasının 20 oktyabr 2006-cı il tarixli Pr N 10 qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini alıcıya (İddiaçı) təklif edir, alıcı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini qəbul edir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Əliyeva X1 Rayonui Binəqədi bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin ərazisində 1200 kv.m torpaq sahəsinin satılması barədə 2006-cı il 06 noyabr 297 saylı qərar qəbul edilmişdir. Binəqədi rayonu, 6 mkr.-nun qərb hissəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsinin (1200 kv.m) situasiya planı bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu Binəqədi bələdiyyəsinin 28 mart 2018-ci il tarixli BRB/Ə-14 nömrəli arayışında göstərilmişdir ki, Əliyeva X1 rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 297 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində yerləşən və onun tərəfindən istifadə edilən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, qeyd olunan torpaq sahəsi hal-hazırda da İddiaçı mülkiyyətindədir və torpaq sahəsinə görə borc yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı ********** nömrəli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Zeytun sovxozunun ərazisində yerləşir və həmin torpaq sahəsi ilə bağlı digər fiziki şəxs tərəfindən idarəyə müraciət daxil olmuş, bundan başqa torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır və torpaq sahəsinin 370.0 kv.m hissəsi yaxınlıqdan keçən yüksək gərginlikli (110.0 kV) elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, təqdim edilmiş xx.xx.2006-cı il tarixli 297 saylı sərəncamın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi ilə bağlı məktub təqdim edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə 17 sentyabr 2025-ci il tarixli 3-21-3-30/2-43226/2025 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi üçün əsas olmuş qeydiyyatın aparılmasına dair hüquq müəyyənedici sənədlər təqdim edilmişdir. Məhkəmə tərəfindən 24 dekabr 2025-ci ildə mübahisəli ərazidə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi (24/7) rejimində mühafizə olunan ərazidə yerləşir. Ərazinin giriş-çıxışı nəzarət altında saxlanılır və mühafizə xidməti mövcuddur. Torpaq sahəsinə aparan yol əsas girişdəndir. Həmin yolun sağ və sol hissələrində “villa” tipli fərdi yaşayış evləri mövcuddur. Mübahisəli torpaq sahəsinin və fərdi evlərin arxa tərəfində yaşıllıq sahəsi yerləşir. Məhkəmənin mövqeyi Məhkəmə aşagıdakı əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - maddə 55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - maddə 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - maddə 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - maddə152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun - maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” İşin faktiki hallarına əsasən iddiaçıya Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində 1200 kv.m torpaq sahəsinin satılması barədə Bakı şəhəri Binəqədi bələdiyyəsinin 297 nömrəli 06 noyabr 2006-cı il tarixli Qərarı mövcuddur. Göründüyü kimi iddiaçıya torpaq sahəsi bələdiyyənin aktı ilə verilmişdir. İnzibati orqanı olan Bakı şəhəri Binəqədi bələdiyyəsinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi halları iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, Bakı şəhəri Binəqədi bələdiyyəsinin 297 nömrəli 06 noyabr 2006-cı il tarixli Qərarından da görünür ki, İddiaçı torpaq sahəsi satılması barədə ərizəsi Bələdiyyə üzvlərinin iclasında müzakirə olunmuş və 1200 kv.m torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Cavadeh mübahisəli sahənin sahənin 2008-ci ilə qədər Abşeron İnzibati Ərazi vahidliyinin 2 nömrəli Zığ-Zeytunçuluq sovxozunda yerləşdiyi müəyyən edilmiş, həmin sahə 13 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncam ilə 2 nömrəli Zığ-Zeytunçuluq sovxozundan Bakı ŞİH-nin idarəçiliyinə qaytarılmış, baza məlumatlarına əsasən sahə vaxtilə Abşeron ərazisi olduğundan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqayırma səlahiyyəti olmamış, həmçinin sahə zeytun ağaclarının olduği ərazidə yerləşdiyini bildirsə də, məhkəmə tərəfindən 24 dekabr 2025-ci ildə mübahisəli ərazidə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi (24/7) rejimində mühafizə olunan ərazidə yerləşir. Ərazinin giriş-çıxışı nəzarət altında saxlanılır və mühafizə xidməti mövcuddur. Torpaq sahəsinə aparan yol əsas girişdəndir. Həmin yolun sağ və sol hissələrində “villa” tipli fərdi yaşayış evləri mövcuddur. Mübahisəli torpaq sahəsinin və fərdi evlərin arxa tərəfində yaşıllıq sahəsi yerləşir. Cavabdeh iddiaya dair etirazında sahə daxilindən orta təzyiqli qaz xətti keçdiyini bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən: 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.12. Boru kəmərlərinin texniki vəziyyəti ilə əlaqədar, baş verə biləcək qəzaların qarşısını almaq üçün, təmir işlərinin aparılması tələb olunduğu halda, boru kəmərlərini istismar edən hüquqi şəxslər, Dövlət Neft Şirkəti, onun yerli orqanları tərəfindən, torpaq istifadəçilərinə, mülkiyyətçilərinə və icarəçilərinə əvvəlcədən bildirməklə, təmirə ehtiyacı olan boru kəmərləri sahəsində və qaydaların 2.9, 2.10, 2.11-ci yarımbəndlərində göstərilən işlərin aparılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş, magistral boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında verilmiş boru kəmərlərinin mərkəzi oxundan şəhər və digər yaşayış məntəqələrinə qədər olan ərazilərdə müvəqqəti olaraq (təmirin sonuna qədər), minimal məsafələrlə məhdudlaşdırılmasına ixtiyar verilir. Çoxsaylı qarışıq boru kəmərlərində göstərilən məsafə kənar boru kəmərlərinin orta xəttindən təyin edilir. Göründüyü kimi, mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsi ilə eyni əsaslarla ayrılmış qonşu torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). 36 Cavabdeh iddiaya dair etirazda mübahisəli sahəyə Qaradağ rayon Prokurorluğunun müraciəti daxil olduğunu bildirdəsə də, həmin müraciəti və ona əlavə hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməmiş, qanun normaları vətəndaşa tətbiq edilməmiş, formal əsaslara əsaslanaraq iddiaçının müraciətinə imtina edilmişdir. Odur ki, hazırki hal ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuki iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15 Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından yayınmışdır. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7806/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7806/2025
30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver