Məhkəmə qərarları › İş №e-2-1(112)-783/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-783/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-783/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması"”tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Türkan qəsəbəsi ərazisində yerləşən və “Reyhan” Bağçılıq Cəmiyyəti tərəfindən ona ayrılmış 30 saylı, 0,05 hektar torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Türkan qəsəbəsi ərazisində yerləşən və “Reyhan Bağçılıq Cəmiyyəti” tərəfindən ayrılmış 30 saylı, 0,05 hektar torpaq sahəsinin onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Reyhan” bağçılıq cəmiyyəti 1988-ci il tarixdə Bakı şəhəri XDSİ komitəsi tərəfindən yaradılmışdır. Bağçılıq cəmiyyəti tərəfindən AzDƏMTTET İnstitutunun əməkdaşlarına bağ sahələri paylanmışdır. Həmin bağ sahələrindən biri də institutun əməkdaşı kimi iddiaçıya ayrılmışdır. Ona ayrılmış 30 saylı bağ sahəsinin ölçüsü 0,05 hektar təşkil edir. Bu haqda müvafiq “Bağçının üzvlük kitabçası” hazırki ərizəyə əlavə edilmişdir. Elə həmin dövrdən bağ sahəsi ona təhvil verilmiş və tərəfindən hasarlanmış, habelə bu günə kimi onun istifadəsindədir. Lakin həmin dövrdən hal-hazıradək adıçəkilən torpaq sahəsini dövlət reyestrindən qeydiyyatdan keçirməmişdir. Bu yaxınlarda fərdi yaşayış evinin tikintisi üçün qeydiyyatdan keçirilmə məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Halbuki, eyni vaxtda torpaq sahələri əldə etmiş şəxslərin böyük əksəriyyəti onlara məxsus sahəni dövlət reyestrində qeydiyyatdan keçirmişlər. Bu səbəbdən hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır və məhkəmə qərarı ilə həmin vəzifə ona həvalə edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli **********31 daxilolma nömrəli ərizə ilə cavabdehə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya **********31 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, “Reyhan” bağçılıq cəmiyyəti Azərbaycan Respublikası Dövlət Əməyin mühafizəsi və X1 İnstitutunun nəzdində yaradılmışdır. Sonradan həmin institut Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmişdir. Hazırda bağçılıq cəmiyyətinin sənədləri həmin Nazirlikdə mövcud deyildir. Lakin, təqdim edilən sənədlərdən görünür ki, ona qanuni əsaslarla torpaq sahəsi ayrılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan bağçının üzvlük kitabçasından görünür ki, iddiaçı “Reyhan” Bağçılıq Cəmiyyəti üzvlərinin 25 noyabr 1998-ci il tarixli, 03 nömrəli protokoluna əsasən bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir. Sahənin ünvanı: Türkan qəsəbəsi Bağçılıq Cəmiyyəti bağından sahəsi 500 kv.metr olan 30 nömrəli bağ sahəsi 27 oktyabr 1987-ci il tarixdə qeydə alınmış Bakı şəhər İcra Hakimiyyətinin 20/396 nömrəli qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Reyhan” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 30 saylı bağ sahəsinə dair sənəd, eləcə də bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. "xxxx" MMC-nin 07 mart 2024-cü il tarixli, 56 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri X2 İcraiyyə Komitəsi “Reyhan” Bağçılıq Cəmiyyəti tərəfindən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan ərazisində yerləşən 30 saylı bağ sahəsi “Reyhan” bağçılığı sxeminin hüdudları daxilində yerləşir, yaşayış məntəqələrinin torpaqlarına aiddir, sahəsi 0,05 hektar təşkil edir. Həmin torpaq sahəsinin konfiqurasiyasının koordinatlarının faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. İddia olunan bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 avqust 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhər İHB-nın 1997-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1997-ci il tarixli, 20/396 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin Arxivinə müraciət etmək tövsiyə olunmuş, “Reyhan” Bağçılıq Cəmiyyətinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında saxlanılmadığı bildirilmişdir. Cavabdeh tərəfindən 09 yanvar 2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 30 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0,05 ha təşkil edir. Bağ sahəsi qonşu 65 və 67 saylı bağ sahələri ilə ümumi hasar daxilində yerləşir, ara sərhəd 3 sıra mişar daşı düzülərək ayrılıb (darvazası var). Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 0,05 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Göstərilən torpaq sahəsi (bağ sahəsi) təqdim edilmiş bağçılıq-yoldaşlığın bölgü sxeminə və qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Əlavə olaraq bildirilmişdir ki, “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna 11 sentyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1997-ci ilə dair sərəncamları arasında xx.xx.1997-ci il tarixli, 20/396 №-li qərar aşkar edilməmişdir. Eyni zamanda “Reyhan” Bağçılıq-yoldaşlıq Təsərrüfatı Cəmiyyətinin protokolları BŞİH-nin arxivində saxlanılmır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət əməyin mühafizəsi və təhlükəsizlik texnikası Elmi-tədqiqat İnstitutunun məhkəmə sorğusuna 11 mart 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Reyhan” bağçılıq cəmiyyəti ilə əlaqədar İnstitutun arxivində hər hansı bir sənəd mövcud olmadığı üçün sözügedən cəmiyyətin birliyi üzvlərinin siyahısının, 25 noyabr 1998-ci il tarixli, 03 nömrəli protokoldan İddiaçı aid hissədə çıxarışın və sözügedən şəxsə həmin cəmiyyət tərəfindən bağ sahəsinin ayrılıb ayrılmaması barədə məlumatın təqdim edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı ona “Reyhan” Bağçılıq Cəmiyyəti üzvlərinin 25 noyabr 1998ci il tarixli, 03 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi və bağ sahəsinin ayrılması haqqında üzvlük kitabçasına əsaslanaraq bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, “Reyhan” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv qovluğunda aşkar olunmamışdır. İPM-in 14.3-cü maddəsində göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı vəziyyətdə iddianın əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı öz tələbinin sübutu kimi bağçının üzvlük kitabçasına əsaslanmışdır. Həmin üzvlük kitabçası isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda daşınmaz əmlak üzərində hüquqlarının yaranmasına əsas olan sənədlərdən biri kimi təsbit edilmişdir. Belə olan halda həmin sənədin qanunsuz olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma çərçivəsində verilmiş sorğulara alınmış cavablarda isə həmin sənədin qanuniliyini şübhə altına alan hər hansı məqam aşkar edilməmişdir. Belə ki, müvafiq qurumlar məhkəmə sorğusuna verdikləri cavablarda “Reyhan” bağçılıq cəmiyyətinə dair sənədlərin onlarda mövcud olmadığını bildirmişlər. Bu isə iddiaçıya məxsus bağçının üzvlük kitabçasının qanuniliyinin şübhəaltına alınmasına əsas vermir. İşin müəyyən edilmiş hallarından görünür ki, bağ sahəsi iddiaçının istifadəsindədir və digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Belə ki, Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Türkan qəsəbəsi ərazisində yerləşən və “Reyhan” Bağçılıq Cəmiyyəti tərəfindən iddiaçıya ayrılmış 30 saylı, 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Türkan qəsəbəsi ərazisində yerləşən və “Reyhan” Bağçılıq Cəmiyyəti tərəfindən iddiaçıya ayrılmış 30 saylı 0,05 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar