Məhkəmə qərarları › İş №e-2-1(112)-7846/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7846/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7846/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 05 iyun 2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya xx.xx.2017-ci ildə ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Yəni iddiaçı xx.xx.2022-ci ildə yenidən qiymətləndirilmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “ÜİX gərginlik stabil stenokardiyası, F/S İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə infarktdan sonrakı kardioskleroz. Mədəcik ekstrasistoliyası. Aortanın anevrizması, hipertoniya xəstəliyi 2-ci mərhələ. Risk faktoru. Ürək çatışmazlığı İİİ dərəcə. QDÇ 2-ci dərəcə. Skolioz İ dərəcə” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona ömürlük müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etirazında bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir yol xəstəxanasının xx.xx.2017-ci il tarixli 4083003AACD4 nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Epilepsiya xəstəliyi, generalizə olunmuş tez-tez təkrarlanan qıcolma tutmaları ilə (klonik, ayda-6-7 dəfə) Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, orta risk, boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, nəzərəçarpan astenonevrotik vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli NVS-46 nömrəli məktubuna Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində aidiyyəti üzrə baxılmışdır. ADY QSC tərəfindən risk qrupuna daxil olan 52 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və həmin şəxslərə aid göndərişlərin etibarsız edilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (7-ci sıra), “Əlillik altsistemi"ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki: İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4083003AACD4 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ümümi xəstəlik” səbəbi ilə ona 5 il müddətinə - xx.xx.2022-cü il tarixə qədər ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdeh inzibati orqana ərizə ilə müraciət edilərək təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi və əlilliyin Əlillik Altsistemindən etibarsız sayılmasına dair sənədlərin və aparılmış inzibati icraat materiallarının təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinə yazılan xidməti məruzədən görünür ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli NVS-46 nömrəli məktubuna Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində aidiyyəti üzrə baxılmış, ADY QSC tərəfindən risk qrupuna daxil olan 52 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və adları qeyd olunan şəxslərə dair (əlavə olunur) göndərişlərin etibarsız edilməsi məqsədəuyğun hesab edilmiş, əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırıq verilməsi xahiş edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinə ünvanlanan xx.xx.2018-ci il tarixli **********1 nömrəli məktubla bildirilmişdir ki, Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən dəmiryolçulara, onların ailələrinə, həmçinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müəssisələrin yerləşdiyi ərazilərdə məskunlaşan məcburi köçkünlərə və digər şəxslərə aidiyyəti tibbi xidmətlər göstərilir. Müraciətdə qaldırılan məsələ ilə bağlı ətraflı araşdırma aparılmışdır. Məktubda qeyd edilən 52 nəfər şəxsdən 1 nəfərə (X2) Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən tibbi göndərişin verilməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Tibbi göndərişlərin tərtib olunduğu digər şəxslərə aidiyyəti tibb müəssisələri, o cümlədən dövlət və özəl tibbi mərkəzlər tərəfindən verilmiş tibbi rəylərin və epikrizlərin əsaslılığının müəyyən edilməsi məqsədilə həmin qurumlara sorğular edilmiş, qeyd olunan şəxslərdən 39 nəfərinin (siyahı əlavə olunur) göstərilən tibb müəssisələrində müayinə və müalicə olunmadıqları, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məktuba əlavə edilən siyahıda adları qeyd edilən 39 nəfər barəsində Həkim- Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri tərəfindən verilmiş tibbi göndərişlərin etibarsız hesab edilməsi məsələsinə baxılmasının məqsədəuyğun olması qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmədə araşdırılan işin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı Dəmir Yol Xəstəxanasının 4083003AACD4 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ümümi xəstəlik” səbəbi ilə ona 5 il müddətinə - xx.xx.2022-ci il tarixə qədər ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti 07 iyun 2022-ci il tarixdə bitməsinə baxmayaraq Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Əlilliyin etibarsız hesab edilməsini cavabdeh belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir yol xəstəxanasının xx.xx.2017-ci il tarixli 4083003AACD4 nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Epilepsiya xəstəliyi, generalizə olunmuş tez-tez təkrarlanan qıcolma tutmaları ilə (klonik, ayda-6-7 dəfə) Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, orta risk, boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepatoxolesistit, xroniki qastrit. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, nəzərəçarpan astenonevrotik vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli NVS-46 nömrəli məktubuna Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində aidiyyəti üzrə baxılmışdır. ADY QSC tərəfindən risk qrupuna daxil olan 52 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və həmin şəxslərə aid göndərişlərin etibarsız edilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (7-ci sıra), “Əlillik altsistemi"ndə iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaya əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının xəstəliyi ilə bağlı cavabdehin dəlilinə, həmin dəlili təkzib edən işdə olan sübutlara hüquqi qiymət vermədən məhkəmə qeyd edir ki, cavabdehin özünün də bildirdiyi kimi xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcəli əlillik təyin etmiş, əlillik müddəti 5 il - xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. 17 yanvar 2020-ci ilədək qüvvədə olmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.1-ci bəndinə görə əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Göründüyü kimi, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız tibbi göndərişi vermiş müəssisəyə müraciət etmiş, alınan məlumat əsasında isə iddiaçının göndərişdə göstərilən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi nəticəsinə gəlmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək əlilliyin etibarsız hesab edilməsindən öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli NVS-46 nömrəli məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin hallarını obyektiv araşdırsaydı, iddiaçını təkrar müayinəyə göndərsəydi iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi kimi əsassız nəticəyə gəlməz və iddiaçının hüquqlarını pozmuş olmazdı. Bundan başqa, yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. İddiaçının əlilliyinin xx.xx.2017-ci il tarixdə 5 il müddətinə müəyyən edilməsi barədə cavabdehin əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli inzibati akt xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun aşagıdakı normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Həmin Qanuna əsasən: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. (-). Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. (-). Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. (-). Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-). Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (-). Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdehin xx.xx.2017-ci il tarixli inzibati aktı hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından məhkəməsinin gəldiyi nəticəyə görə iddia təmin edilməlidir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 05 iyun 2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı 05 iyun 2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar