Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7850/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X11 və X8 “çıxarışda düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X11 və X8 cəlb edilməklə “çıxarışda düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 98 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,01143 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X8 və X5 hər birinin 1/3 hissədə paylı mülkiyyətindədir. İddiaçı onun ailə üzvləri kateqoriyasına daxil olmayan şəxs X6 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 98 saylı evin çıxarışından çıxarılması barədə düzəlişin edilməsi və onun adında 1/3 pay kimi yazılmış hissənin də onun payına əlavə edilərək, ona yeni çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətinə cavab vermişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və üçüncü şəxs X3 ailə üzvləri kateqoriyasına daxil olmayan (X5) iddiaçıya və üçüncü şəxsə paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 98 saylı evə hər hansı hüququ və aidiyyəti olmadığından onun adının iddiaçıya və üçüncü şəxsə məxsus çıxarışdan çıxarılması barədə düzəlişin edilməsi və həmin çıxarışda iddiaçının və üçüncü şəxsin adına 1/3 pay kimi yazılmış hissələrin, 1/2 pay kimi dəyişdirilərək yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 98 saylı ev onun paylı mülkiyyətindədir. Ona verilən Çıxarışa necə olubsa, o vaxt X5 da adı salınmış və əmlakın 1/3 hissəsinə onun da payı göstərilmişdir. Həmin şəxsi tanımır. Həmin şəxslə onların hər hansı qohumluq və sair əlaqələri yoxdur. Yuxarıda göstərilən ünvanda yerləşən ev onun baba mülküdür. Babasından onlara vərəsəlik qaydasında keçmiş, nəticədə onun adna rəsmiləşdirilmişdir. Həmin evdə həmişə valideynləri digər ailə üzvləri ilə birlikdə yaşamışlar, onların vəfatından sonra isə hazırda o, yaşamaqdadır. Həmin xanım heç vaxt həmin evdə yaşamamış, onun həmin evə hər hansı aidiyyəti yoxdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi ilkin olaraq X5 və digərlərinin adına paylı olaraq qeydiyyatdan keçmişdir. Hazırda fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X8, X11 və İddiaçı məxsusdur. Qeyd olunan 1/3 hissə üzərində iddiaçının hüquqlarının qeydiyyata alınması üçün X11 ilə iddiaçı arasında əlaqələndirici sənəd (alqısatqı müqaviləsi, bağışlama müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) təqdim edilməmişdir. Belə ki, müvafiq sənədlərdən birinin təqdim edilməsi məqsədəmüvafiqdir və təqdim ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 əvvəlki məhkəmə iclaslarında izahatında onların çıxarışından X5 adının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 98 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,01143 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X8 və X5 hər birinin 1/3 hissədə paylı mülkiyyətindədir. İddiaçının hazırkı tələbinin əsasını çıxarışda düzəlişin edilərək X5 adının çıxarışdan çıxarılması və həmin çıxarışda iddiaçının və üçüncü şəxs X2 adına 1/3 pay kimi yazılmış hissələrin, 1/2 pay kimi dəyişdirilərək yeni çıxarışın verilməsi təşkil edir. Cavabdeh göstərilən qaydada dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edir və imtinaya əsas kimi 1/3 hissə üzərində iddiaçının hüquqlarının qeydiyyata alınması üçün X11 ilə iddiaçı arasında əlaqələndirici sənəd (alqı-satqı müqaviləsi, bağışlama müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) təqdim edilmədiyinə istinad edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə sorğusu əsasında sözügedən evə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 16 yanvar 1943-cü ildə vəfat etmiş X7 vərəsələri X14 və X1 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Qeyd vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. 1 aprel 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən X1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61,4 kv/m, yaşayış sahəsi 47,9 kv.m, yardımçı sahəsi 13,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü tarixli məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X11 haqqında hər hansı məlumat aşkar olunmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 iyun 2024-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanda dörd mənzil mövcuddur. X11 və onun vərəsələri haqqında inzibati ərazi dairəsində məlumat yoxdur. Faktiki yaşayanlar: X14 - xx.xx.1957-ci il təvəllüdlü, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü, X9 - xx.xx.1961-ci il təvəllüdlü, X13 - xx.xx.1983-cü il təvəllüdlü, Qeydiyyatda olanlar: X8 - xx.xx.1970-ci il təvəllüdlü, X18 - xx.xx.1959-cu il təvəllüdlü, X15 - xx.xx.1961-ci il təvəllüdlü, X12 - xx.xx.1988-ci il təvəllüdlü, X16 - xx.xx.1989-cu il təvəllüdlü. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, fərdi yaşayış evinin X5 adına qeydiyyata alınmasına dair sənədlər arxiv qovluğunda aşkar edilməmişdir. İşin hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinin payçılarından X5 adına qeydiyyata alınmasına dair arxiv qovluğunda hər hansı bir sənəd yoxdur. Məhkəmə araşdırması zamanı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə X11 haqqında hər hansı məlumat aşkar olunmamışdır. Göründüyü kimi, iş materiallarına əsaəsn ümumiyyətlə belə bir şəxsin olması, o cümlədən mübahisə predmeti olan daşınmaz əmlaka paylı mülkiyyət kimi reyestr qeydinin aparılmasının əsasları müəyyən edilmir. Belə olan halda, cavabdeh iddiaçının həmin şəxsə dair əlaqəli sənədlər tələb etməsi barədə mövqeyinin əsası yoxdur. Bundan başqa Mülki Məcəllənin sadalanan normalarından göründüyü kimi, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mübahisə predmeti olan əmlakın digər paylı mülkiyyətçiləri iddiaçı və üçüncü şəxs Yeganə Məmmədova, həm əmlaka dair müstəqil sərəncam verə bilmirlər. Həmçinin heç bir sənədi və əsası olmadığı halda mübahisəli fərdi yaşayış evinə dair X5 adına qeydiyyat aparılması nəticəsində, iddiaçı və Y.Məmmədovın onlara düşən paylarının azalmasına səbəb olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı və üçüncü şəxs X3 ailə üzvləri kateqoriyasına daxil olmayan, X5 iddiaçıya və üçüncü şəxsə paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 98 saylı evə hər hansı hüququ və aidiyyəti olmadığından onun adının iddiaçıya və üçüncü şəxsə məxsus çıxarışdan çıxarılması barədə düzəlişin edilməsi və həmin çıxarışda iddiaçının və üçüncü şəxsin adına 1/3 pay kimi yazılmış hissələrin, 1/2 pay kimi dəyişdirilərək yeni çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7850/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7850/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver