Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7851/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə 26 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı 1-ci qrup əlil kimi mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Ağdam rayonu ərazisində hərbi xidmətdə olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən güllə yarası almışdır, hazırda 1-ci qrup əlildir. Dövlətimiz bir neçə dəfə onu müalicə olunmaq üçün Türkiyə Respublikasına göndərmiş, buna baxmayaraq hələ də müayinə və müalicələri davam edir. Ailə üzvləri ilə birilikdə Lerik rayonunun Lərmərud kəndində yaşamışdır. Həmin ev 09 iyul 1998-ci il tarixdə Lerik rayonu ərazisində baş vermiş təbii fəlakət-zəlzələ, sonradan isə torpaq sürüşməsi nəticəsində qəzalı və istifadəyə yararsız vəziyyətə düşmüş həmin evi bərpa etməyə maddi imkanı olmamışdır. Bu səbəbdən 2005ci ildən bu günə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşayır. Yaşamaq üçün ev şəraitinin olmamasını nəzərə alaraq bir neçə dəfə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciəti təmin olunamamış, nəticədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 704/2021 saylı qərarı ilə iddia təmin edilmiş, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı 1-ci qrup əlil kimi mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı, hərbi xidmət vəzifəsini yerinə yetirərkən 1-ci qrup əlil kimi güzəştli mənzil siyahısına daxil edilməyi barədə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısısının 03 dekabr 2021-ci il tarixli, 403 saylı sərəncamı verilmişdir. Sonradan icra hakimiyyətində ona bildirilmişdir ki, hazırda onların mənzil fondunda boş mənzil yoxdur və ona mənzil verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə müraciət etməlidir. Mənzil ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Sosial Xidmətlər Agentliyi 17 iyun 2022-ci il tarixli məktubu ilə mənzil verilməsindən imtina etmişdir. Cavabdehin imtinası Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7594/2024 saylı xx.xx.2024cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Hesab edir ki, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin mənzillə təmin olunmağından imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısısının xx.xx.2021-ci il tarixli, 403 nömrəli sərəncamından görünür ki, İddiaçı 3 nəfər (özü, anası, qardaşı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və hərbi xidmət vəzifəsini yerinə yetirərkən 1-ci qrup əlil kimi güzəştli mənzil siyahısına daxil edilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı güzəştli mənzil növbəsində 25-siniz. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında həyata keçirildiyindən siyahı üzrə mənzil növbəsində olan hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin bugünədək mənzil təminatı həyata keçirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. ... Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.6. Sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. 56.9. Bu Məcəllənin 56.8-ci maddəsində göstərilən hallarda yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materiallarından müəyyən olunur ki, iddiaçı 3 nəfər (özü, anası, qardaşı) hərbi xidmət vəzifəsini yerinə yetirərkən 1-ci qrup əlil kimi güzəştli mənzil növbəsində hesab edilərək müvafiq siyahıya daxil edilmişdir. İddianın predmeti onun mənzillə təmin olunması ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzillə təmin edilmə müəyyən zaman çərçivəsində baş verən prosesdir və qüvvədə olan qanunvericilik normalarına görə, şəxs əvvəlcə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalı, bundan sonra cavabdeh orqan tərəfindən mənzillə təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli, həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamları ilə əhatə olunan imtiyazlı kateqoriyalara aid edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi yaşayış evi ilə təmin olunurlar. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan şəxslərin dairəsinə aid edilmədiyindən onun adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilən mənzillə təmin edilməli şəxslərin siyahında yer almamışdır. Cavabdeh tərəfindən qeyd edilmişdir ki, iddiaçı hazırda siyahı üzrə 25-cidir. Hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin bugünədək mənzil təminatı həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. İddiaçı növbədənkənar mənzillə təmin olunmalı şəxs hesab edilmədiyindən o, siyahı üzrə növbəsi çatdığı zaman mənzillə təmin olunmalıdır. İşdən də göründüyü kimi, iddiaçıdan əvvəl növbədə olan şəxslər mənzillə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7851/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7851/2025
26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver