Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7853/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olmasa barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 nömrəli, 08 oktyabr 1997-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan ümumi sahə 583 nömrəli sahəsinin X1 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan olan torpaq sahəsi mərhum X1 ayrılmışdır. İddiaçı sərəncam əsasında iddia olunan torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 1997-ci il tarixli, 10 №-li qərarından çıxarışdan görünür ki, sahəsi 0,12 ha olan 583 nömrəli torpaq sahəsi X1 ayrılmışdır. Torpaq sahəsinin sxemindən görünür ki, Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində yerləşən sahəsi 0,12 ha olan 583 nömrəli torpaq sahəsinin yeri müəyyən olunmuşdur. Həmin yerləşmə sxemi Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim edilən xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən və Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin qərarı əsasında ayrılan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışların surətindən görünür ki: -ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüquqları; -ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları; -ünvan 3 ünvanında yerləşən 0,1185 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən aşağıdaki halı əsas gətirmişdir: - xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməməsidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, iddiaçının mərhum anasının mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum X1 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi xx.xx.1997-ci il tarixli 10 nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmə göstərilmişdir. Məhkəmə cavabdehin istinad etdiyi imtina əsası ilə razılaşmır. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 1997-ci il tarixli, 10 №-li qərarından çıxarışdan görünür ki, sahəsi 0,12 ha olan 583 nömrəli torpaq sahəsi X1 ayrılmışdır. Həmin qərarın hüquqi qüvvəsi ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçının mərhum anasına torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Buna baxmayaraq, cavabdeh torpaq sahəsinin ayrılması barədə qərarın hal-hazırda qüvvədə olduğunu nəzərə almadan yalnız formal əsaslara dayanaq onun müraciətinin təminindən imtina etmişdir. Belə ki, cavabdeh bu qənaətə gələrkən iddiaçının mərhum anasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində nəzərdə tutulan sənədlərə malik olmadığını əsas gətirmişdir. Cavabdehin imtina dəlili ilə razılaşmayan məhkəmə bildirir ki, cavabdeh iddiaçının müraciətindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə (yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar) əsasən imtina etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçının mərhum anasına ayrılmış torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 1997-ci il tarixli, 10 №-li qərarı ilə ayrılmışdır ki, həmin qərarın özünün verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarıdır. Bundan başqa Məhkəmə onu da diqqətə çatdırır ki, ümumiyyətlə Sabunçu Rayon İcra Hakimiyyəti torpaq sahəsinə dair yerləşmə cizgisini təsdiq edərək torpaq sahəsinin ayrılmasına dair qərarın mötəbərliyini qəbul etmiş və həmin torpaq sahəsinin ayrılması istiqamətdə öz iradə ifadəsini nümayiş etdirmişdir. Beləliklə Məhkəmə hesab edir ki, yerli icra hakimiyyəti yerləşmə cizgisini təsdiq edərək qərarın əsaslı hesab edərək torpaq sahəsinə dair sxem verilmişdir ki, həmin səbəbdən yerli icra hakimiyyəti orqanının iradə ifadəsinin digər göstəricisi ola biləcək sərəncamına istinad edilməsi formal qiymətləndirilməli, hər bir halda torpaq sahəsinin ayrılmasına yerli icra hakimiyyətinin məqsədəuyğunluqla bağlı mövqeyi əsas götürülməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin sorğusu əsasında cavabdeh orqandan alınmış və iş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, iddiaçı ilə qonşuluqda yerləşən və eyni hüquq müəyyənedici sənədləri olan şəxlərin torpaq sahələri üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsindən imtina iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırkı halda isə cavabdeh orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməmiş, iddiaçıya münasibətdə fərqli münasibət bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Sabunçu Rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 nömrəli, 08 oktyabr 1997-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində sahəsi 1200 kv.m olan ümumi sahə 583 nömrəli sahəsinin X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov