Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7874/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil, üçüncü şəxs X11 nümayəndəsi-vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X16 cəlb olunmaqla) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D, kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarxidə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə 1992-ci ildə Dağlıq Qarabağda gedən müharibə nəticəsində Laçın rayonu Fingə kəndindən məcburi köçkün düşmüş və Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, X20 küçəsində yerləşən yarımçıq tikilidə məskunlaşmışdır. Həmin ünvanda yerləşən yarımçıq tikili bir tərəfdən “Gilavar” sanatoriyası, bir tərəfdən yol, qarşı tərəfdən isə həmin sanatoriyaya və “Yodprom”a məxsus qazanxana binası ilə əhatə olunmuşdur. Məskunlaşdıqları yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi qazanxanaya məxsus daş hasarla əhatə olunmuşdur. Sonradan isə ailənin böyüklüyünü nəzərə alaraq həmin sahədə əlavə fərdi yaşayış evi inşa etmişlər. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, məskunlaşdıqları torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D, kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarixdə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Bundan sonra həmin şəxs torpaq sahəsini 16 yanvar 2004cü il tarixdə reyestrdə 4Ə/01-12 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X1. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra həmin torpaq sahəsinə təkrar keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X4 adına JN-10663D, kod 00500066 seriyalı, 03 fevral 2004-cü il tarixdə qeydiyyat kitabında 9409 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 14 noyabr 2008-ci il tarixdə reyestrdə 4Ə/01-12 nömrə ilə qeydə alınmış AN- İ № ******* alqı-satqı müqaviləsinə əsasən vətəndaş X7 həmin torpaq sahəsini vətəndaş X3. Qeyd edilir ki, məskunlaşdıqları vaxtdan həmin əraziyə nə sənədlər hazırlanarkən, nə də ki, vətəndaşlar arasında torpaq sahəsinə dair alqı-satqılar aparılarkən kimsə gəlməmiş, torpaq sahəsinin və ya onun üzərində olan yarımçıq tikilinin onlara məxsus olduğunu bildirməmişdirlər. Vətəndaşlar arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 14 noyabr 2008-ci il tarixdə bağlansa da, X16 həmin torpaq sahəsinə on bir ildən sonra, yəni 10 aprel 2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarış və torpaq sahəsinini planı və ölçüsü sənədi almışdır. Bundan sonra o, 2022-ci il tarixdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan şəxslərə qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Sabunçu Rayonu XDS İcraiyyə Komitəsinin (keçmiş Lenin rayonu) 16 avqust 1991-ci il tarixli 15/61 saylı qərarı ilə X8 fərdi yaşayış evi tikintisi üçün Pirşağı qəsəbəsində sahəsi 0,12 ha olan torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq təsdiq olunmuşdur. Həmin sxemə nəzər saldıqda ayrılmış torpaq sahəsinin ölçülərinin 30 metr x 40 metr ölçüdə olduğu, dəmir yolundan 220 metr aralıda yerləşməklə, bir tərəfdən bostan sahəsi ilə, qarşı tərəfdən isə fərdi yaşayış evləri ilə əhatə olunduğu görünür. Lakin iddiaçının məcburi köçkün kimi məşkunlaşdığı mübahisəli torpaq sahəsinin 220 metr yaxınlığından nə indi, nə də əvvəllər dəmir yolu xətti keçməmiş, qonşuluğunda bostan sahəsi və fərdi evlər olmamışdır. X11 uzun müddət ərzində mübahisəli əraziyə gəlməməsi və məhkəməyə təqdim etdiyi görüntülərdə torpaq sahəsinin boş olması onu göstərir ki, hazırkı torpaq sahəsi ona satılmış torpaq sahəsi olmamış, çıxarış sonradan hansısa səbəbə görə iddiaçının istifadəsində olan əraziyə işlənmişdir. Hazırda mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə dair bütün kommunal xidmət müqavilələri iddiaçının ailə üzvü kimi oğlu Elman Mütəllibovla bağlanmışdır. Faktiki istifadələrində olan torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarixdə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi üçün cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişəm. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müraciətimin müsbət həllindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən vətəndaş X6 adına JN-10130D kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarixdə qeydiyyat kitabında 8961 nömrə ilə qeydiyyata alınmaqla “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və onun hüquqi nəticələri məhkəmə qaydasında ləğv edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq X2 torpaq sahəsi ayrılarkən ayrılması nəzərdə tutulmuş sahənin tərpənməz nöqtəyə bağlılığı göstərilməklə sxemi tərtib olunmuş, bundan sonra həmin torpaq sahəsinin ayrılması barədə Sabunçu Rayonu XDS İcraiyyə Komitəsinin (keçmiş Lenin rayonu) 16 avqust 1991-ci il tarixli 15/61 saylı qərarı qəbul edilmişdir. X2 ayrılmış torpaq sahəsinə dair JN-10130D kod 00600036 seriyalı şəhadətnamə də məhz həmin sxemdə qeyd olunan torpaq sahəsinə uyğun tərtib olunmalı idi. Göründüyü kimi həmin şəhadətnamə ilkin sxemə uyğun tərtib olunmamış, dövlət mülkiyyətində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üzərinə işlənmişdir. Göstərilənlərə əsasən, tələbin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 və X16 üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi Bakı şəhər 39 saylı notariat kontorunun təsdiq etdiyi 4Ə/2-185 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17- ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikrini dinləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı və onun ailəsi mübahisəli sahədə məcburi köçkün kimi məskunlaşmışlar. Həmin sahə onların faktiki istifadəsindədir və həmin ünvanda qeydiyyatdadırlar. İddiaçıya və onun ailə üzvlərinə qeyd olunan torpaq sahəsinin ayrılması barədə heç bir sənədləri yoxdur. İddianın mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaçının hazırkı tələbi ilə sürmək üçün subyektiv hüquqa malik olmadığını bildirərək iddianın qeyrimümkün sayılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, iş üzrə üçüncü şəxs X8 Sabunçu (Lenin) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 15/61 saylı qərarı əsasında Pirşağı qəsəbəsindən 0,12 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan qərarın əsasında ləğv edilmiş Dövlət Torpaq və Xərtitəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair M.Əminovun adına JN-10130D, kod 00600036 seriyalı, 30 dekabr 2003-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Sözügedən sahə hazırda X11 mülkiyyətindədir. İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşmış şəxsdir. İddiaçıya həmin ərazidə torpaq sahəsi ayrılmaması işin mübahisəsiz halıdır. İddiaçının sözügedən torpaq sahəsinə və orada inşa edilmiş tikilidə qeydiyyatsız yaşadığı evə dair hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Hazırda iddiaçı özünün uzun müddətdir istifadəsində olduğu sahəyə dair Məmmədbəy Əminovun adına verilmiş ilkin qeydiyyat sənədinin- torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini xahiş edir. Lakin iddiaçı cavabdehə və üçüncü şəxsə qarşı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. İddiaçı mübahisələndirilən şəhadətnamədəki plan-ölçünün onun faktiki yaşadığı evin ərazisini əhatə etməsi faktından çıxış edərək məhkəmə qaydasında ləğvini tələb edir ki, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Belə olan halda məhkəmənin qənaətinə görə, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya müvafiq şəhadətnamənin verilməsi üçün əsas olmuş qərarın (Sabunçu (Lenin) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 15/61 saylı qərarına əsasən X6 adına verilmiş) mübahisələndirilməsinə dair hüquqi yardımın göstərilməsi də iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7874/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7874/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver