Məhkəmə qərarları › İş №e-2-1(112)-7878/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7878/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7878/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması) 01 avqust 1973-cü ildən başlayaraq 01 yanvar 2006-cı ilədək olan 32 il 5 ay müddətinin sığorta stajına daxil edilməsi, buna uyğun olaraq pensiya məbləğinin yenidən hesablanılması barədə qərar qəbul edilməsi və məhkəmə qərarının icra etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X4 göndərilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 09 mart 2021-ci il tarixdən iddiaçının yaşa görə pensiya hüququ yaranmış, bununla əlaqədar 12 mart 2021-ci il tarixdə müraciətinə müəyyən olunmuş qaydada əlavə edilən əmək kitabçasını, hərbi bileti, ali təhsil haqqında sənədi cavabdehə təqdim etmiş, cavabdehin 29 aprel 2021 tarixli № **********8 cavab məktubunda ona əmək kitabçasında qeyd edilmiş 12.05.1992-ci il tarixindən 20.09.1995-ci il tarixinədək olan “Zilavtotexxidmət”dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yarandıgı bildirilmişdir. Tərəfindən təqdim olunan və əmək stajını təsdiq edən sənədləri təkzib edə bilən heç bir dəlilin əldə edilməməsinə baxmayaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sənədlərin daxil olmamasına dair aktı əsas götürərək, cavabdeh orqan əmək kitabçasında qeyd olunan 12 may 1992-ci il - 20 sentyabr 1995-ci il, üç il dörd ay (digər məktubda bu müddət 07.01.1993-cü il-29.09.1995ci il kimi göstərilmişdir) müddətində iş fəaliyyətinin sığorta stajına əlavə edilməsini mümkünsüz hesab etmiş, hansısa konkret qanunvericilik aktına istinad etməmişdir. Cavabdehin əsassız hərəkətləri nəticəsində iddiaçının sığorta stajından 3 il 5 ay kəsilərək pensiya kapitalının məbləği süni surətdə azaldılmış və iddiaçının aylıq pensiya məbləği müvafiq olaraq az hesablanmışdır (ilkin qiymətləndirməyə görə 18-20 manat fərq). “Zilavtotexxidmət” Texniki-Kommersiya Mərkəzi 1992-ci ilin əvvəllərində Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin qərarı ilə yaradılmış, bir-neçə ay sonra “Azərbaycan Respublikası Zilavtotexxidmət X3 təşkil olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 1992-ci il tarixli 579 nömrəli Qərarı ilə Nazirliyin tərkibindən çıxarılaraq, müstəqil fəaliyyətini davam etdirmişdir. İddiaçının həmin müəssisəyə 1993-cü il yanvarın 7-dən etibarən Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyindən köçürmə yolu ilə işə qəbul olunması haqqında hər iki təşkilatın kadrlar şöbələri tərəfindən əmək kitabçasının 20-ci və 40-cı səhifələrində müvafiq yazılar edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı 12 mart 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 12.05.1992-ci il tarixdən 20.09.1995-ci il tarixədək İddiaçı işlədiyini iddia etdiyi “Zil Avtotexxidmət” X3 sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi səbəbindən həmin illərin sosial sığorta stajına daxil edilərək yaşa görə pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 12.05.1992-ci il tarixdən 20.09.1995-ci il tarixədək “Zil Avtotexxidmət” X2 işlədiyini iddia edir. Məsələnin obyektiv araşdırılması üçün Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli arxiv idarəsinin 14.04.2021-ci il tarixli cavab məktubunda “Zil Avtotexxidmət” X3 arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Müraciətə verilən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 22.10.2021-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Zil Avtotexxidmət” X5 19.06.1996-cı il tarixində qeydiyyatdan keçmişdir. İddiaçı isə “Zil Avtotexxidmət” X2 07.01.1993-cü ildən işlədiyini iddia edir. Yuxarıda qeyd edilən səbəblərdən dolayı qeyd olunan illər İddiaçı sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izhat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısınının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 31.03.2021-ci il tarixli məktubu ilə iddiaçıya cavab olaraq bildirilmişdir ki, “daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz 31.06.1978-ci il tarixli əmək kitabçanızda qeyd edilmiş 12.05.1992-ci il tarixindən 20.09.1995-ci il tarixinədək olan “Zilavtotexnikixidmət”-dəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər”. - Cavabdehin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş 12.03.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə de müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan maddənin tələblərinə əsasən sizə 09.03.2021-ci il tarixində 260,91 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz 31.06.1978-ci il tarixli l/İT-l № ******* saylı əmək kitabçanıza, P-l № 027817 nömrəli diplomunuzun surətinə və BY № 073024 nömrəli hərbi biletinizin surətinə əsasən 01.01.2006-cı il tarixinədək 29 il 1 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 9.320,84 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyanızın məbləği 260,91 manatdan 282,90 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14.04.2021-ci il tarixli № 4/776 nömrəli aktına əsasən 07.01.1993-cü il tarixindən 29.09.1995-ci il tarixinədək olan “Zil Avtotexxidmet” X3 arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmədiyi üçün sözügedən dövrün sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, cavabdehin 27.05.2021-ci il tarixli **********8 saylı qərarı ilə iddiaçıya 09.03.2021-ci il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmiş, yenidən hesablanmış pensiya məbləği 282.90 qəpik müəyyən edilmişdir. Qeyd: pensiya təyin edilərkən 07.01.1993-29.09.1995-ci illərdəki dövr yerində araşdırma mümkün olmadıgı üçün iddiaçının ümumi sığorta stajına daxil edilməmişdir. - İddiaçıya məxsus 31.07.1978-ci il tarixdə doldurulmuş ИT-l № ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 07.01.1993-cü ildən (Əmr 15/k 08.01.1993) 29.09.1995ci ilədək (Əmr 54/k 29.09.1995) “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir, qeyd imza və möhürlə təsdiq edilmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 06 dekabr 2021-ci il tarixli **********606800 saylı məktubundan görünür ki, “Zilavtotexxidmət” Respublika X5 14.05.1993-cü ildə dovlət qeydiyyatına alınmış, hazırki dövrədək isə inventarlaşdırmadan keçmək yə yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, “Zilavtotexxidmət” Respublika X3 təşkilatıhüquqi formasını dəyişməsi, ləğv olunması və hüquqi varisinin olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 noyabr 2021-ci il tarixli 01/3-2775 saylı məktubundan görünür ki, “Zilavtotexxidmət” Respublika X5 (VÖEN:1********) 19 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Qanununun maddələri: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin sözügedən tələblərini pozmuşdur. Hazırki işə tətbiq edilməli olan hüquq normaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun aşagıdakı maddələrindən ibarətdir: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (...) 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1. sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası DSMF-nin 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29.08.2013-cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmənin gəldiyi nəticəyə görə, pensiyaçılara əmək pensiyasının düzgün hesablanmaması onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövr cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən onun ümumi stajına daxil edilməli idi. Belə ki, cavabdeh həmin dövrün iddiaçının sosial sığorta stajına hesablanmamasını onunla əsaslandırmaga çalışmışdır ki, “Zilavtotexxidmət” X3 arxiv sənədlərinin tapılmamış, statistik məlumatlara əsasən 19.06.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Halbuki, məhkəmə araşdırması zamanı həmin müəssisənin 14.05.1993-cü il tarixdə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən inzibati icraat qaydasında kifayət qədər ətraflı araşdırma aparılmamış, formal olaraq iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə iş hesab edir ki, cavabdehin iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 07.01.1993-cü il tarixdən 29.09.1995-ci il tarixədək “Zilavtotexxidmət” X2 plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək, təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar