Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-788/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 53 kv.metr sahənin icarəyə verilməsi ilə bağlı iddiaçının şəxsi hesab vərəqəsinə hesablanmış vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə (bundan sonra - cavabdeh) əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 53 kv m sahənin illik icarə haqqı məbləği 440,96 manat olmaqla iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 49 il müddətinə xx.xx.2017-ci il tarixli, 1330 saylı icarə müqaviləsi əsasında Bakı şəhəri İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici nümayəndəliklərə Xidmət Göstərən Müdriyyət İnterservis tərəfindən təqdim edilmiş məlumat əsasında iddiaçıya vergi borcu hesablanmışdır. İddiaçının müraciətə cavab olaraq cavabdeh bildirmişdir ki, şəxsi vərəqədə dövlət torpaq sahəsinin icarəsi üzrə hesablanmış vergi borcunun azalması Bakı şəhəri İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət göstərən Müdriyyət İnterservis tərəfindən müqavilənin ləğv olunmasına dair təqdim edilmiş məlumat əsasında mümkünlüyü qeyd olunmuşdur. Bu səbəbdən də müqavilənin ləğv olunması üçün İnterservisə müraciət olunması tövsiyyə olunaraq, yalnız İnterservis tərəfindən müqavilə ləğv olunduqdan sonra şəxsi hesab vərəqəsində düzəlişlərin mümkünlüyü bildirilmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 114 saylı Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyəti başçısının 263 saylı, xx.xx.2017-ci il tarixli, ünvan 1 ünvanında yerləşən 53 kv m sahənin iddiaçıya verilməsinə dair Sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Həmin Sərəncamın Ərazi Vergilər Departamentinə göndərilməsi qeyd edilmişdir. Bu səbəbdən də iddiaçının şəxsi vərəqəsində ünvan 1 ünvanında yerləşən 53 kv m sahəsinin icarəyə verilməsinə görə hesablanmış vergi borcu tamamilə əsassızdır və bunun üçün İnterservislə icarə müqaviləsinin ləğv olunmasının tələb olunması barədə İnterservisdən məlumatın təqdim olunmasının hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə hesablamalar ünvan 2 ünvanında yerləşən 53,00 kv.m sahənin illik icarə haqqı məbləği 440,96 manat olmaqla iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında 49 il müddətinə xx.xx.2017-ci il tarixli, 1330 saylı icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. Şəxsi hesab vərəqəsində dövlət torpaq sahələrinin icarəsi üzrə azalmalar Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən müqavilələrin ləğv (dəyişiklik) edilməsinə dair təqdim edilmiş məlumat əsasında aparılır. Göstərilənlərə əsasən, müqavilənin ləğv edilməsi ilə əlaqədar Müdiriyyət “İnterservis”ə müraciət olunması iddiaçıya tövsiyə olunsa da, iddiaçı tərəfindən müqavilənin ləğvi və əlaqədar sübutlar cavabdehə təqdim olunmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, vaxtilə iddiaçıya icarəyə verilmiş sahə digər sərəncamla başqa şəxsə verilmişdir. Beləliklə, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqavilə də qüvvəsini itirmişdir. İddiaçı artıq həmin torpaq sahsəinin icarəçisi deyildir. Belə olan halda iddiaçıya həmin sahəyə görə icarə haqqı hesablanması əsassızdır. Qeyd edilənlərə əsasən nümçayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin qüvvədən düşməsi heç bir sübutla təsdiq edilmir. Bu səbəbdən iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində dövlət torpaq sahələrinin icarəsi üzrə müvafiq hesablamalar və hesablanmış məbləğlər üzrə müvafiq düzəlişlərin aparılması Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılır. İddiaçının şəxsi hesab vərəqəsində torpaq sahələrinin icarəsi üzrə olan hesablamalar Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis"in xx.xx.2017-ci il tarixli məktubu ilə təqdim edilmiş məlumat əsasında, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında ünvan 2nda yerləşən 53 m2 torpaq sahəsinin illik icarə haqqı məbləği 440,96 manat olmaqla xx.xx.2017-ci il tarixli (hesablama xx.xx.2017-ci il tarixindən başlamaqla) 1330 nömrəli müqavilə əsasında aparılmışdır. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 53 kv.metr torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 263 nömrəli sərəncamına əsasən ünvan 1nda yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 114 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 saylı yaşayış binasının yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyekti X1 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 2-ci bəndində göstərilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının 263 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmətə Göstərən Müdriyyət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə X3 arasında torpaq icarə müqaviləsi bağlanmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1330 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəyəverən icarə əsasında sahəsi 53 kv.m olan torpaq sahəsi iddiaçıya 49 il müddətinə istifadəsinə verilmişdir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 15 iyul 2021-ci il tarixli, 618 nömrəli müqaviləyə əsasən X7 Xidməti icarəyə verdiyi ünvan 3 ünvanındaki qeyri-yaşayış binasının yerləşdiyi 93,9 kv.m olan torpaq sahəsini icarəçi X3 tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəsinə qəbul edilir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində dövlət torpaq sahələrinin icarəsi üzrə müvafiq hesablamalar və hesablanmış məbləğlər üzrə müvafiq düzəlişlərin aparılması Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılır. Belə ki, vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsində torpaq sahələrinin icarəsi üzrə olan hesablamalar Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis"in xx.xx.2017-ci il tarixli məktubu ilə təqdim edilmiş məlumat əsasında, İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında ünvan 2nda yerləşən 53,0 m² torpaq sahəsinin illik icarə haqqı məbləği 440,96 manat olmaqla xx.xx.2017-ci il tarixli (hesablama xx.xx.2017-ci il tarixindən başlamaqla) 1330 nömrəli müqavilə əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Cari tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 2866,93 manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində şəxsi hesab vərəqəsində göstərilmiş vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. 124.2. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. Məhkəmə diqqətə çatdırır ki, vergi borcunun düzgün hesablanmadığını sübut etmək öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda müvafiq tərəflərin üzərinə düşür. Belə ki, vergi ödəyicisinin apardığı hesablamaların səhvliyini sübut etmək vergi orqanının, əks halda, vergi orqanının hesablamalarının əsassız olduğunu sübut etmək isə vergi ödəyicisinin vəzifəsidir. Vergi qanunvericiliyinə əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, həmin gəlirə görə vergi öhdəliyi ödəmə mənbəyində, yəni icarəyə götürən tərəfindən 14 faiz dərəcə ilə yerinə yetirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9.-cu bəndindəı “dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrindən biri kimi göstərilmişdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 53 kv.metr torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 263 nömrəli sərəncamına əsasən ünvan 1nda yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir.Sonradan Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 114 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 saylı yaşayış binasının yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyektinin X1 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamla 263 saylı, xx.xx.2017-ci il tarixli sərəncamın qüvvədən düşmüş hesab edilmişdir. Dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək vəzifəsi cavabdehə aid olduğundan cavabdeh iddiaçının xx.xx.2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən yaranan icarə haqqı öhdəliklərini onun şəxsi hesab vərəqəsinə daxil etmişdir. İddiaçı iddia edir ki, onun barəsində hesablanmış vergi borcu əsassızdır və buna görə də həmin məbləğ silinməlidir. O, bu nəticəyə gələrkən əsaslanır ki, əvvəllər onunla Bakı Şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyəti arasında bağlanmış icarə münasibətləri mövcud olmuş, bu münasibətlər çərçivəsində ünvan 2nda yerləşən 53 m² torpaq sahəsi 49 il müddətinə ona icarəyə verilmiş və illik icarə haqqı 440,96 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçının mövqeyinə görə, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 263 saylı sərəncamı (qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi) hüquqi qüvvəsini itirdiyindən, həmin torpaq sahəsi üzrə iddiaçının hüquqlarına da xitam verilmişdir. Bundan irəli gələrək, iddiaçı bildirir ki, o, torpaq sahəsi üzrə ödəniş etməmiş, faktiki istifadə və sahiblik həyata keçirməmiş, torpaq sahəsi hazırda digər şəxsin adındadır və buna görə də vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində həmin torpaq sahəsinə görə hesablanmış vergi borcu əsassızdır. Cavabdeh isə əks mövqedə dayanaraq bildirir ki, iddiaçı ilə yuxarıda göstərilən idarə arasında bağlanmış icarə müqaviləsi bu günə qədər qüvvədədir, yəni onun ləğv edilməsi və ya ona xitam verilməsi barədə sənəd təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh hesab edir ki, vergi öhdəliyinin müəyyən edilməsi və tətbiqi qanuni və əsaslı olmuşdur. Məhkəmə bu mübahisə üzrə hüquqi qiymətləndirmə apararaq belə qənaətə gəlir ki, iddianın mahiyyəti üzrə əsaslı olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı qanunvericiliyin müddəalarının təhlili zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (405.1.). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (423.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.2.). Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (424.2.). Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır (424.3.). İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir (704.1.). Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1.). Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir (710.1.). Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir (719.1.). İcarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir (719.4.). Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəyə səbəb olan hüquqi münasibət əmlak kirayəsi, yəni icarə müqaviləsi çərçivəsində formalaşmışdır. Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, icarə müqaviləsi – əmlakın müvəqqəti istifadəyə və ya istifadə ilə yanaşı onun bəhərindən istifadə və gəlir götürmə hüququ ilə birlikdə digər şəxsə verilməsi barədə bağlanmış mülki-hüquqi razılaşmadır. Bu müqaviləyə görə, icarəçi (kirayəçi) icarəyə götürdüyü əmlakdan istifadə etməklə yanaşı, onun verdiyi faydaları da (məsələn, gəlir) əldə edə bilər. Bunun müqabilində isə icarəyə verənə (kirayə verənə) müəyyən edilmiş icarə haqqı ödəmək öhdəliyi daşıyır. Bu hüquqi əsaslar kontekstində, iddiaçının cavabdehin vergi tələbinin əsassızlığı ilə bağlı irəli sürdüyü arqumentlərin hüquqi baxımdan yetərli olmadığı qənaətinə gəlinmişdir. İddiaçı iddia tələbinin hüquqi əsasını, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 263 saylı sərəncamının hüquqi qüvvəsini itirməsi ilə əlaqələndirmişdir. Lakin bu sərəncam, birbaşa torpaq sahəsinin icarəyə verilməsi məsələsini deyil, həmin ərazidə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi məsələsini tənzimləyən inzibati akt olmuşdur. Sərəncamın hüquqi qüvvəsini itirməsi isə avtomatik olaraq torpaq sahəsinin icarə münasibətlərinə xitam verilməsi ilə eyniləşdirilə bilməz. Əksinə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyəti “İnterservis” arasında bağlanmış uzunmüddətli icarə müqaviləsi bu günə qədər hüquqi qüvvəsini saxlayır. Həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə hər hansı hüquqi əsas, notarial təsdiqli sənəd və ya məhkəmə qərarı təqdim edilməmişdir. Hüquq münasibətlərinə xitam yalnız qarşılıqlı razılaşma, müqavilə şərtlərində nəzərdə tutulmuş halların baş verməsi və ya qanunla müəyyən edilmiş əsaslarla mümkündür. Bundan əlavə, torpaq sahəsinin hazırkı vəziyyəti ilə bağlı araşdırmalar nəticəsində məlum olmuşdur ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 114 saylı sərəncamı ilə sözügedən ünvanda yerləşən qeyri-yaşayış obyektinin X1 adına sənədləşdirilməsi qərara alınmışdır. Lakin bu şəxslə “İnterservis” arasında hüquqi münasibətlərin formalaşmadığı da aidiyyəti sənədlərlə təsdiqini tapmışdır. Adıçəkilən şəxs ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış müqavilə isə verdiyi ünvan 3 ünvanındaki qeyri-yaşayış binasının yerləşdiyi 93,9 kv.m olan torpaq sahəsi ilə bağlı olmuşdur ki, torpaq sahələrinin yerləşdiyi ünvan rekvizitləri fərqli olmuşdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı, iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyəti “İnterservis” qüvvədə olan icarə müqaviləsini əsas götürərək, vergi qanunvericiliyinə uyğun şəkildə torpaq sahəsinə dair vergi öhdəliyini müəyyən etmiş və bu öhdəlik hüquqi əsaslara malikdir. Vergi orqanının mövqeyi qanunvericiliyə uyğun olmaqla yanaşı, qüvvədə olan hüquqi sənədlərə əsaslanmışdır. Nəticə etibarilə, nə qədər ki, icarə müqaviləsinə xitam verilməyib, o ləğv edilməyib və tərəflər arasında bağlanmış razılaşma hüquqi qüvvəsini saxlayır, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hüquqi münasibətləri və bu münasibətlərdən doğan öhdəlikləri də davam edir. İcarə hüququndan irəli gələn öhdəliklərin pozulması yalnız müqavilənin hüquqi qüvvəsini itirməsi ilə mümkün ola bilər və belə hal sübut olunmadıqca, iddiaçının onun barəsində hesablanmış borcun silinməsinin tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-788/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-788/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver