Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7880/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Neptun" Birgə Azərbaycan-ingiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi (mühasibi) X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Neptun" Birgə Azərbaycan-ingiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 20 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ilə “Neptun" Birgə Azərbaycan-ingiltərə MMC-yə (bundan sonra – iddiaçı) kameral vergi yoxlaması ilə 2024-cü il yanvar ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 1240303,14 manat kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1240303,14 (bir milyon iki yüz qırx min üç yüz üç manat on dörd qəpik) manat əlavə vergi hesablanması barədə hərəkətlərinin və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 mart 2024-cü il tarixli **********5997100 saylı qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı MMC-yə 06 mart 2024-cü il tarixli, **********096300 nömrəli məktubla müraciət edərək 22 fevral 2024-cü ildə təqdim olunmuş bəyannamədə, hesabatda Cəmiyyətin bank hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 34526081 manat vəsait daxil olmasına baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsi nəticəsində kənarlaşma yaranması səbəbindən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş və həmin dövrlər üzrə 5 iş günü ərzində dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsi təqdim olunması tələb edilmişdir. İddiaçı 11 mart 2024-cü il tarixdə cavabdehə izahat məktubu və izahatda qeyd edilən hər bir hal üzrə ətraflı açıqlama göndərmişdir. İzahat məktubunda göstərilmişdir ki: “xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şirkətin “ABB”, “X5” və “Paşa Bank”da olan hesablarına toplam olaraq ********.28 AZN ekvivalentində məbləğ daxil olmuşdur. Bunlardan 171000 AZN ekvivalentində məbləğ Təsisçidən borc olaraq daxil olmuş, 3684066.83 AZN ekvivalentində məbləğ hesabın möhkəmləndirilməsi olaraq bir hesabdan digər hesaba köçürülmüş, 110000.00 AZN ekvivalentində məbləğ borc kimi hesaba mədaxil olunmuş, 2862672.50 AZN ekvivalentində məbləğ xarici valyutanın alışı ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 4154007.58 AZN ekvivalentində məbləğ xarici valyutanın satılması ilə əlaqədar hesabdan hesaba köçürülmüş, 212599.82 AZN ekvivalentində məbləğ kassadan hesaba mədaxil olunmuş, 339949.00 AZN ekvivalentində məbləğ səhv köçürülmə ilə əlaqədar olaraq geri köçürülmüş, ********.55 AZN ekvivalentində məbləğ müştərilərdən debitor borc olaraq mədaxil olunmuşdur ki, bu məbləğin 3034214.31 hissəsi ƏDV daxil ödənilmişdir. Yuxarıda yazılanları nəzərə alaraq 3034214.31 AZN məbləğdən bank hesabına ödənilmiş ƏDV məbləğini çıxılsa, 2571368.06 AZN məbləğ qalır ki onu da sözügedən dövr ərzində ƏDV bəyannamələri üzrə bəyan edilmişdir. İddiaçının vergi borcu olmadığı və əlavə vergi hesablanması barədə hər hansı qərar təqdim olunmadan ona 15 mart 2024-cü ildə **********620000 nömrəli bildiriş göndərilərək 901157.10 manat vergi borcunun olduğu və həmin borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş və həmin gün Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında vergi məbləği göstərilmədən 105 % həcmində dondurulması barədə **********621700 nömrəli qərar göndərilmişdir. Cavabdehin hərəkətlərinə etiraz olaraq cavabdehə və X3 Baş İdarəsinə 15 mart 2024-cü ildə şikayətlər göndərilmiş, əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin hesablar üzrə hərəkət deyil, yalnız debitor borclar üzrə mədaxilin təşkil etdiyi və qanunsuz hərəkətlərin dayandırılmasını, heç bir faktiki və hüquqi əsas olmadan hesablanmış 1240303.14 AZN əlavə dəyər vergisinin silinməsi və azalma verilməsi xahiş olunmuşdur. Həmin gün saat 16-57-də daxil olmuş Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə müəmmalı bir tərzdə tərtib olunmuş **********5997100 saylı qərarda bəyannamə və hesabat dövrü kimi əlavə dəyər vergisi, Yanvar 2024-cü il göstərildiyi və heç bir kənarlaşma nə indi, nə də əvvəllər olmadığı halda, 1240303.14 manat əlavə vergi və sosial sığorta haqqı məbləğinin əlavə hesablandığı, hesablamanın faktiki və hüquqi əsasının göstərilmədiyi aydın olmuşdur. Cavabdeh vergi orqanının hərəkətlərindən və qərarlarından verilmiş şikayətlərlə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində 16 mart 2024-cü ildə daxil olmuş məktubda müraciətə baxıldığı göstərilsə də, əlavə sənədlərin təqdim olunması bildirilir, şikayətə baxılması vaxtı haqqında məlumat verilmir, bu isə qanunun tələblərinin pozulmasının davam etməsinə və süründürməçiliyə dəlalət edir. xx.xx.2021-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil olan pul vəsaitləri və onların hesablararası hərəkətləri barədə tərtib edilmiş cədvəldən görünür ki, ƏDV-yə cəlb edilməli olan məbləğlər arasında bəyannamələr üzrə və faktiki ödənişlər arasında hər hansı bir fərq olmamışdır (Cədvəl əlavə olunur). Beləliklə, hər hansı faktiki qanuni əsas olmadan Cavabdeh vergi orqanı və onunla birlikdə hərəkət edən digər orqanlar İddiaçının hüquqlarına və qanuni mənafeyinə bilərəkdən ziyan vurmaq məqsədilə hərəkət etmiş və hərəkətləri davam etdirirlər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, MMC tərəfindən təqdim edilmiş 2024-cü ilin yanvar ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi əsasında aparılmış kameral vergi yoxlaması zamanı kənarlaşmalar aşkar edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin fevral ayından 2024-cü ilin yanvar ayınadək olan dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsinə baxmayaraq xx.xx.2021-ci ilin tarixindən xx.xx.2024-cü il tarixinədək cəmiyyətin bank hesabına 34526081 manat vəsait daxil olmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********096300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən vergi təqdim edilmiş izahat məktubu tam və dolğun olmadığından Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il yanvar ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 1240303,14 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə xx.xx.2024cü il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iş üzrə ekspertiza keçirilməsinə etiraz edir. Ekspertizanın aparılması üçün əsaslar yoxdur. Həmçinin banklara sorğu verilərək hesbdan çıxarışların alınmasına da etiraz edir. Mövcud sənədlər əsasında işə mahiyyəti üzrə baxıb yekun qərara qəbul edilməsini, işə vaxtında baxılmasını tələb edir. İddiaçının nümayəndəsi (mühasibi) MMC tərəfindən hesabatın düzgün aparıldığı bildirərək, məhkəmənin sualına cavab olaraq MMC-nin 2021-2024-cü illər arasında bank əməliyyatlarının 40 000 000 (qırx milyon) manatdan çox olduğunu bildirdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya 2024-cü il yanvar ayı üzrə 1240303,14 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh verginin hesablanması ilə bağlı qərarını onunla əsaslandırır ki, MMC tərəfindən 2021-ci ilin fevral ayından 2024-cü ilin yanvar ayınadək olan dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində daxil olmuş məbləğin 27635508 manat qeyd edilməsinə baxmayaraq xx.xx.2021-ci ilin tarixindən xx.xx.2024-cü il tarixinədək cəmiyyətin bank hesabına 34526081 manat vəsait daxil olmuşdur. Kameral vergi yoxlaması ilə 2024cü il yanvar ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 1240303,14 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və hesablanmışdır. İddiaçı hazırda bununla razılaşmayaraq həmin qərarı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Məcəllənin 37.4-cü maddəsinə görə, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Baxılan işin hallarından müəyynə edilir ki, MMC tərəfindən 2021-2024-ci illər ərzində aparılan əməliyyatlar üzrə dövriyyə əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat olduğu halda, vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamədə əks olunmadığından yaranmış kənarlaşmalar vergi qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi iddia ərizəsində məhkəmə iclasında cavabdehin həmin məbləği düzgün hesablamadığını, MMC tərəfindən valyuta köçürmələrinin və hesabdan hesab olan köçürmələrin də, nəzərə alındığını bildirərək cavabdehin qərarının qanunsuz olduğunu bildirir. Məhkəmə tərəfindən bu halın araşdırılması üçün banklardan çıxarış alınması ilə bağlı sorğu sübutların təmin edilməsinə dair qərardad qəbul edilməsi, eyni zamanda iş üzrə ekspespertizanın keçirilməsi müzakirə edilmiş, iddiaçı tərəf buna qəti olaraq etirazını bildirmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ekspertizanın keçirilməsinə mane olduğundan və hazırkı iş üzrə xüsusi bilik tələb edən rəyin alınması zəruri olduğundan məhkəmə iddiaçının ekspertiza aparılmasından imtina etməsini ekspertiza təyin edilən faktı, yəni vergi borcunun düzgün hesablanmaması faktını rədd edilmiş hesab edir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7880/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7880/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver