Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7884/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1351/2024 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1350/2024 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçının əmək pensiyasının 1816,84 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarının ləğv olunması və əmək pensiyanın 1816,84 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-1351/2024 nömrəli və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1350/2024 nömrəli qərarlarının ləğv edilməsini və iddiaçının əmək pensiyasının 1816,84 manat məbləğində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması
3. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı 05 fevral 2024-cü il tarixli 3-17-1/2-t-25791/2024 saylı məktubda qeyd edilmişdir ki, araşdırmalar zamanı ona qanunvericiliyin tələblərinə zidd olaraq yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Həmçinin, məktubda son üç ildə iddiaçıya ümumilikdə 58999,52 manat artıq pul vəsaitin ödənildiyi və həmin vəsaitin onun tərəfindən fonda geri qaytarılmalı olduğu qeyd edilmişdir. Həmin cavab məktubunda həmçinin qeyd edilir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən güzəştli iş stajı 12 il 6 aydan az, yəni 11 il, 4 ay, 11 gün təşkil etmişdir. Cavabdeh məktubunda xx.xx.1979 - xx.xx.1981-ci il və xx.xx.1988 - xx.xx.1997-ci il tarixləri arasında əmək fəaliyyəti dövrünü iddiaçıya əmək pensiyasının təyin edilməsində güzəştli iş stajına hesablamış, digər əmək fəaliyyəti dövrlərini isə güzəştli iş stajı kimi nəzərə almamışdır. Bundan sonra 2024-cü ilin mart ayınadək iddiaçının aldığı 1816,84 manat pensiya məbləği heç bir məhkəmə qərarı və ya iddiaçının razılığı olmadan mart ayından azaldılaraq 635,91 manata salınmışdır. Hesab edir ki, aşağıda qeyd edilənlər baxımından cavabdehin mövqeyi tamamilə əsassızdır və iddiaçıya ödənilən əmək pensiyasının tutulmaların dayandırılması və ona ödənilən pensiya ödənişinin bərpa edilməsi ilə bağlı qərar qəbul edilməlidir: 1. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Müəssisəsində“qazanxana işçisi” vəzifəsində qəbul edilmişdir. Həmin müəssisənin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilir ki, İddiaçı müəssisədə işə qəbul edildiyi xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (1 il 3 ay) X3 Qonaq Evinin mexaniki sistemlərinin “iş icraçısı”nın əmək funksiyalarını yerinə yetirmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının: - XXVİİ bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) b) – “rəhbərlər və mütəxəssislər” hissəsində “iş icraçısı” vəzifəsi təsbit edilmişdir. Bu səbəbdən də, iddiaçının işlədiyi “qazanxana işçisi” vəzifəsinin əmək funksiyaları iş icraçısı vəzifəsinin əmək funksiyalarına uyğun olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün stajı kifayət yaranmışdır. Nəticə etibarı ilə iddiaçının 11 il 4 ay 11 gün iş stajı ilə (cavabdeh tərəfindən nəzərə alınan) "xxxx" Müəssisəsində “qazanxana işçisi” vəzifəsində çalışdığı 1 il 3 ay stajın cəmi 12 il 6 ayı keçdiyindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 2. Yuxarıda göstərilənlərlə yanaşı, iddiaçının aşağıdakı əmək fəaliyyəti dövrləri də yuxarıda qeyd edilən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının müvafiq vəzifələrinə uyğun gəldiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja hesablanmalıdır: 1) xx.xx.1974 - xx.xx.1975 – çilingər-santexnik – 5 ay 25 gün (Qərarın 23-cü bölməsi - Ümumi peşələr – 12100000—12740 - kessonçular — çilingərlər), 2) xx.xx.1976 - xx.xx.1979 – şöbə rəisi – 2 il 3 ay 23 gün (Qərarın 27-ci bölməsi - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - 2290000b— 24441 - iş icraçıları), 3) xx.xx.1985 – xx.xx.1985 – baş mühəndis – 4 ay 1 gün (Qərarın 27-ci bölməsi - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - 2290000b— 23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları), 4) xx.xx.1985 – xx.xx.1987 – şöbə rəisi – 1 il 7 ay 11 gün (Qərarın 27-ci bölməsi - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - 2290000b— 24441 - iş icraçıları) 5) xx.xx.1987 – xx.xx.1988 – baş mühəndis – 1 il 1 gün (Qərarın 27-ci bölməsi - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - 2290000b— 23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları) 3. Göstərilənlərlə yanaşı, xx.xx.1967 - xx.xx.1969 illər arasındakı əmək fəaliyyətilə bağlı dövrə cavabdeh öz cavab məktubunda heç bir münasibət bildirilməmişdir. Halbuki, xx.xx.1967 - xx.xx.1969-cu il tarixlərində “Azərneft gəmi qayırma təmir” trestinin avtonəqliyyat idarəsində 1-ci dərəcəli “fəhlə” vəzifəsində çalışmışdır. Həmin müddətdə olan stajı isə 2 il 2 ay3 gün təşkil edir. Qeyd edilən bu dövrdə olan stajı Qərarın XİV bölməsinin“ 3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” (********) hissəsinin “fəhlələr” vəzifəsinə uyğun gəlir. Beləliklə də yuxarıda qeyd edilən 2 il 2 ay 3 gün əmək stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrdə aid olduğundan cavabdeh həmin dövrdə heç bir münasibət bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən, 2 il 2 ay 3 gün əmək stajı 11 il 4 ay 11 gün (cavabdeh tərəfindən nəzərə alınan stajı) iş stajına əlavə edildikdə ümumilikdə güzəştli şərtlərlə yaşa görə əmək stajı 12 ay 6 ayı keçir. 4. Göstərilənlərlə yanaşı, ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 fevral 2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2024-cü il tarixdən iddiaçıya 635.91 manat məbləğində pensiya təyin edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının bu qərarından iddiaçının heç bir məlumatı olmamış, ona pensiya təyin edilməsi zamanı “dinlənilmək hüququ” pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı)
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Belə ki, vaxtilə iddiaçıya əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Vaxtilə iddiaçıya pensiya təyin olunarkən onun təqdim etdiyi sənədlərdə Bakı Baş Tikinti Quraşdırma İdarəsinin 12 saylı Trestinin Tikinti İdarəsində xx.xx.1974-xx.xx.1975-ci il tarixləri arasındakı dövr ərzində çilingər-santexnik, X1 xx.xx.1975- xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində böyük mühəndis, həmin şöbədə xx.xx.1976- xx.xx.1979-cu il və xx.xx.1981-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər ərzində rəis, 25 saylı Trestin ixtisaslaşdırılmış Tikinti İdarəsində xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində baş mühəndis, həmin İdarənin X1 xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində rəis, 26 saylı Trestin İxtisaslaşdırılmış Tikinti İdarəsində xx.xx.1987xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində baş mühəndis, "xxxx" Şirkətində isə xx.xx.1997-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində qazanxana işçisi və istismar üzrə texnik vəzifələrində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı, iddiaçının işlədiyi çilingər-santexnik, böyük mühəndis, rəis, baş mühəndis, qazanxana işçisi və istismar üzrə texnik vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (XXVİİ) və ümumi peşələr (XXXİİİ) bölmələrində nəzərdə tutulmadığı müəyyən edilib. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 11 gün (xx.xx.1979-xx.xx.1981- ci il və xx.xx.1988-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2009-cu il tarixindən Fondun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə xx.xx.2024-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı mülahizənin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala gəlmişdir və tərəflərindən tərtib edilən akta imzalamamışdır. Bununla əlaqədar, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqqında inzibati akt qəbul edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə ümumilikdə 58999,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavadeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izaharları
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə dair yazılı etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.
8. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar: "xxxx" müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.1998-ci il tarixədək faktiki olaraq "xxxx" müəssisəsinə məxsus, Bakı şəhəri, Azadlıq prospekti 153 ünvanında yerləşən və tikilməkdə olan X5 Evinin mexaniki sistemlərinin (qazanxanasının, su anbarının və ayrı-ayrı köməkçi obyektlərinin, o cümlədən otel binasının soyutma isitmə sistemlərinin və qazanxanasının quraşdırma işlərinin layihələndirilməsində) iş icraçısı vəzifəsinin funksiyalarını yerinə yetirməklə Sifarişçi tərəfindən yerinə yetirlən işlərə ümumi nəzarəti həyata keçirmişdir. Sözügedən işlər başa çatdıqdan, yəni xx.xx.1998-ci il tarixdən İddiaçı işdən azad olunanadək, yəni xx.xx.2016-cı il tarixədək O, "xxxx" müəssisəsində qazanxanaçı və sonradan (01.07. 2002) İstismar üzrə Texnik vəzifəsini icra etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli “əmək pensiyası hüququna baxılmasında mülahizənin dindirilməsi üçün Mərkəzi Filialı dəvət haqqında” məktub ilə pensiya hüququna yenidən baxılmasına əsas olan faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçının 26 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başnılması barədə bildirilmiş, vaxtilə pensiya hüququnun olmadığı barədə ətraflı məlumat verilmiş, onun mülahizələri dinlənilmiş, inzibati icraat barədə akt tərtib edilmiş, aktın bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən aktı imzalanmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının: - “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 1350/2024 nömrəli qərarından görünür ki, DSMF-nin Xətai rayon şöbəsi tərəfindən xx.xx.2009-cu ildə İddiaçı təyin edilmiş 1816,84 manat güzəştli şərtlərlə yaşa görə pensiyası xidməti araşdırma nəticəsində dayandırılmışdır. - “DSMF-nin Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1351/2024 qərarından görünür ki, İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, əmək pensiyasının ödənişi dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxslə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görülməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “əmək pensiyasının dayandırılması haqqında” məktubundan görünür ki, pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin yanvar ayından dayandırılması haqqqında inzibati akt qəbul edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, ona son üç il üzrə ümumilikdə 58999,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Məlumat üçün bildirilmişdir ki, ona ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” məktubundan görünür ki, onun əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 498,57 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 571,86 manata, xx.xx.2024-cü il tarixindən 635,91 manata çatdırılmışdır. Pensiya kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq, Fondun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən güzəştli şərtlərlə əmək pensiyası üzrə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.
Məhkəmənin mövqeyi
9. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
10. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda Həmim Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
11. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur.
12. İşin faktiki hallarına əsasən isə iddiaçı əmək pensiyaları haqqında qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona cavabdeh tərəfindən əmək pensiyasının məbləği müəyyən edilməklə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarları ilə iddiaçının 1816,84 manat məbləğində əmək pensiyası dayandırılmış və ona DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ümumi əsaslarla 635,91 manat məbləğində pensiya təyin edilmişdir. Qanunun tələblərinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarlarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş və əsaslandırılmamış inzibati aktlar qəbul edilmişdir.
13. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir.
14. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya müddətinin az nəzərə alınması kimi norma nəzərdə tutulmamışdır.
16. Faktiki olaraq cavabdehin iddiaçıya təyin edilmiş pensiyadan məhkəmə aktı və iddiaçının razılığı olmadan tutumaların aparılmasında ifadə olunan hərəkətləri həm “İnzibati icraat haqqında” və həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur.
17. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
18. Lakin inzibati iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı onun pensiyasından tutulmalara razılığını bildirməmiş, eyni zamanda iddiaçının pensiyasından tutulmaların aparılması barədə məhkəmə aktı mövcud deyildir.
19. Məhkəmə cavabdehin yuxarıda sadalanan iddiaçıya münasibətdəki hərəkətləri ilə bağlı onu da qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
20. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
21. İnzibati hüquqda isə ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
22. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
24. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan olaraq xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
25. Hazırki mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş materialları ilə təsdiq olunmur.
26. İddiaçıya əmək pensiyasının təyin olunması və indeksləşdirilərək artırılması barədə qərarlar (inzibati) aktların hüquqi qüvvəsinin saxlanmasına baxmayaraq cavabdeh iddiaçının pensiyasından tutmaları həyata keçirmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Belə olan halda iddiaçının iddiası əsaslı və qanunauyğun olduğu üçün təmin edilməlidir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1351/2024 nömrəli və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1350/2024 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçının əmək pensiyasının 1816,84 manat məbləğində ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır.
29. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1351/2024 nömrəli və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1350/2024 nömrəli qərarlarının ləğv edilsin və iddiaçının əmək pensiyasının 1816,84 manat məbləğində ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova