Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7885/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 236,7 kv.m ölçüdə fərdi yaşayış evi, 262 kv.m ölçüdə torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən, 236.70 kv.m. sahəsi olan fərdi yaşayış evi anası X1 mülkiyyətində olmuşdur. Belə ki, qeyd olunan ev 10 avqust 1973-cü il tarixdə 7 saylı Bakı şəhər Dövlət Notariat Kontorunda bağışlama müqaviləsi bağlanmaqla X4 tərəfindən bacısı-anası X2 bağışlanmışdır. Ev köhnə və yarasız olmasına görə sonradan anası Leyla Əliyeva tərəfindən sökülərək yerində yeni ev inşa edilmiş və evin qarşısında olan torpaq sahəsi də abadlaşdırılaraq onun tərəfindən sahiblənməklə istifadə olunmuşdur. Anasının müraciəti əsasında Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısı 343 nömrəli, 01 iyul 2002-ci il tarixli Sərəncam verərək həmin ünvanda olan yeni tikiliyə anasının mülkiyyət hüquqlarının tanınması Bakı şəhər Tİ və MHQ İdarəsindən xahiş edilmişdir. Sərəncamda göstərilir: Bakı şəhər Sovetinin 25.06.76-cı il tarixli 30/413№-li «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq komissiyanın xx.xx.2002-ci il tarixli aktını və Bakı şəhər Texniki İnventarİasdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/3152№li xx.xx.2002-ci iİ tarixli Şüvəlan qəsəbəsi, M.Qorki küçəsində yerləşən, X3 məxsus 1 «a» saylı mülkün ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülk «A» sökülmüşdür. Yerində yenisi 1 mərtəbədə 4 yaşayış otağı sahəsi - 70,05 kv.m, köməkçi sahə-26,46 m , açıq eyvan sahəsi-16,52 m , 2 mərtəbədə 1 yaşayış otağı sahəsi- 45.58m , açıq eyan sahəsi- 19,4 sm tikilmişdir. Torpaq sahəsində tik. 1,11,İİ1 sökülmüş, əlavə hamam - ayaq yolu sahəsi-10,26m, qaraj və anbar sahəsi-42.0m tikilmişdir. Torpaq sahəsi 582 kv.m artırılmışdır. Cəmi torpaq sahəsi 965,0 kv.m-dır. Bakı şəhər Tİ və MHQİ-nin işçiləri tərəfindən yoxlama zamanı əlavə tikili aşkar edilmişdir. İdarələrarası komissiyanın üzvləri Bakı şəhər Tİ və MHQİ-nin işçilərinin tərtib etdikləri aktın düzgünlüyünü təsdiq edirlər. xx.xx.2007-ci ildə anası X5 vəfat etmişdir. Həm anasının sağlığında, həm də anasının vəfatından sonra da iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayaraq evə və torpağa sahiblik etməklə ondan istifadə edir. 2024-cü ildə anasından miras qalan həmin ev vərəsəlik yolu ilə onun mülkiyyətinə keçməklə ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və X8 Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən adıma 16 avqust 2024-cü il tarixli çıxarışa verilmişdir. Evin yerləşdiyi və qarşısındakı həyətyanı torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olsa da, hal-hazıradək dövlət mülkiyyətində qalmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən, yeni inşa edilmiş fərdi yaşayış evi İdarənin arxivində olan texniki pasportun paş planında göstərilən torpaq sahəsindən kənarda, əlavə torpaq sahəsində yerləşir. Belə ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, əlavə torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün bildirilir ki, idarənin arxivində mövcud olan texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 383 kv.m olmuşdur. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 343 nömrəli sərəncamına əsasən torpaq sahəsinin ölçüsü 965 kv.m qeyd edilmişdir. Faktiki torpaq sahəsinin ölçüsü isə 1240 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 343 nömrəli Sərəncamına əsasən Bakı şəhər Sovetinin 25.06.76-cı il tarixli 30/413№-li «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqmda»kı qərara, uyğun olaraq komissiyanın xx.xx.2002-ci il tarixli aktını və Bakı şəhər Texniki İnventarlasdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/3152 №-li xx.xx.2002-ci il tarixli Şüvəlan qəsəbəsi, M.Qorki küçəsində yerləşən X3 məxsus 1 «a» saylı mülkün ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülk «A» sökülmüşdür. Yerində yenisi 1 mərtəbədə 4 yaşayış otağı sahəsi - 70,05 m2, köməkçi sahə-26,46 m2, açıq eyvan sahəsi-16,52 m2, 2 mərtəbədə" 1 yaşayış otağı sahəsi- 45.58 m2, açıq eyvan sahəsi19.48 m2 tikilmişdir. Torpaq sahəsində tik. İ, İİ, İİİ sökülmüş, əlavə hamam - ayaqyolu sahəsi-10,26 m2, qaraj və anbar sahəsi-42.0 m2-dır tikilmişdir. Torpaq sahəsi 582 kv,rn artırılmışdır. Cəmi torpaq sahəsi 965,0 m2-dır. Fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportdan görünür ki, həyətyani torpaq sahəsinin ölçüsü ilk növbədə 367,3 kv.m, daha sonra müvafiq dəyişikliyə əsasən 965 kv.m təşkil etmişdir. Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 236,7 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, 0,0262 kv.m torpaq sahəsi üzərində isə onun istifadə hüququ qeydə alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-)
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırkı inzibati mübahisənin mahiyyətindən də göründüyü kimi iddiaçının məqsədi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh tərəf isə qeyd olunan hüquqların tanınmasından imtina etmək üçün bir sıra əsaslara (fərdi yaşayış evinin İdarənin arxivində olan texniki pasportun paş planında göstərilən torpaq sahəsindən kənarda, əlavə torpaq sahəsində yerləşməsinə, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə) istinad etmişdir ki, bu əsaslar aşağıdakı aspektlər üzrə qiymətləndirilməlidir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, yuxarıda göstərilən normaların tələblərindən də göründüyü kimi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn qeydiyyata alınması əsası qismində çıxış edir. İş materiallarında olan sənədlər əsasında isə müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə dair texniki pasport həmin tarixədək tərtib olunmuş, həmin texniki pasportda torpaq sahəsinin ölçüsünün ilkin olaraq 367,3 kv.m, daha sonra müvafiq dəyişikliyə əsasən 965 kv.m ölçüdə olması göstərilmiş, eyni zamanda fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüquqularının qeydiyyatı həyata keçirilmişdir ki, bu halda göstərilən texniki pasport torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış etməkdədir. Cavabdeh, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirməkdən imtina edərkən, yeni inşa edilmiş fərdi yaşayış evinin, İdarənin arxivində saxlanılan texniki pasportun planında göstərilən torpaq sahəsindən kənarda, əlavə bir torpaq sahəsində yerləşdiyini əsas gətirmişdir. Lakin qeyd olunan imtina, formal xarakter daşıyır. Əsaslı şəkildə vurğulanmalıdır ki, cavabdeh, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirərkən həmin xüsusiyyətə istinad etməmiş və qeydiyyat prosesini aparmışdır. Həmin qeyd qüvvədə olduğu müddət ərzində cavabdeh, göstərilən halı mübahisələndirməmişdir, buna görə də, indiki vəziyyətdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatını aparmaqdan göstərilən əsaslı imtina edilməsi hüquqi baxımdan əsassızdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı, məhz fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin çıxarışda göstərilən ölçüdə, yəni 262 kv.m hissəsində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlıdır ki, bu halda, mövcud texniki pasport, hüquqmüəyyənedici sənəd olaraq çıxış edir və mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün əsas təşkil edir. Elektrik xəttinin mühafizə zolağında yerləşmə barədə imtina dəlilinə dair qeyd edilir ki, torpaq sahəsinin ayrıldığı vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin, 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in: 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qanunvericiliyin tələblərinə riayət edilməklə istifadə oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 236,7 kv.m ölçüdə fərdi yaşayış evi, 262 kv.m ölçüdə torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov