Məhkəmə qərarları › İş №e-2-1(112)-7887/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7887/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7887/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında aparılmış qeydlərə əsasən işlədiyi və hərbi xidmətdə olduğu dövrlərin sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə əmək penasiyası hüququnun yarandığı 52 yaşından, yəni 24 mart 2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin fərqinin fevral 2019-cu ildən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1965-ci il tarixdə anadan olmuş, Naxçıvan Filiz İdarəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cu il tarixədək yeraltı sexdə fəhlə işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (yeraltı sexdə çilingər və texniki şöbənin rəisi) müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2003-ci il tarixdən xx.xx.2003-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək ona ümumilikdə 1 il olmaqla işsizlik müavinəti təyin edilmişdir. Eyni zamanda 1987-ci il tarixdə universitetə qəbul olmuş və xx.xx.1992-ci il tarixdə məzun olmuşdur. İddiaçının 24 mart 2017-ci il tarixdə 52 yaşının tamam oldugu dövrə 18 il güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən və 21 il 1 ay 13 gün ümumi əmək stajı olmuşdur. Güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə etdiyi müraciətinə cavabdeh imtina cavabı verərək, xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 2 il 2 ay əmək haqqı ödənişi olmadığı üçün ümumi iş stajı 18 il 11 ay 24 günə endirilərək ona pensiya təyinatından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, əmək kitabçasında aparılan qeydlərdən və hərbi biletindən də görünür ki, ümumilikdə 21 (iyirmi bir) il 1 (bir) ay 13 (on üç) gün ümumi iş stajı var. Bununla da cavabdeh iddiaçının sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia əsassız və qanunsuzdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə (a) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçı əmək kitabçası, arxiv arayışı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İddiaçın təqdim etdiyi X2 16 fevral 2022-ci il tarixli 13/207 nömrəli arayışında iddiaçının xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ümumilikdə 2 il 02 ay müddətində əmək haqqı almadığı qeyd edilmişdir. Məhz bu səbəbdən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az, yəni 18 il 11 ay 24 gündür. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi 16 fevral 2022-ci il tarixli 13/207 nömrəli Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən illər üzrə əmək haqqı ödənişi ilə əlaqədar arxiv arayışında xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2 il 2 ay əmək haqqı ödənişi olmadığı qeyd edilib. Qanunvericilikdə əmək haqqı ödənişi olmayan, yəni məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 2 il 2 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Buna görə də 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (18 il 11 ay 24 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1994- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2000- xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2003-cü il, xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Naxçıvan Filiz İdarəsində 02 iyun 1982-ci il tarixdən (Əmr N82, xx.xx.1982) 25 aprel 1983-cü il tarixədək yeraltı sexdə fəhlə (Əmr N55, xx.xx.1983), 08 iyul 1985-ci il tarixdən (Əmr N64, xx.xx.1985) 04 iyul 1995-ci il tarixədək yeraltı sexdə çilingər, 04 iyul 1995-ci il tarixdən (Əmr N80, xx.xx.1995) 23 avqust 2002-ci il tarixədək (Əmr N60, xx.xx.1995) texniki nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr üzrə iş stajı 18 il 5 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Dağ mədən işlərində fəhlə, çilingər və texniki nəzarət şöbəsinin rəisi vəzifəsinin yeraltı iş şəraitindən, iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının 10100000 bəndində /1010100a/ və /101b100q - 25047/ (yarımbəndlərində) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13/530 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X4 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1982-ci il tarixli 84 №-li əmrlə işə qəbul edilmişdir. 1983-cü ilə dair əmr və əməkhaqqı kitablarında adına rast gəlinmədi. Lakin, xx.xx.1985-ci il tarixli 109 №-li əmrlə işə qəbul edilməsi, xx.xx.1993-cü il tarixli 37 №-li əmrlə “çilingər” olaraq 1992-1993-cü illərdə əmək məzuniyyətinə buraxılması, xx.xx.1995-ci il tarixli 41 №-li əmrlə 1994-1995-ci illərin növbəti əmək məzuniyyətinə getməsi və geri qayıtması, xx.xx.1999-cu il tarixli 24 №-li əmrlə 1997-1998-ci illərdə əmək məzuniyyətinə buraxılması, xx.xx.2002-ci il tarixli 36 №-li əmrlə 1999-2001-ci illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.2002-ci il tarixli 59 №-li əmrlə “Texniki nəzarət şöbəsinin rəisi” vəzifəsindən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 13/207 saylı xx.xx.2022-ci tarixli arxiv arayışından görünür ki, iddiaçı 1992-2002-ci illərdə Naxçıvan Duz mədənində işləmişdir və əmək haqqı almışdır. - İddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı Naxçıvan Filiz İdarəsində 02 iyun 1982-ci il tarixdən (Əmr N82, xx.xx.1982) 25 aprel 1983-cü il tarixədək yeraltı sexdə fəhlə (Əmr N55, xx.xx.1983), 08 iyul 1985-ci il tarixdən (Əmr N64, xx.xx.1985) 04 iyul 1995-ci il tarixədək yeraltı sexdə çilingər, 04 iyul 1995-ci il tarixdən (Əmr N80, xx.xx.1995) 23 avqust 2002-ci il tarixədək (Əmr N60, xx.xx.1995) texniki nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2003-ci il tarixdən xx.xx.2003-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək ona işsizlik müavinəti təyin edilmişdir. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı 10 ildən artıq güzəştli iş stajının, 20 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 52 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin iddiaçının ümumi iş stajının 1 yanvar 2006cı il tarixinədək 20 ildən az təşkil etdiyini əsas gətirərək cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu 24 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın İ. Dağ-mədən işlərinə aid 10100000 bəndində 1010100a yarımbəndində yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr və 101b100q – 25047 yarımbəndində texniki rəhbərlər, onların müavinləri (köməkçiləri) vəzifəsi təsbit olunmuşdur. İddiaçı həmin vəzifələrdə 10 ildən artıq işləyərək, tələb olunun xüsusi iş stajını toplamışdır. Bundan başqa, xüsusi iş stajı cavabdeh tərəfindən nə imtina məktubunda, nə də etirazda mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi halla baglı, yəni iddiaçının ümumi iş stajının toplamaması ilə baglı isə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cu il tarixədək Naxçıvan Filiz İdarəsində yeraltı sexdə fəhlə işlədiyi 10 ay 23 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 2 il 1 ay 8 gün həqiqi hərbi xidmətdə oldugu dövr, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək yeraltı sexdə çilingər və texniki şöbənin rəisi vəzifələrində 17 il 1 ay 15 gün işlədiyi dövrlər ümumi əmək stajına hesablanmaqla 20 il 1 ay 16 gün, tələb olunandan da artıq ümumi iş stajını toplamışdır. Göstərilən bu qeydlərin iddiaçının əmək kitabçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının ümumi iş stajının tələb olunandan az olmasını etirazında qeyd etsə də, məhkəmə araşdırması zamanı xx.xx.2006-cı il tarixə qədər tələb olunan iddiaçının 10 ildən artıq xüsusi iş stajının, 20 ilin qarşılığında isə 20 il 01 ay 16 gün ümumi iş stajının toplanması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının xx.xx.2017-ci il tarixində tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Cavabdehin dəlillərinə görə arxiv məlumatlarına istinadən iddiaçı bir müddət ödənişsiz məzuniyyətdə olmuşdur. Qanunvericiliyə görə ödənişsiz məzuniyyət dövrü iş stajına daxil edilmir. Odur ki, 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 20 il ümumi stajı olmadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. Həmin dəlillərlə baglı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 128-ci maddənin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Təqdim edilən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13/530 saylı xx.xx.2022-ci il tarixli arayışından isə görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixli 37 №-li əmrlə 1992-1993-cü illərdə əmək məzuniyyətinə buraxılması, xx.xx.1995-ci il tarixli 41 №-li əmrlə 1994-1995-ci illərin növbəti əmək məzuniyyətinə getməsi və geri qayıtması, xx.xx.1999-cu il tarixli 24 №-li əmrlə 1997-1998ci illərdə əmək məzuniyyətinə buraxılması, xx.xx.2002-ci il tarixli 36 №-li əmrlə 1999-2001ci illərdə növbəti əmək məzuniyyətinə buraxılması əmr kitablarında göstərilmişdir. Beləliklə də arxiv arayışından məlum olur ki, xx.xx.2006-cı il tarixədək işlədiyi dövrdə iddiaçı ödənişsiz deyil, növbəti əmək məzuniyyətlərində olmuş, hər bir halda isə bu müddət altı aydan artıq olmamışdır. Beləliklə də, 1 yanvar 2006-cı il tarixədək iddiaçının faktiki 20 il 1 ay 16 gün iş stajı mövcud olmuşdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə cəmi 2 il 2 ay əmək haqqı ödənişi olmadığı məzuniyyət dövrünün iş stajına daxil edilə bilməsi üçün əsas olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiası əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı güzəştli şərtlərlə əmək penasiyası hüququnun yarandığı 52 yaşından, yəni 24 mart 2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin fərqinin fevral 2019-cu ildən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə əmək penasiyası hüququnun yarandığı 52 yaşından, yəni 24 mart 2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin fərqinin fevral 2019-cu ildən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar