Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7887/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X15 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Nikolayevanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Nikolayeva məhkəməyə müraciət edərək, X4 adına verilən Azərbaycan Respublikası Bakı şəhəri İHB-nin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 19 oktyabr 1993-cü il, 30/7736 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 1 ünvanda 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun təkrar X1 adına dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İHB-nin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 oktyabr 1993-cü ildə verilən qeydiyyat vəsiqəsinə görə ünvan 2 ünvanda 2 otaqlı mənzil X4 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Eyni zamanda arvadı X3 mənzil özəlləşdirilərkən onunla birlikdə ər arvad kimi yaşamışlar. Xətai rayonu qeydiyyat şöbəsinin vermiş olduğu ölüm haqqında şəhadətnaməyə görə X8 9 aprel 2013-cü ildə vəfat etmişdir. Mərhumun yas mərasimini X3 keçirmişdir. Xətai Rayon Qeydiyat Şöbəsinin verdiyi arayışa görə X3 ilə X8 11 iyul 1975-ci ildə nigaha girmişlər, 11 avqust 2005-ci ildə nigahları pozulmuşdur. X3 və X8 birgə nigahda olduqları dövrdə Azərbaycan Respublikası Bakı şəhəri İHB-nin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 19 oktyabr 1993-cü ildə verilən qeydiyyat vəsiqəsinə görə ünvan 3 ünvanda 2 otaqlı mənzil X5 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası DİN -nin vermiş olduğu yaşayış yeri üzrə arayışa görə X3 ilə birlikdə ünvan 2 ünvanda 2 otaqlı mənzildə oğlu X10, X11, X13, X14 yaşayırlar. ünvan 3 ünvanda 2 otaqlı mənzilin X1 adına keçməsinə qeydiyatda olan şəxslər notariat qaydada təsdiq olunmuş razılıq ərizələrini vermişlər. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçı X2 mənzil üzərində mülkiyyət hüququnun təkrar dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsinə dair ərizəsini "Daşınmaz Əmlakın Dövlət Reyesteri haqında" qanunun 15-ci maddəsini əsas gətirərək Lyudmila Nikalayevnanın ərizəsini təmin etməkdən və mənzilin onun adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “qeyd olunan ünvanda yerləşən 53 saylı mənzil digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müraciət ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsi 55 saylı mənzilə aiddir. Bundan başqa, bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 14584/2023 saylı, xx.xx.2014-cü il tarixli qərardadı əsasında qeyd olunan ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasmın müəyyən edilməsi yolu ilə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, X4 adına verilən Azərbaycan Respublikası Bakı şəhəri İHB-nin aparatının özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1993-cü il, 30/7736 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 4 ünvanında 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun təkrar iddiaçının adına dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********33 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, M.Hadi küçəsi, 113 saylı evin 55 saylı mənzili üzərində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2178/2014 saylı, xx.xx.2014cü il tarixli qərardadı əsasında özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir. Belə ki, qadağanın götürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olduqdan sonra, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Əlavə olaraq, iddiaçının İdarəyə müraciəti zamanı ərizədə mənzilin nömrəsi “53” qeyd olunmuş, lakin müraciət ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsi 55 saylı mənzilə aiddir. 53 saylı mənzil isə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 19 oktyabr 1993-cü il, 30/7736 saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 X5 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir.
6. İş materiallarında olan Xətai Rayon Qeydiyat Şöbəsinin arayışına əsasən İddiaçı ilə X5 11 iyul 1975-ci idə bağladıqları nikah 11 avqust 2005-ci ildə pozulmuşdur.
7. İş materiallarında olan ölüm haqqında şəhadətnamənni surətinə əsasən X9 xx.xx.2013-cü ildə vəfat etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazını müdafiə edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. İddia ərizəsindən görünür ki, iddiaçı keçmiş mərhum ərinin əmlakı üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsini tələb edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
17. Məhkəmə qeyd edir ki, sözügedən mənzil mərhum X5 adına verilən 19 oktyabr 1993-cü il, 30/7736 saylı qeydiyyat vəsiqəsi ilə məxsus olmuşdur və iddiaçı mərhumun keçmiş arvadıdır. Belə ki, 11 avqust 2005-ci il tarixdə onların nikahı pozulmuşdur. Eyni zamanda, mərhumun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının vəsiyyət üzrə iddiaçıya verilməsi halı müəyyən edilməmişdir.
18. Beləliklə, İddiaçı Nikolayeva mənzilin mülkiyyətçisi və ya mülkiyyətçinin vərəsəsi deyil. Odur ki, mərhum X5 əmlakına dair vərəsə olmadığından iddiaçının tələb irəli sürməyə hüquqi marağı, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva