Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7915/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 23-cü Səbail küçəsi, giriş 29 ünvanında yerləşən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı 0,1165 ha torpaq sahəsində inşa edilmiş, zirzəmi, birinci, ikinci, üçüncü mərtəbələr və mansarddan ibarət 3 mərtəbəli, ümumi hündürlüyü 11,2 metr, ümumi sahəsi 1609,08 kv. metr təşkil edən, 3 mərtəbəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsi və tikiliyə dair vahid çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivi, 235 saylı sahə (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyalı 0,1165 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsində, zirzəmi, birinci, ikinci, üçüncü mərtəbələr və mansarddan ibarət 3 mərtəbəli, ümumi hündürlüyü 11,2 metr, ümumi sahəsi 1609,08 kv. metr, aşırımlar arası məsafə 6 metrdən artıq olmayan 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi layihələndirilmiş və inşa edilmiş, tikinti başa çatdıqdan sonra Səbail Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə ərizə ilə “cavabdehə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, **********54 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi, fərdi yaşayış evində təmir tikinti işlərinin başa çatdırılmadığı, müraciətdə zirzəmi mərtəbə kimi göstərilmiş sahənin birinci mərtəbə olduğu, tikintinin ümumi hündürlüyünün 15,55 metr təşkil etdiyi, bu səbəbdən də həmin tikiliyə dair məlumatlandırma icraatı qaydasında deyil, icazə icraatı qaydasında sənədlərin təqdim edilməsinin zəruri olduğu göstərilmişdir. Cavabdehin imtinasında binanın ümumi hündürlüyü kimi göstərilmiş məsafə, yerin sərhindən binanın damının üst hissəsinədək olan məsafədir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evində təmir-tikinti işləri tam başa çatdırılmamışdır. Bundan əlavə, təqdim edilən layihədə zirzəmi mərtəbə qeyd edilsə də, faktiki 1-ci mərtəbə kimi inşa edilmişdir və tikilinin hündürlüyü 15,55 metr təşkil edir. Bu səbəbdən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulan sənədlərin təqdim edilməsi məqsədəuyğundur. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1231,5 kv.m qeyd edilsə də, faktiki 1189.7 kv.m təşkil edir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 235 saylı sahə (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən 0,1165 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. X1 və Ekspertiza Mərkəzi MMC-nin 18 mart 2025-ci il tarixli, 28 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 235 saylı sahə (yeni qaydalarla; Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 23-cü Səbail küçəsi, giriş 29) torpaq sahəsinin konfiqurasiyası, naturada yerləşmə vəziyyəti, faktiki ölçüləri və koordinatları sənəd üzrə olan koordinatlara uyğundur. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir. Hazırlanmış ortofoto görüntüsü rəyə əlavə edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hündürlüyü, mərtəbəliyi, mərtəbələrinin hər birinin hündürlüyü, birinci mərtəbənin döşəməsindən sonuncu mərtəbəsinin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəməsinin alt hissəsinədək) olan məsafə 9,45 metr, aşırımlarının uzunluğu 3,95 metrdən 5,95 metrə kimi təşkil etdiyi müəyyən edilir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Səbail rayonu, Badamdar qəsəbəsi 3YM ünvanında yerləşən daşınmaz əmlak faktiki olaraq 600 kv.metr torpaq sahəsi üzərində yerləşməklə 11 otaqdan ibarət olmuş, ümumi sahəsi 1189,7 kv.metr, yaşayış sahəsi 315,1 kv.metr təşkil etmişdir. Fərdi yaşayış evi təqdim edilən layihəyə uyğundur. Fərdi evdə hal hazırda tikinti təmir işləri gedir. Fərdi evdə bəzi pəncərələr qoyulmayıbdır. 1-ci mərtəbənin döşəməsindən mansardın hündürlüyünə (H-na) qədər olan məsafə 15,55 metrdir. Layihəyə əsasən isə binanın mərtəbəsindən mansardın (H-na) qədər olan məsafə 11.45 metrdir. Lakin layihədə yazılan zirzəmi mərtəbəsi 1-ci mərtəbədir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 1165.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsi **********33 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sahədəki tikili sonuncu “Google Earth” təsvirində müşahidə edilir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evi layihəyə əsasən zirzəmili 2 mərtəbə+mansardadır. Layihəyə əsasən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin döşəməsindən mansard mərtəbəsinin tavanına qədər olan hündürlüyü 11,45 m təşkil edir. Sözügedən fərdi yaşayış evində aparılan müayinə zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aşırımlar arası məsafənin gözlənildiyi müəyyən edilmişdir. Mövcud olan fərdi yaşayış evinə bitişik qaraj və yay mətbəxi inşa olunmuşdur. Sözügedən fərdi yaşayış evi faktiki olaraq iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 235 saylı sahə Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 23-cü Səbail küçəsi, giriş 29 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən tərtib edilmiş memarlıq planlaşdırma bölməsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (139-1.1.9.), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (139-1.1.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Oxşar normalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da göstərilmişdir. Həmin Qanuna əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd (8.0.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, yaxud digər əsaslarla qanuni istifadəsində olmalıdır. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, həmin evin hündürlüyü 12 metrdən artıq olduğu üçün, həmin ev üzərində iddiaçının mülkiyyət hüququ yalnız tikintisinə icazə tələb olunan tikinti obyektləri ilə bağlı qanunda nəzərdə tutulmuş prosedura riayət edilməklə qeydə alına bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə (bundan sonra - ŞTM) əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1. ). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (80.2.). Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır (8.0.4.). Göründüyü kimi tikinti obyekti barəsində məlumatlandırma icraatının tətbiq edilməsi üçün onun hündürlüyü 12 metrdən artıq olmamalı və aşırımlarının hündürlüyü 6 metrdən artıq olmamalıdır. Hündürlük dedikdə isə tikilinin birinci mərtəbəsinin döşəməsinin səthindən, onun çardaqaltı örtüyünə qədər olan məsafə başa düşülür. ŞTM-in 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. İş materiallarında olan iddiaçıya məxsus fərdi evin memarlıq və planlaşdırma bölməsindən, həmçinin X1 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssis rəyindən də görünür ki, evin birinci mərtəbəsinin döşəməsindən çardaqaltı səthə qədər olan məsafə 9,45 metr, aşırımlarının uzunluğu 3,95 metrdən 5,95 metrə kimi təşkil edir. Evin çardaq hissəsi mansarda mərtəbəsi kimi istifadə edildiyi üçün cavabdeh ilkin olaraq həmin hissəni də evin hündürlüyünə daxil etmiş və evin hündürlüyünün 15,55 metr təşkil etdiyini qeyd etmişdir. Lakin, Qanunun tələbindən görünür ki, fərdi evin mansarda mərtəbəsi onun çardaq hissəsində də yerləşə bilər. Bu isə onun mərtəbə kimi nəzərə alınması və evin hündürlüyünə daxil edilməsinə əsas ola bilməz. Lakin, sonradan məhkəmənin müraciətinə əsasən cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində fərdi yaşayış evinin 1-ci mərtəbəsinin döşəməsindən mansard mərtəbəsinin tavanına qədər olan hündürlüyü 11,45 m təşkil etdiyi qeyd edilmişdir. Qeyd edilən hal isə fərdi evin məlumatlandırma icraatı qaydasında aparılmış prosedur əsasında mülkiyyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına imkan verir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 23-cü Səbail küçəsi, giriş 29 ünvanında yerləşən 0,1165 ha torpaq sahəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsi və tikiliyə dair vahid çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 23-cü Səbail küçəsi, giriş 29 ünvanında yerləşən 0,1165 hektar torpaq sahəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsi və tikiliyə dair vahid çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7915/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7915/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver