Məhkəmə qərarları › İş №e-2-1(112)-7916/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7916/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7916/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanında yerləşən 253,6 kv.m tikilinin iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Tofiq Bəhramov adına stadionun rekonstruksiyası ilə əlaqədar olaraq, 2011-ci ildə “Marxal” adı altında fəaliyyət göstərən restoran sökülmüşdür. Hazırda adıçəkilən stadionun keçmiş rəhbərliyi barəsində cinayət təqibi aparılır. Həmin sökülən daşınmaz əmlakın əvəzinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Nərimanov rayonu, F.X.Xoyski prospekti 98a ünvanında yeni əmlakın inşasına qeyri-rəsmi icazə verildi. İnşaat işlərinin aparılması məqsədi ilə tərəfindən "xxxx" MMC ilə müqavilə imzalandı və müvafiq daşınmaz əmlak tikildi. İnşaat işlərinin aparılmasına çəkilən xərclər şəxsi vəsaiti hesabına aparılmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti ilə 11251 saylı icarə müqaviləsi bağlandı və aylıq icarə haqqı 700 manat müəyyən edildi. Elə həmin dövrdə də şəxsi vəsaiti hesabına inşa edilmiş tikiliyə icarə haqqı vermənin əleyhinə idi. Lakin müqavilə imzalamadan fəaliyyətə başlamağa icazə vermədikləri üçün məcbur olaraq imzaladı. Lakin üzərindən bir müddət keçdikdən sonra cavabdeh təşkilat ona qarşı iddia ərizəsi ilə müqavilə üzrə icarə haqqının qaldırılması və pul vəsaiti tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, mübahisəli tikiliyə sahiblik və istifadə hüququ mövcuddur. Bu halda isə öz hesabına tikilmiş əmlaka görə hər hansı bir icarə haqqı ödəməli deyil. İlkin razılaşmada ancaq torpaq sahəsinə dair icarə müqaviləsi imzalayacağı bildirilmişdi. Belə ki, üzərindəki tikili onsuzda onun hesabına tikildiyi üçün hər hansı bir icarə haqqı ödəməyi məntiqsiz olardı. Lakin artıq külli miqdarda vəsait hesabına tikilinin inşası bitdikdən sonra torpağa dair icarə müqaviləsi imzalanmaqdan imtina edildi və tikiliyə dair müqavilə imzalanmasa fəaliyyətə icazə verilmiyəcəyi bildirildi. Həmin dövrdə artıq maddi imkanı tükənmişdi və inşaat işləri üçün müxtəlif şəxslərdən aldığı borc vəsaiti ondan geri tələb edilirdi. Məcburiyyət qarşısında qalaraq, təklif edilən icarə müqaviləsinə qol çəkməli oldu. Bundan sonra yuxarıda qeyd edilən aylıq icarə haqqını ödəməyə başladı. Lakin üzərindən bir müddət keçdikdən sonra birtərəfli qaydada müqavilədə dəyişiklik aparılaraq, 3200 manata qaldırıldı. Müqavilə imzalamaqdan imtina etdikdə obyektin işığı söndürüldə və kafenin işi faktiki dayandırıldı. Bundan sonra məcburiyyət qarşısında qalaraq adıçəkilən müqaviləni imzalamaq məcburiyyətində qaldı. Həmçinin hansısa səbəbdən vəsaiti hesabına inşa edilmiş tikili Tofiq Bəhramov adına stadionunun balansına verildi. Hesab edir ki, məcburiyyət qarşısında imzaladığı müqavilədə dəyişiklik edilməlidir. Bu məqsədlə cavabdeh təşkilata rəsmi müraciətinə, göndərdiyi pretenziyaya cavab verilməmiş və hazırda məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bir müddət öncə mübahisəli əmlakın xüsusi mülkiyyətinə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 saylı Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinə müvafiq sənədləri təqdim etdi. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsindən imtina verilmişdir. Hesab edir ki, iddiaçının mülkiyyət hüququnun tanınmasından imtina əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü tarxb 2181 nömrəli Fərmanına əsasən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsində baxılmışdır. Sözügedən qeyriyaşayış binasına adıçəkilən Fərmanla bağlı digər fiziki şəxsin müraciəti olmuşdur. Qeyriyaşayış binasının dövlət əmlakı olması səbəbindən Fərmanın predmeti olmadığını nəzərə alaraq müraciətinizin icrası tərəfimizdən mümkün olmamışdır.”

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

11. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə təyin olunmuş məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) iştirak edən iddiaçıya cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamış, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Növbəti məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) iddiaçı iştirakını təmin etməyərək müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

12. Belə ki, iddia ərizəsindən, ona əlavə olunmuş iddiaçının müraciəti və ona cavab məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehə olan müraciətində ona məxsus qeyriyaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanmasını xahiş etmiş, hazırkı iddia tələbi ilə, yəni həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məzmunlu ərizə ilə cavabdehə müraciət etməmişdir.

13. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

14. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.

15. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar