Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7922/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Firması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 17 iyun 1994-ci il tarixdə dövlət qeydiyyatdan keçmişdir, VÖEN və hazırkı qeydiyyat nömrəsi: **********-dir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 oktyabr 2020-ci il tarixli qərarına əsasən İddiaçı Firmasında növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama dövrü 2017 – 2020-ci illəri əhatə etmişdir. Keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə 7 fevral 2022-ci il tarixli, **********149046 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda qeyd edilənlər faktiki vəziyyəti özündə olduğu kimi əks etdirmədiyindən və səyyar vergi yoxlaması qanunvericiliyin tələblərini pozmaqla aparıldığından, iddiaçı həmin aktı imza etməkdən imtina etmişdir. Qeyd edildiyi kimi, yoxlama aktında qeyd edilənlərlə iddiaçı razılaşmadığından, akta dair etiraz verərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Davamı olaraq, aparılan səyyar vergi yoxlamasına dair cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərar qəbul edilmişdir. Həmin məsuliyyətə cəlb edilmə haqqında qərar qismən əsassız və qanunsuz olduğundan məhkəmə qaydasında qismən ləğv edilməli, qanunsuz hesablanan vergi ləğv edilməlidir. İddiaçıya qanunsuz olaraq, növbəti qaydada əlavə vergi və maliyyə sanksiyaları hesablanmışdır: 345316,36 manat mənfəət vergisi, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyası; 461766,36 manat əlavə dəyər vergisi, həmin vergiyə dair 230893,29 manat maliyyə sanksiyası; 254829,16 manat Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə istinad edilərək maliyyə sanksiyası. Əlavə olaraq cəmi 807082,72 manat vergi hesablanmış və 658380,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda mənfəət vergisi üzrə əlavə verginin hesablanmasına iddiaçının dövriyyəsinin bəyan etdiyi məbləğdən çox olması, həmçinin iddiaçının gəlirdən çıxılan xərclərinin bəyan etdiyi məbləğdən az olması səbəb kimi göstərilir. Lakin cavabdeh tərəfindən qəbul edilən məsuliyyət qərarında dövriyyənin azalmasının, xərclərin artırılmasının nədə ifadə olunması öz əksini tapmamışdır. Yəni, iddiaçı tərəfindən bəyan edilmiş konkret olaraq hansı xərclərin artırıldığı məsuliyyət qərarında əksini tapmamışdır. Mübahisələndirilən qərarda əlavə vergi məbləğinin hesablanmasının hüquqi əsası kimi, Vergi Məcəlləsinin 67.1 və 67.1.9-cu maddələrinə istinad edilir. Yoxlama zamanı bütün zəruri sənədlər yoxlayıcıya təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar aparılmamışdır. Bu səbəbdən də, Vergi Məcəlləsinin 67.1 və 67.1.9-cu maddələrinin iddiaçıya tətbiq edilməsi bilməz. Bununla sübut olunur ki, iddiaçı dövriyyəsini və gəlirdən çıxılan xərclərini faktiki vəziyyətə uyğun olaraq bəyan etmiş, buna istinadən vergilərini düzgün hesablamış və ödəmişdir. Əlavə hesablanan ƏDV cavabdeh tərəfindən əsassız və qanunsuz artırılmış dövriyyəyə istinadən hesablandığından, həmin ƏDV məbləği və onunla bağlı maliyyə sanksiyası qanunsuzdur. Qərarda əlavə vergilərin hesablanması ekspertiza rəyinə əsaslanmışdır. Bazar qiymətini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən hazırlanmış ekspertiza rəyində göstərilən qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, ekspertiza rəyində qiymətlərin formalaşmasında hansı mənbələrdən istifadə olunması qeyd olunmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Hətta rəydə qeyd edilən məlumatlarla (dövriyyə) yoxlama aktında və məsuliyyətə cəlb edilmə haqqında qərarda istinad edilən analoji məlumatlar arasında ziddiyyət vardır. İddiaçı ekspert rəyində göstərilənlərlə razılaşmadığı barədə rəsmi olaraq vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 44.11-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Mübahisələndirilən qərarda qeyd edilir ki, iddiaçı tərəfindən mallar təqdim edilən zaman, elektron qaimələr təqdim edilməmişdir, bununla da Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama aktında və ya qərarda qeyd edilən faktın konkret nədən ibarət olması, nə zaman baş verməsi öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları ilə bağlıdır. Yəni, cavabdehin əsassız gəldiyi nəticəyə belə həmin maddənin aidiyyəti yoxdur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənlərə əsaslanaraq və İPM-in 32-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən cavabdehin iddiaçı barəsində qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarının “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə dair 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış 2 iyun 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaya etiraz olunur. “Əlavə dəyər vergisi” bəyannamələrinin düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən sənədlər qeyd edilməklə təqdim edilmiş malların satış qiymətləri və NKA-nın “Z” hesabatı, o cümlədən 2020-ci il üzrə material hesabatları təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilmiş və sənədlərin götürülməsi barədə Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)- 3383/2021 saylı iş üzrə 22 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Sənədlər qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, vergi ödəyicisinin real gəlirini müəyyən etmək mümkün olmamış və 24 noyabr 2021-ci il tarixli **********151897 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılaraq yoxlamaya ekspert cəlb edilmiş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspert rəyinə əsasən vergi ödəyicisinin ümumi dövriyyəsinin 2563740.65 manat olduğu müəyyən edilimiş, yoxlanılan dövr üzrə ümumilikdə azaldılmış 2563740.65 manat dövriyyə fərqinə 18% dərəcə ilə 461473.32 manat ƏDV hesablanmışdır. Yoxlama zamanı müəssisənin mənfəət vergisi yoxlanılarkən malların bazar qiymətini müəyyən etmək üçün ekspert tərəfindən verilmiş rəydəki qiymətlər əsas götürülərək vergi ödəyicisinin gəliri müəyyən edilmişdir, bundan əlavə yoxlama zamanı vergi ödəyicisinin uçot məlumatları ilə baza məlumatlarının uyğunluğu yoxlanılmış, nəticədə illər üzrə əks etdirilmiş malın dəyərinin artıq silinməsi və dövriyyənin azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2017ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 1383429,66 manat deyil, 1539939,48 manat olduğu aşkar edilmişdir, həmin dövr üzrə vergi ödəyicisinin cəmi xərclərinin 1363948,41 manat, o cümlədən malın dəyərinin 1234479,91 manat, 2018-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 5169242,49 manat deyil, 7643931,04 manat olduğu aşkar edilmişdir, həmin dövr üzrə vergi ödəyicisinin cəmi xərclərinin 6454334,20 manat, o cümlədən malın dəyərinin 6042014,79 manat, 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 12741138,61 manat deyil, 13387249,56 manat olduğu aşkar edilmişdir, həmin dövr üzrə vergi ödəyicisinin cəmi xərclərinin 11730251,85 manat, o cümlədən malın dəyərinin 10692168,64 manat olduğu aşkar edilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi ödəyicisinin 2017-cu il üzrə ödəməli olduğu mənfəət vergisinin (keçmiş illərin 35182.34 manat zərəri nəzərə alınmaqla) 24265,52 manat, 2018-ci il üzrə 237919,37 manat, 2019-cu il üzrə 331399,54 manat ümumilikdə azaldılmış mənfəət vergisinin 345316,36 manat olduğu müəyyən edilmişdir. Müəssisə tərəfindən 621588,44 manat dəyərində tibbi avadanlıqlar üzrə mal qalığı olduğu müəyyən edilmişdir, həmin dövr ərzində 5789778,36 manat dəyərində tibbi avadanlıq idxal edilmiş, Daxili bazardan 814824 manat dəyərində mal alınmış, həmin il ərzində e-qaimə ilə təqdim edilmiş tibbi avadanlıqların dəyərinin 4202064,18 manat olduğunu nəzərə alaraq, ilin sonuna 475835,04 manat dəyərində tibbi avadanlıqlar üzrə qalıq dəyəri çıxılmış, nəticədə 2548291,58 manat dəyərində tibbi avadanlıqların Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə faktura ilə təqdim edilməli olduğu halda mallar elektron qaimə faktura vermədən təqdim edilməsinə görə 2548291.84 manat məbləğin 10%-i həcimində, yəni, 254829,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri olan sənədlərin təqdim olunması haqqında 22 noyabr 2021-ci il tarixli **********752900 nömrəli məktubla vergi ödəyicisinə müraciət edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. İddia ərizəsində qeyd edilmişdir ki, Vergi Məcəllsəinin 67-ci maddəsinə istinad edilməsi qanunsuzdur. Bununla bağlı qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən sənədlər qeyd edilməklə təqdim edilmiş malların satış qiymətləri və NKA-nın “Z” hesabatı, o cümlədən 2020-ci il üzrə material hesabatları təqdim edilməmişdir, buna uyğun olaraq da vergi f ödəyicisinin təqdim etdiyi sənədlərə istinad etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 58.7-1ci maddəsinə istinad edilməsi də qanuna ziddir. Vergi ödəyicisinin təqdim etdiyi mallar istehlak xarakterli mallar hesab edilmədiyindən və həmin mallar sahibkarlıq fəaliyyətini həyata keçirilməsi üçün nəzərdə tutulduğundan həmin malların təqdim edilməsi elektron qaimə faktura ilə və nağdsız qaydada həyata keçirilməli idi. Qeyd edilənlərə müvafiq olaraq vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, İddiaçı Firmasının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə məyyən edilir ki, cavabdeh inzibati orqanın 28 oktyabr 2020ci il tarixli qərarı ilə İddiaçı Firmasının 2017-ci ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 12 noyabr 2020-ci il tarixdə başlanmış, 21 dekabr 2021-ci il tarixdə başa çatdırılmış və 7 fevral 2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2017-ci il üzrə 24265,52 manat mənfəət vergisi, 17751,42 manat ƏDV, 2018-ci il üzrə 197623,15 manat mənfəət vergisi, 349618,41 manat ƏDV, 9,40 manat əmlak vergisi, 2019-cu il üzrə 123427,69 manat mənfəət vergisi, 94396,51 manat ƏDV, 2020-ci üzrə 0,02 manat ƏDV hesablanmış, eləcə də Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq müvafiq məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilmişdir. Qərarla həmçinin, Vergi Məvcəlləsinin 58.7-1-ci maddəsinə əsaslanaraq 254829,16 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və iddiaçının fəaliyyəti üzrə 0,03 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərar “345316,36 manat mənfəət vergisinin və 461766,36 manat əlavə dəyər vergisinin hesablanması, bu vergi məbləğlərinə müvafiq (50% miqdarında) maliyyə sanksiyalarının tətbiq edilməsi və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə istinadən 254829,16 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində mübahisələndirir. İddiaçının dəlilləri: 1) Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan tələbləri 2017 – 2018-ci illərdə təqdim edilmiş mallarla bağlı vergi hesablanmasına tətbiq edilməməlidir. 2019-cu ildə təqdim olunmuş mallarla gəldikdə isə, müəssisənin həmin dövr üzrə bəyan etdiyi vergi tutulan dövriyyəsi özünün faktiki satış üzrə dövriyyəsindən 2048969,97 manat artıq olmuşdur. Bu səbəbdən ekspert rəyi əsasında əlavə dövriyyə və vergi məbləğləri hesablanması qanunsuzdur. 2) 2019-cu ilin fevral, sentyabr, noyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan yük gömrük bəyannamələri barədə məlumatlar vergi orqanına daxil olmadığından, əvəzləşdirilmiş 295,20 manat ƏDV nəzərə alınmamışdır. Lakin həmin YGB-lər vergi yoxlaması zamanı vergi orqanına təqdim edilmişdir; 3) mallar fiziki şəxslərə pərakəndə satış qaydasında təqdim edilmişdir və həmin şəxslərin vergi ödəyicisi statusuna malik olub-olmamasının yoxlanılması mümkün olmamışdır, onlar satışla bağlı elektron qaimə faktura və vergi hesab fakturası tələb etməmişlər. Odur ki, həmin sənəd tərtib olunmadan malların satışına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq olunması qanunsuzdur. Cavabdeh 22 avqust 2022-ci il tarixli qərarın mübahisələndirilən hissədə qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı cəlb olunmuş ekspert tərəfindən verilən rəy əsasında dövriyyə müəyyənləşdirilmiş və həmin dövriyyə üzrə vergilər hesablanmışdır; 2) iddiaçının 2548291,84 manat məbləğində malın elektron qaimə faktura verilmədən təqdim etdiyi aşkar olunmuş və ona Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsaslanaraq həmin məbləğin 10% həcmində, yəni 254829,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 15 aprel 2022-ci il tarixdə, yəni qərarın qəbulundan 28 gün sonra daxil olduğundan, iddia tələbi üzrə iddia müddəti buraxılmamış qiymətləndirilir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsi) tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: - 30 gün ərzində vergi ödəyicislərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30%-dən çox (aşağı və yuxarı) dəyişdikdə. Həmin Məcəllənin 14.3-cü maddəsinin 1 yanvar 2019-cu il tarixdən 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: - (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 18 mart 2022-ci il tarixli **********155694 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə növbəti səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın aparıldığı dövrdə qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 13 aydan artıq vaxt davam etmiş, bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” qərar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş 18 mart 2022-ci il tarixli qərarda ümumi ifadələr yazılmaqla kifayətlənilmiş və formal şəkildə əsaslandırılmışdır. Bundan başqa, vergi orqanı yoxlamanın gedişində 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərar qəbul edərək bu qərarın qəbulunu məhkəmənin icraatnda “sənədlərin götürülməsi” tələbi üzrə işin olması ilə əsaslandırmış və yoxlamanın gedişatını həmin iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. Lakin müvafiq iş üzrə məhkəmə qərarının qəbulu 22 noyabr 2021-ci il tarixə təsadüf etsə də, vergi orqanı 24 noyabr 2021-ci il tarixdə, yəni 2 gündən sonra həmin qərarın qanuni qüvvəyə minməsini gözləmədən “yoxlamanın bərpa edilməsi“ və “espertiza təyin edilməsi” barədə qərarlar qəbul etmişdir. Bununa da, “yoxlamanın dayandırılması barədə” qərarın formal olaraq qəbul olunmamasına ehtimallar aradan qalmış olur. Hazırkı işin hallarından görünür ki, inzibati orqan yoxlama keçirərkən 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, bununla da yoxlamanın müddətini əsassız olaraq 25 gün uzatmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlamasının müddətinin “iş günü” ilə hesablanması barədə müvafiq dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, yoxlamanın keçirildiyi 1 il 1 aydan artıq müddət həmin tarixdən əvvəlki dövrə təsadüf edir. Bütün göstərilənlər, səyyar vergi yoxlamasının aparılmasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət meyarlarının kobud pozuntusu qismində qiymətləndirməlidir. - Vergi orqanı yoxlamanın gedişində müvafiq qərarlarla vergi ödəyicisi kimi hazırkı iddiaçının 2017 – 2018-ci illərdə təqdim etdiyi mallarıın real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ekspert rəyində əks olunan qiymətlər nəzərə alınmaqla, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin 1 yanvar 2019-cu il tarixdən 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsaslanaraq bazar qiyməti əssında dövriyyə müəyyən etmiş və həmin dövriyyəyə uyğun əlavə mənfəət vergisi və ƏDV məbləğləri hesablamışdır. Lakin Vergi Məcəlləsinin həmin maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan tələbləri yuxarıda qeyd olunan 2017 – 2018-ci illərdə təqdim edilmiş mallarla bağlı vergi münasibətlərinə tətbiq edilə bilməz. Vergi Məcəlləsinin həmin dövrdə (1 yanvar 2019-cu il tarixədək) qüvvədıə olan tələbləri isə, bu hallarda bazar qiymətinin tətbiqinə yol vermir. 2019-cu ildə təqdim olunmuş mallara gəldikdə isə, iddiaçının həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamələrdə malların satışı üzrə dövriyyəni ekspert rəyi əsasında hesablanmış dövriyyə ilə müqayisə etdikdə, 30%-dən çox fərqlənməklə aşağı qiymətə satılan malların toplam dövriyyəsi 1675219,72 manat təşkil edir. Halbuki, iddiaçının həmin dövr üzrə bəyan etdiyi vergi tutulan dövriyyəsi özünün faktiki satış üzrə dövriyyəsindən 2048969,97 manat artıq olmuşdur. Ona görə də ekspert rəyi əsasında əlavə dövriyyə və vergi məbləğləri hesablana bilməz; - Vergi orqanının 18 mart 2022-ci il tarixli qərarında qeyd olunur ki, 2019-cu ilin fevral, sentyabr, noyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan 4 yük gömrük bəyannaməsi Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığından, əvəzləşdirilmiş 295,20 manat ƏDV nəzərə alınmamışdır. Lakin həmin YGBlər məhkəmə icraatında təqdim edilmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bununla da, məhkəmə icraatında müəyyən edilir ki, həmin ƏDV məbləğinin əzəvləşdirilməməsi əsasız olmuşdur. - Müvafiq mallar fiziki şəxs olan istehlakçılara pərakəndə satış qaydasında təqdim edildiyindən, həmin şəxslərin vergi ödəyicisi statusuna malik olub-olmamasının yoxlanılması vergi ödəyicisi kimi hazırkı iddiaçının vəzifəsi deyil, Eləcə də həmin şəxslər malların satışı ilə bağlı elektron qaimə faktura və vergi hesab fakturası tələb etmədiyindən, belə sənəd tərtib olunmadan aparılmış əməliyyata görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq oluna bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarı qismən, yəni “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə dair 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarı “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 mart 2022-ci il tarixli **********155694 nömrəli qərarı “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-7922/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7922/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver