Məhkəmə qərarları › İş №e-2-1(112)-7925/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7925/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7925/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X5 və X4) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən X5 və X1 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən (reyestr **********30-05101-093018 nömrəli, qeydiyyat tarixli xx.xx.2021, qeydiyyat nömrəli **********) çıxarış verilmişdir. Həmin mənzilə xx.xx.1988-ci il təvəllüdlü X5 (iddiaçının qızı) və xx.xx.2002-ci il təvəllüdlü X4 (iddiaçının gəlini) qeydiyyatdadırlar və hal-hazırda da könüllü surətdə qeydiyyatdan çıxmaq istəmirlər. Onların həmin mənzildə qeydiyyatda olmaları iddiaçının həmin mənzilə dair sərəncam vermək hüququmu məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 və X4 (bundan sonra – üçüncü şəxslər) məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, X5 onun qızı, X4 isə onun onun gəlinidir. Qızı ölkəni tərk edərək getmişdir və çoxdandır ki, həmin ünvanda yaşamır. Gəlini isə hal-hazırda həmin ünvanda yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 xx.xx.2021-ci ildən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən üçüncü şəxslər Bakı şəhəri, ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1 (həmin vaxt Gənclər küçəsi adlanmışdır) xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən iddiaçıya satılmışdır. 137 saylı Mənzil Kommunal Sahəsinin məhkəmə sorğusuna əsasən xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 həmin ünvanda 2010-cu ildən (təxminən 15 ildir) yaşamır. X4 isə təxminən 1 il yarımdır həmin ünvanda yaşayır. Hər iki şəxsin qeyd olunan ünvanda qeydiyyatda olması “Asan Xidmət” vasitəsilə xx.xx.2025-d il tarixində alınmış Forma 2 arayışı ilə təsdiqlənmişdir. 137 saylı MKİS-nin arxivində olan mənzil üzrə çıxarışa uyğun olaraq, mənzil İddiaçı məxsusdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina məktubunda vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq səlahiyyətinin daxili işlər orqanlarında olmadığı səbəbindən iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (2). Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır (5). Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (9). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi üçüncü şəxslərdən X4 iddiaçının gəlinidir və iş materialları, o cümlədən iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, o Bakı şəhəri, ünvan 1 ünvanında hal-hazırda yaşayır. Belə olan halda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının müddəalarına uyğun olaraq iddiaçı onun yaşayış yerindən çıxarılması barədə iddia ilə mülki qaydada ümumi məhkəməyə müraciət etməlidir. İddia təmin edilərək məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı təqdirdə X4 həmin məhkəmə qətnaməsi əsasında yaşayış sahəsindən çıxarılması ilə yanaşı onun həmin ünvana olan qeydiyyatı da ləğv ediləcəkdir. O, həmin mənzildə hazırda yaşadığı üçün yaşayış sahəsindən qeydiyyatdan çıxarılması barədə iddia inzibati məhkəmə tərəfindən təmin edilə bilməz. X3 münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, ünvan 1 iddiaçı tərəfindən 1995-ci ildə alınmışdır. X5 isə iddiaçının ailə üzvü olmaqla həmin mənzildə yaşamışdır. Bu səbəbdən hazırkı iş həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi X4 iddiaçının ailə üzvü olmaqla Bakı şəhəri, ünvan 1-dan istifadə hüququ əldə etmişdir. Belə olan halda onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna xitam verilməlidir. Bu səbəbdən iddiaçı X2 mənzildən istifadə hüququna xitam verilməsi barədə mülki qaydada iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməli idi. İddia təmin edilərək məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı təqdirdə X5 həmin məhkəmə qətnaməsi əsasında mənzilə istifadə hüququna xitam verilməsi ilə yanaşı onun həmin ünvana olan qeydiyyatı da ləğv ediləcəkdir. Onun həmin mənzildən hazırda istifadə hüququ olduğu üçün yaşayış sahəsindən qeydiyyatdan çıxarılması barədə iddia inzibati məhkəmə tərəfindən təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən X5 və X1 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar