Məhkəmə qərarları › İş №e-2-1(112)-7932/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7932/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7932/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı “qərarın ləğv edilməsi və s” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən 24 iyul 2024-cü il tarixdə dəqiqləşmə verilmişdir. Sonradan məhkəmənin təklifinə uyğun olaraq yenidən dəqiqləşmə apapırlmış, məhkəmənin 14 avqust 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiyanın bərpa olunması, bərpa olunmuş pensiya üzrə prokurorluq işçilərinin əmək haqqından artımlar, maddi yardım və indeksləşdirmə ilə bağlı artımlar nəzərə alınmaqla yenidən hesablanması, qanunsuz hesablanmış 5588,64 manat borc məbləğinin ləğv edilməsi, qanunsuz tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona münasibətdə artıq ödəmə hesablanmış, pensiyasından qanunsuz olaraq tutulmalar aparılmışdır. İddiaçı hesab edir ki, cavabdehin həmin hərəkətləri qanunsuz və əsassızdır. Tutulmaların aparılması ilə əlaqədar məhkəmə qərarı və ya onun razılığı mövcud olmamışdır. Xidmətin 25 ili tamam olanda, yəni 2006-cı ildə ona pensiya təyin edilmiş və işləyərkən pensiyasının 50 faizi alınmışdır. Pensiya qanunvericiliyində edilən dəyişikliklər əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanmasına əsas verdiyindən bunula bağlı müraciət etmiş, əmək haqqı arayışı təqdim etmiş və 2014-cü ildə pensiya son 24 ayın əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmış və 2023-cü ilə kimi həmin pensiyanı almışdır. Pensiya qanunvericiliyində əvvəllər təyin olunmuş pensiyalara yeni qanunvericiliyin tətbiqinə dair hər hansı məhdudiyyət mövcud olmamışdır. Qanunun 20.8-ci maddəsində prokurorluq orqanlarında qulluğun son 24 ayı ifadəsi pensiya təyin oluan günə qulluğun son 24 ayını da özündə ehtiva edir. Əks halda qulluğu davam etdirən şəxslərə bu qayda tətbiq edilə bilməzdi. Əvvəlki qanuna görə 25 il, indiki qanuna əsasən 35 il prokurorluqda xidmət etmiş və prokurorluqda qulluğu davam etdirən şəxslərə qulluğun son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən pensiya təyin edilməsi də həmin mövqeyin əsaslı olduğunu bir daha təsdiq edir. Yeni qanunvericilik hesablamanın son 24 ayın orta aylıq əmək haqqına əsasən aparılmasına imkan vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayından etibarən iddiaçının pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 4999,14 manat müəyyən edilmişdir. Ümumilikdə ona 2958,86 manat pul vəsaiti artıq ödənilmişdir. 01 yanvar 2024-cü il tarixdən indeksləşdirilməklə pensiya 5559,04 manat müəyyən edilmiş, yanvar ayı üzrə ödənilməli olan 559,90 manat fərq məbləği hesablanıb. Ona ödənilməli olan həmin vəsait artıq ödənilmiş 2958,86 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, qalan artıq 2398,96 manat vəsaitin büdcəyə bərpa edilməsi əmək pensiyasından tutulmaların aparılması üçün yazılı razılığın verilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 06 mart 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2023-cü ilin mart ayından etibarən iddiaçının pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 4999,14 manat müəyyən edilmişdir. Ümumilikdə ona 2958,86 manat pul vəsaiti artıq ödənilmişdir. 01 yanvar 2024cü il tarixdən indeksləşdirilməklə pensiya 5559,04 manat müəyyən edilmiş, yanvar ayı üzrə ödənilməli olan 559,90 manat fərq məbləği hesablanıb. Ona ödənilməli olan həmin vəsait artıq ödənilmiş 2958,86 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmiş, qalan artıq 2398,96 manat vəsaitin büdcəyə bərpa edilməsi əmək pensiyasından tutulmaların aparılması üçün yazılı razılığın verilməsi təklif edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, 01 yanvar 2023-cü il tarixdən 4999,13 manat pensiyanın ödənilməsi qərara alınmışdır. Cədvəllərdən görünür ki, yeni hesablama zamanı 01 mart 2016-01 mart 2018-ci illər üzrə əmək haqqısı nəzərə alınmaqla hesablama aparılmışdır. 31 oktyabr 2006-cı il tarixli qərardan görünür ki, iddiaçıya ilkin pensiya təyinatı aparılmışdır. 29 noyabr 2012-ci il tarixli qərardan görünür ki, iddiaçıya əmək pensiyası təyinatı aparılmışdır. Baş Prokurorluğun 10 fevral 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının 01 yanvar 2014-cü il tarixindən 01 mart 2018-ci il tarixədək dövr ərzində hesablanmış əmək haqqı və digər ödənişlər barədə arayış təqdim edilmişdir. Baş Prokurorluğun 20 fevral 2018-ci il tarixli əmrindən görünür ki, iddiaçı həmin tarixdən tutduğu vəzifədən azad edilmiş və qulluq keçməsinə xitam verilmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya əvvəllər təyin olunmuş pensiyanın hesablanması 2012-2014-cü illər üzrə 24 aylıq əmək haqqı nəzərə alınmaqla həyata keçirilmiş, cavabdeh sonradan inzibati icraat aparmaqla həmin növ hesablama qaydasını dəyişdirərək iddiaçının prokurorluq orqanlarında qulluq keçməsinə xitamdan əvvəlki 24 ay üzrə, yəni 01 mart 2016-01 mart 2018-ci illər hesablama aparılmalı olması ilə əlaqədar qərar qəbul etmişdir. Buna uyğun olaraq da cavabdeh tərəfindən pul tutulmaları həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının azaldılması, daha doğrusu hesablama qaydasının iddiaçını əlverişsiz vəziyyətə gətirən məbləğə münasibətdə dəyişdirilməsinə yönəlmə barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki bu səbəbdən məhkəmə hesab edir ki, əmək pensiyasının azaldılmasına yönələn yenidən hesablama haqqında qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. Məhkəmə hesablama qaydasının dəyişdirilməsi barədə qərarın ləğvinin prosessual əsasları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatla bağlı oxşar prosessual normalar, eyni zamanda inzibati məhkəmə icraatı ilə bağlı da mövcuddur. Belə ki, AR İPM-nin: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir: 69.1.3. əsaslandırma hissəsindən; 9.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İnzibati prosessual qanunvericiliyin inzibati məhkəmə icraatının işin mahiyyəti üzrə nəticələrini əks etdirən yekun qərarının tərtib edilməsi ilə bağlı məcburi normalarının tələbindən də göründüyü kimi məhkəmə yekun nəticəyə gələrkən, o cümlədən şəxsin iddiasının rədd edilməsi kimi iddiaçıya münasibətdə əlverişsiz olan nəticəyə gələrkən öz qərarında mövqeyini əsaslandırdığı səbəbləri göstərməli, faktlar və sübutlara əsaslanmalıdır. Qərarın əsaslandırma hissəsində isə faktlar və sübutların qiymətləndirilməsi əks etdirilməli, məhkəmə hansı səbəblə iddianın təmin, o cümlədən rədd edilməsinə qiymət verməlidir. Eyni zamanda oxşar normalar inzibati icraatı həyata keçirən inzibati orqanın qərar qəbul edilməsinə münasibətdə də öz əksini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi məhkəmə qərarında olduğu kimi inzibati aktın qəbulu zamanı da, həll edilən məsələnin dəqiq göstərilməsi, aydın və anlaşılan olması, əsaslandırılmalı olması, əsaslandırma zamanı faktiki və hüquqi halları, bununla bağlı sübutların qiymətləndirilməsi mütləq şərt kimi göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, necə ki, pensiya təminatı ilə bağlı iddialarda daxil olmaqla məhkəməyə daxil olan iddia ərizəsinin mahiyyətinə qiymət verilən zaman, eləcə də iddia rədd edilən zaman, rədd edilmənin əsaslandırılması məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri əsas götürülməklə həyata keçirilir, inzibati orqan tərəfindən də inzibati icraat haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırma olmalıdır. Necə ki, heç bir əsaslandırma olmadan iddia tələbi rədd edilsin, çünki belə hesab edirəm formasında birinci instansiya məhkəməsinin yekun qərarı yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti düzgün olsa belə ləğv üçün əsasdır, eləcə də cavabdehin heç bir əsaslandırma olmayan əmək pensiyasının yenidən hesablanması barədə qərarı mahiyyət baxımından gəlinən nəticə düzgün olsa belə prosessual baxımından ləğv edilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən qərardan isə görünür ki, qərarda pensiyanın azaldılmasına əsasları üzrə bir kəlimə belə yoxdur və həmin azalmanın səbəbləri cavabdeh tərəfindən məhkəmə iclasında irəli sürülmüşdür. Bu isə, inzibati icraatın düzgün aparılıb-aparılmamasını həyata keçirən məhkəmə üçün inzibati icraatın düzgün həyata keçirilməsini özündə ehtiva etməli olan cavabdehin hərəkətlərinin qanuniliyi və əsaslığı nəticəsinə gəlinməsi əsası qismində çıxış etməməklə, prosessual baxımından inzibati icraat haqqında qanunun pozuntusunu ehtiva edir. Həmçinin, qeyd edilməlidir ki, inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar hüququ baxımından mahiyyəti üzrə düz olsa belə inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan, məhkəmə iclası keçirilmədən şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan, inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məqsəd isə konkretdir. maraqlı şəxs, xüsusi ilə də hazırki halda pensiya alan şəxs (iddiaçı) pensiya məbləğinin azaldılması və ya dayandırılması barədə pensiya məbləğinin azaldılmasını pensiya kartından pul çəkərkən müəyyən etməsin, ehtimal olunan azaldılma barədə əvvəlcədən məlumatlı olsun ki, nəzərdə tutulmuş məbləğin azaldılmasına münasibətdə həyat tərzini, maddi ehtiyaclarla uyğun məbləğ bölgüsünü əvvəlcədən müəyyən edə bilsin. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək pensiyasının ididaçını əlverişsi vəziyyətə gətirən hesablama qaydasının dəyişdirilməsi ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar ləğv edilməlidir. Qeyd olunmalıdır ki, əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsinə və onu əlverişsiz vəziyyətə salınmasına yönəlmiş inzibati aktın ləğvi edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, indiki halda əvvəlki hesablama qaydasının bərpa edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılmasını ehtiva etdiyindən qərar ləğv edilirsə, digər tələblər də təmin edilməli, əvvəlki pensiya hesablama qaydası bərpa edilməli və tutulmuş pul məbləği geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid iddia üzrə hüquqi nəticələrin aradan qaldırılması ilə əlaqədardır. İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən tələb mübahisələndirilən qərarların ləğvindən yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına da xidmət edir. Odur ki, əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsi barədə qərar ləğv edildiyindən, əvvəlki pensiya bərpa edildiyindən tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə, xüsusi olaraq onun qeyd edir ki, pul məbləğinin geri qaytarılmalı olması, qərarın ləğvi ilə əlaqədar olsa da, həmin qərar ləğv edilməsə belə, pul məbləğinin tutulmasından söhbət gedə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı həmin məbləğin tutulmalı olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir, hər bir halda prosessual qənaət prinsipi baxımından tutulmanın, əvəzləşdirmənin aparılmalı olub-olmamasına mahiyyəti üzrə qiymət verilməsi mümkündür ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilən inzibati icraat haqqında qanunvericiliyin etimad hüququna istinadla bağlı tələbinə uyğun olmayan hər hansı hərəkətə iddiaçı tərəfindən yol verilmədiyindən artıq ödəmə hesab edilsə belə, həmin məbləğin iddiaçıdan tutulmasına, əvəzləşdirilməsinə münasibətdə cavabdehin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Tutulan və ya əvəzləşdirilməsi nəzərdə tutulan məbləğ artıq ödəmə olsa belə, həmin ehtimal olunan artıq ödəmədə iddiaçının hər hansı təqsiri mövcud olmamış, iddiaçının iradəsindən kənar qaydada hesablama həyata keçirilmişdir ki, həmin ödəmənin artıq ödənilməsi müəyyən edilsə belə, bu həmin ehtimal olunan artıq ödəmənin aparılmasını həyata keçirmiş inzibati orqanın əməkdaşının və ya əməkdaşlarının məsuliyyət sferasına aid məsələdir və həmin məbləğin iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması, ondan pulun tələb edilməsi hesabına kompensasiya edilməsi pozuntudur. Lakin, məhkəmə Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı mövqe də nəzərə alınmaqla hesab edir ki, iddia qismən təmin edilməli, inzibati icraat düzgün qaydada cavabdeh tərəfindən aparılmalı, buna dair öhdəlik inzibati orqan üzərində qoyulmalıdır. Belə ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-470/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilmiş, Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarda qeyd edilmişdir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu qərarın əsaslandırma hissəsində qeyd edilən hüquqi mövqe baxımından, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul olunarkən, hazırkı mübahisəyə münasibətdə həmin qərarın qəbulu üzrə icraatla bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Odur ki, həmin məsələyə inzibati icraat qanunvericiliyinin müvafiq müddəalarına riayət edilməklə yenidən baxılmasının, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan qaydada və həcmdə araşdırmanın aparılmasının zəruri olduğunu, eləcə də həll edilməli olan məsələyə dair araşdırmanın həcmini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin olunmalı, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, 2-1(102)-115/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda da analoji mövqedən çıxış edilmişdir. Adıçəkilən qərarda da qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı qərarın ləğvi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması barədə tarixli qərar ləğv edilməli, iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. 2-1(102)-244/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda, 2-1(102)-30/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda da qeyd edilmişdir ki, analoji mövqedən çıxış edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarlar ləğv edilmiş, iddia qismən təmin edilmiş iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Formalaşmış həmin təcrübə nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının hesablanma qaydasının dəyişdirilməsinə yönəlmiş məsələsinə baxılması imkanları tükənmədiyindən inzibati orqan tərəfindən həmin məsələyə baxılması imkanı mövcuddur. Belə ki, iddiaçının pensiyasının hesablanma qaydası ilə cavabdehin hesablama qaydası arasında hüququn tətbiqinə münasibətdə fərqli mövqe mövcuddur ki, məhkəmə hesab edir ki, prosessual tələblərin pozuntusu nəzərə alınmaqla həmin məsələyə mahiyyəti üzrə qiymət verilməsi zərurəti mövcud deyildir. Həmin hal düzgün aparılmış inzibati icraat çərçivəsində iddiaçı və cavabdeh arasında inzibati icraatla bağlı tələblər daxilində mübahisəli məsələdir ki, aparılacaq inzibati icraat nəticəsində həmin məsələyə mahiyyəti üzrə qiymət verilməsi zəruridir. Bu zaman isə, məhkəmənin hazırkı qərarda müəyyən etdiyi hüquqi mövqe mütləq nəzərə alınmalı və əmək pensiyasının hesablanma qaydasına dair icraat həmin tələblərə əməl olunmaqla həyata keçirilməlidir. Qeyd olunur ki, əmək pensiyasının yenidən hesablanmasına dair icraatın hansı qaydada aparılmalı olması, dinlənilmə hüququnun təmin edilməli olması, qərar qəbul ediləcəyi təqdirdə onun əsasdırılmalı olması və digər inzibati icraatla bağlı müddəaların gözlənilməsi olması və inzibati icraatın buna uyğun həyata keçirilməsi də məhkəmə qərarının əsaslandırıcı hissəsində öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə icraatla bağlı tələblərə riayət edilməklə baxılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Doğrudur hazırkı iddia üzrə qərar ləğv edildiyindən, hər bir halda əvvəlki hesablama qaydası bərpa edilməli olsa da, iddia tələbindən və cavabdehin məhkəmə icraatı gedişində qeyd etdiyi mövqedən aydın olur ki, mahiyyəti üzrə iddiaçı və cavabdehin müraciət üzrə mövqeyi eyni olmamışdır. İddiaçı hesab edir ki, mart 2012-ci ildən mart 2014-cü ilə kimi əmək haqqı əsas götürülməklə hesablama qaydası qanunvericiliyin tələblərinə uyğun olmuş, yeni qanunvericilik tətbiq edilməli olmuş və bu tətbiqetmə zamanı hər hansı 24 ayın götürülməsi ilə bağlı müraciət tam qanuni və əsaslı olmuşdur. Cavabdeh isə hesab edir ki, vəzifədən azad edildiyi tarixdən əvvəlki 24 ay üzrə hesablama aparılmalı olmuş, iddiaçının qeyd etdiyi kimi hər hansı 24 ayın götürülməli olması əsassız olmuşdur. Məhkəmə də iddianın qismən təminini məhz həmin fərqli mövqedən çıxış edərək qeyd edir. Belə ki, məhkəmə iddiaçının göstərdiyi qaydada hesablamanın bərpasını iddiaçının hüquqi mövqeyini əsaslı hesab edərək təmin etməmiş, prosessual baxımdan qərarın ləğvinin hüquqi nəticəsi olması kimi qiymət verilmişdir. İddiaçının mövqeyinin qiymətləndirilməsi isə yeni inzibati icraatın nəticəsində həll edilməli olan məsələdir ki, cavabdeh tərəfindən yeni inzibati icraat çərçivəsində, məhz həmin hesablama qaydası ilə əlaqədar iddiaçının müraciətinə baxılmalıdır. Bu baxılma qaydasında isə məhkəmə qərarında nəzərdə tutulmuş hüquqi mövqe nəzərə alınmaqla inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi olması cavabdehə həvalə edilmiş, bərpa zərurəti də məhz prosesual əsaslarla bağlı olmuşdur ki, iddia tam təmin ediləcəyi təqdirdə apellyasiya şikayətinin iddiaçı tərəfindən verilməsi nəzərdə tutulmadığından, iddiaçının tələbi isə, həmçinin də məhz həmin hesablama qaydasının tətbiq edilərək təmin edilmə ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, pensiyanın əvvəlki hesablama qaydası bərpa edilsə də, əvvəlki hesablama qaydasının mahiyyəti üzrə birdəfəlik məhkəmə qərarı ilə bərpası hazırkı mərhələdə istisna edilir. Həmin məsələ düzgün aparılmış inzibati icraatın predmeti hesab edilir ki, məhkəmə hesab edir ki, cavabdeh həmin müraciət üzrə məsələyə baxmalı və qiymət verməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiya hesablanma qaydasının bərpa olunması, bərpa olunmuş pensiya üzrə prokurorluq işçilərinin əmək haqqından artımlar, maddi yardım və indeksləşdirmə ilə bağlı artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, hesablanmış 5588,64 manat borc məbləğinin ləğv edilməsi və iddiaçıdan tutulmuş, həmçinin əvəzləşdirilmiş pul məbləğlərin geri qaytarılması öhdəliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçının mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiya hesablanma qaydasına dair mahiyyəti üzrə müraciətinə dair əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar