Məhkəmə qərarları › İş №e-2-1(112)-7964/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7964/2025

22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7964/2025 22.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya qərar əsasında 9/1231v nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı qeyd edir ki, həmin sahə 35 ildir ki, onun faktiki istifadəsindədir. cavabdehə hüququn qeydiyyata alınması ilə əlaqədar müraciət etmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Belə ki, qərar qüvvədədir, ləğv edilməmişdir. Məhkəmə qətnaməsi əsasında da fakt öz təsdiqini tapmışdır. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, orderin nüsxəsi aşkar edilməmişdir. Orderdə BTK-nın nömrəsi 96 kimi qeyd edilsə də, arxiv arayışında 65-dir. Arxiv arayışında soyad Məsimov kimi göstərilsə də, orderdə Mənsimov qeyd edilib. Eyni bağ massivində yerləşən torpaq sahəsi eyni bağ nömrəsi ilə müqavilə əsasında digər şəxs Sevda Abbasovanın adına qeydiyyata alınmışdır. Sxematik uyğunsuzluq mövcuddur. Göstərilən sahə digər 1332 indeksli torpaq sahələrinin ərazisinə uyğun gəlir. Nardaran mişardaşı yatağının konturu daxilində yerləşir. BTK sxemində bağ nömrəsi aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktublarında qeyd edilir ki, orderin nüsxəsi aşkar edilməmişdir. Orderdə BTK-nın nömrəsi 96 kimi qeyd edilsə də, arxiv arayışında 65-dir. Arxiv arayışında soyad Məsimov kimi göstərilsə də, orderdə Mənsimov qeyd edilib. Eyni bağ massivində yerləşən torpaq sahəsi eyni bağ nömrəsi ilə müqavilə əsasında digər şəxsin adına qeydiyyata alınmışdır. Baxış üçün şərait yaradılmamışdır. Sxematik uyğunsuzluq mövcuddur. Göstərilən sahə digər indeksli torpaq sahələrinin ərazisinə uyğun gəlir. Nardaran mişardaşı yatağının konturu daxilində yerləşir. BTK sxemində bağ nömrəsi aşkar edilməmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, 22 sentyabr 1989-cu il tarixli qərarın əsasında verilmiş orderin İddiaçı məxsus olma fakti müəyyən edilmişdir. Orderdən görünür ki, 1200 kv.m torpaq sahəsi iddiaçıya 9/1231 v nömrəsi ilə ayrılmış, orderin verilməsinə əsas olmuş qərar 22 sentyabr 1989-cu il tarixli qərar olmuşdur. Adıçəkilən qərarın Dövlət Arxivinin Bakı Filialında olan nüsxəsindən görünür ki, iddiaçıya 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Müayinə aktından görünür ki, bağ sahəsi mişar daşı ilə hasaralanıb. Bağ sahəsində bağ evi, anbar mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi order və qərar hüquqmüəyyənedici sənəd qismində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması əsaslarından biri kimi çıxış edir ki, iddiaçıda torpaq sahəsinin ayrılmasına dair qərar və həmin qərar əsasında verilmiş orderə istinadla 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciət etmiş, müraciətin təminindən isə əsassız olaraq imtina edilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Məhkəmə, cavabdeh tərəfindən orderin aidiyyəti qurumun arxivində aşkar olunmaması ilə bağlı irəli sürülmüş arqumentləri hüquqi baxımdan əsaslı hesab etmir. Belə ki, orderin arxivdə olmaması, onun hüquqi qüvvəsini və ya hüquqi nəticələr doğurmaq qabiliyyətini şübhə altına almır. Bu xüsusda nəzərə alınmalıdır ki, iddiaçı orderin tərtib olunmasında və aidiyyəti üzrə arxivə təqdim edilməsində iştirak etməmişdir və onun bu proseslərə hər hansı formada təsiri və ya məsuliyyəti olmamışdır. Bu səbəbdən, orderin arxivdə aşkar edilməməsi, vəziyyəti iddiaçının ziyanına dəyişmir və onun hüquqlarını məhdudlaşdırmaq üçün əsas kimi qəbul edilə bilməz. Digər tərəfdən, orderdə istinad olunan qərarda iddiaçının adının da qeyd edildiyi müəyyən edilmiş, iddiaçıya məhz 1200 kv.m torpaq sahəsinin ayrılması qərarın arxivdə olan nüsxəsində öz təsbitini tapmışdır. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-255/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Qeyd olunan müqavilənin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-988/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Doğrudur həmin işlər üzrə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin nüsxəsinin idarənin arxivində aşkar olunmaması ilə bağlı qiymətləndirmə aparılmışdır, lakin məhkəmə hesab edir ki, təkcə icarə müqaviləsinin arxivdə aşkar olunmaması yox, torpaq sahəsinə dair verilmiş orderin idarənin arxivində aşkar olunmaması ilə bağlı olmasına münasibətdə həmin mövqedən fərqli mövqeyin tətbiqinə hər hansı zərurət mövcud deyildir. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi hala (sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi digər bağın ərazisinə düşmə) münasibətdə isə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez istinad etdiyi imtina əsaslardan biridir. Lakin mövcud məhkəmə təcrübəsi göstərir ki, belə hallarda “sxematik xəritə ilə uyğunsuzluq” əsasının inzibati orqanlar tərəfindən mülkiyyət hüquqlarını məhdudlaşdırmaq üçün istinad edilməsi qanunaziddir. Xüsusilə, bağ sahələrinin faktiki vəziyyəti ilə sxematik xəritələrdəki uyğunsuzluqlar, vətəndaşların mülkiyyət hüququnun qorunmasına mane olmamalıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli; 2- 1(102)-1537/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-2030/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-69/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Odur ki, sxematik xəritə ilə hər hansı uyğunsuzluq halının olması, digər bağın ərazisinə uyğun gəlmə kimi imtina dəlillərinin qanuniliyindən söhbət gedə bilməz. İşin faktiki hallarından da göründüyü kimi hasara alınmış torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir ki, faktiki ölçülər nəzərə alınmaqla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Beləliklə, torpaq sahəsinə münasibətdə sxematik uyğunsuzluğun olması, eləcə də sxemdə bağ nömrəsinin aşkar edilməməsi müraciətin təminindən imtina üçün əsas ola bilməz. Digər şəxsin adına qeydiyyatla bağlı isə müəyyən olunmuşdur ki, göstərilən şəxslə iddiaçının iddia etdiyi torpaq sahəsi fərqli sahələrdir ki, 1332 indeksli bağ sahələrinə iddia olunan torpaq sahəsinin aid edilməsi ilə, müəyyən edilir ki, qeydiyyatdan keçmiş bağ sahəsi və iddia olunan bağ sahəsinin hər hansı əlaqəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki orderin verilməsinə əsas olmuş qərarda iddiaçının adı göstərilmişdir və orderin mötəbərliyi mübahisələndirilməmişdir, BTK-nın nömrəsində, soyadda, bağ nömrəsində iddiaçının təqsir sferası ilə əlaqədar olmayan uyğunsuzluq, aidiyyəti inzibati orqanların səhvi nəticəsində tərtibatında hər hansı pozuntu hər bir halda mülkiyyət hüququnun realizəsinə maneə ola bilməz, eləcə də iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Nəzərə alınmalıdır ki, qətnamə əsasında da hüquqmüəyyənedici sənədin iddiaçıya məxsusluğu faktı da müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən hər hansı hal mövcud deyildir. Digər tərəfdən cavabdeh Nardaran mişardaşı yatağının konturu daxilində olmaya istinad etsə də, işin faktiki hallarından, təqdim edilən fotoşəkil və müayinə aktından, eləcə də məhkəməyə verilən və sorğu əsasında alınmış çıxarışlardan görünür ki, bağ sahəsinin olduğu ərazi yaşayış məntəqəsi hüdudları daxilindədir. Digər tərəfdən cavabdeh özü bağ sahələrinin indeks üzrə 1332 nömrəyə uyğun gəlməsini qeyd etməklə, əsində mişar daşı yatağının konturu olma ilə bağlı dəlilinə münasibət bildirilməsini mümkün edib. Nəzərə alınmalıdır ki, sahə 1332 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlirsə, deməli cavabdehin istinad etdiyi həmin məlumatlar ərazinin bağlar ərazisi olmasını təsdiqləyir. Həmçinin nəzərə alınmalıdır ki, göstərilən yataqdaxilində olma belə, hər bir halda hüquqmüəyyənedici sənədin hüquqi nəticəsinin tətbiqinə maneə olmur. İnzibati orqan tərəfindən verilmiş qərar və order qüvvədədir ki, mülkiyyət hüququ da həmin inzibati aktların nəticəsi kimi qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ayrılmış X1 İcraiyyə Komitəsinin 22 sentyabr 1989-cu il tarixli qərar və order əsasında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində iddiaçının adına qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar