Məhkəmə qərarları › İş №e-2-1(112)-798/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-798/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-798/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Yaqib oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə hüququn qeydiyyat alınması və bu barədə arayışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxx 1988-ci il tarixdə doğulmuş və həmin vaxtdan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasporta əsasən atası Əliyev Yaqub (əvvəlki adı Volodya) Həsən oğluna məxsus olmuşdur. X3 26 yanvar 2016-cı il tarixində vəfat etmişdir. İddiaçı Bakı şəhəri 11 saylı Notariat Ofisi vərəsəliklə bağlı müraciət etmişdir. Notariat Ofisi tərəfindən mərhum atası X1 adına vərəsəlik işi açılmış və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. Məkubda Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X1 mülkiyyət hüququnun qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı Notariat Ofisinin mətubunu və digər zəruri sənədləri ərizə ilə birlikdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin saylı Bakı Ərazi İdarəsinə təqdim edərək, həminevə və evin yerləşdiyi 94 kv.m torpaq sahəsinə dair mərhum X1 mülkiyyət hüququnun qeydə alınmasını və bu barədə çıxarış verilməsini xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi ona imtina məktubu göndərərək, məsələnin həllindən imtina etmişdir. İmtina qanunsuzdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İPM-in 33, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 94 kv.m torpaq sahəsinə iddiaçının mərhum atası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 avqust 2021-ci il tarixli və 29 oktyabr 2022-ci il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman arxiv texniki pasportunun baş planına əsasən fərdi yaşayış evinin yerləşməsi, daxili ölçüləri, göstərilən torpaq sahəsinin konfiqurasiyası, yerləşmə mövqeyi, perimetrik göstəriciləri uyğunsuzluq təşkil etdiyi, sənəd üzrə sahənin faktiki əraziyə aidiyyəti olmadığı məlum olmuşdur. Həmçinin, təqdim olunan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1972-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” arxiv nüsxəsində fərdi yaşayış evinin yerləşdiyi ünvan ünvan 3əblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 13 sentyabr 2021-ci il və 29 dekabr 2022-ci il tarixli məktublar ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 9.1.2, 11.1, 22.2, 23cü maddələrinə, “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci bəndində (1.11) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”) daşınmaz əmlaklara, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı iddiaçının mərhum atası X1 (şəxsin adı sonradan dəyişdirilmişdir vəə bu barədə müvafiq şəhadətnamə verilmişdir) adına Bakı şəhəri, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun olması həmin evə və altındakı 94 kv.m torpaq sahəsinə hüququn həmin şəxsə məxsus olmasını təsdiqləyir, həmçinin nəzərə alınmalıdır ki, evə dair həmin pasport 1972-ci ildə tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, evə dair pasportda onun nömrəsinin “15” əvəzinə “15a” göstərilməsi sənədin tərtibindən uzun müddət keçəsi və bu vaxt ərzində ünvan verilməsinin yenilənməsinin mümkünlüyü baxımından formal xarakterli hal qismində qiymətləndirilməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı müvafiq torpaq sahəsinə və fərdi yaşayış evinə münasibətdə mərhum atasının hüququnun yarandığını həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair onun adına tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un mövcudluğu ilə əsaslandırmışdır. Qeyd olunan sənəd “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanının 1.11-ci bəndnə əsasən iddiaçının mərhum atasının fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yarandığını göstərir. Qeyd olunmalıdır ki, məhkəmənin iş üzrə 8 may 2023-cü il tarixli qərardadı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsdən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - 1) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasporta əsasən X2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov (əvvəlki L.Şmit) küçəsi, 15 saylı evin (94 kv.m) və onun yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi. - 2) ünvan 4 ünvanında yerləşən evin hazırkı vəziyyətinin arxiv texniki pasportun baş planında göstərilən texniki xarakteristikalarına uyğun şəkildə olub-olmamasının müəyyən edilməsi. - 3) Sözügedən fərdi yaşayış evinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasporta əsasən X2 ayrılmış ünvan 4 ünvanında yerləşən torpaq torpaq sahəsi hüdudları daxilində inşa edilibedilməməsinin müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsdən 27 sentyabr 2023-cü il tarixli məktubla alınmış mütəxəssis rəyində aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) Qeyd olunan fərdi yaşayış evinin texniki pasportuna əsasən torpaq sahəsi 94.0 kv.m olsa da, faktiki olaraq 100,0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 100,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. - (2-ci sual üzrə) Sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Sözügedən fərdi yaşayış evin ümumi sahəsi texniki pasporta əsasən 32.70 kv.m olsa da, faktiki olaraq ümumi sahə 22.9 kv.m təşkil edir. Belə ki, texniki pasportda qeyd olunan “A” tikilisinin 9.8 kv.m sahəsi qonşunun istifadəsindədir (şifahi məlumata əsasən texniki pasportda öz əksini tapmayan 6,0 kv.m sahə qonşuya məxsus sahədir). Bundan əlavə 31,0 kv.m əlavə sahə texniki pasportda öz əksini tapmamışdır. - (3-cü sual üzrə) Yuxarıda qeyd olunduğu kimi sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Sözügedən fərdi yaşayış evin ümumi sahəsi texniki pasporta əsasən 32.70 kv.m olsa da, faktiki olaraq ümumi sahə 22.9 kv.m təşkil edir. Belə ki, texniki pasportda qeyd olunan “A” tikilisinin 9.8 kv.m sahəsi qonşunun istifadəsindədir (şifahi məlumata əsasən texniki pasportda öz əksini tapmayan 6,0 kv.m sahə qonşuya məxsus sahədir). Bundan əlavə 31,0 kv.m əlavə sahə texniki pasportda öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi “pasport”da torpaq sahəsi ilə bağlı əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, habelə həmin sənəd ləğv edilmədiyindən və etibarsız sayılmadığından, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X3 evin yerləşdiyi 94 kv.m ölçüdə torpaq sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazında göstərilən digər dəlillərə münasibətdə məhkəmənin qənaəti belədir ki, fərdi yaşayış evinin yerləşməsi, daxili ölçüləri, göstərilən torpaq sahəsinin konfiqurasiyası, yerləşmə mövqeyi, perimetrik göstəriciləri üzrə uyğunsuzluğun mövcud olması iddiaçının mərhum atasının iradəsindən asılı hal olmamış və bu uyğunsuzluq mövcud olduğu halda belə onun aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3-cü bəndinə (3.1.20) görə birbaşa cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir. Məhkəmə iddianın torpaq sahəsi ilə bağlı hissəsini əsaslı sayır, lakin fərdi yaşayış evi ilə bağlı hissəsini əsassız qiymətləndirir. İşdə olan mütəxəssis rəyi ilə də təsdiq olunur ki, iddianın obyekti olan fərdi yaşayış evinin mövcud vəziyyəti hüquq müəyyənedici sənəd kimi təqdim olunmuş pasportdakı göstəricilərdən fərqlənir. Odur ki, məhkəmə iddianın həmin hissədə təmin olunmasını məğbul bilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qismən (evin yerləşdiyi torpaq sahəsinə aid hissədə) qanuna zidd qiymətləndirilməli və iddiaçının vərəsə kimi hüquqlarının pozulmasına səbəb olan hal sayılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 94 kvm torpaq sahəsinə hüququn İddiaçı mərhum atası atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 94 kvm torpaq sahəsinə hüququn İddiaçı mərhum atası atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar