Məhkəmə qərarları › İş №e-2-1(112)-798/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-798/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-798/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı 3cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X8 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı 3cü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 2 ünvanında (2-ci mərtəbədə) yerləşən 148 kv.m sahəsi olan evinin sökülməsinə görə 296 000 (iki yüz doxsan altı min) manat kompensasiya məbləğinin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 254 saylı “Torpaq sürüşməsi təhlükəsi olan ünvan 3 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” Sərəncamı ilə Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 saylı ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahəərinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC Azərbaycan Respublikasıı Maliyyə Nazirliyinin İ-255 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638.0 manatının Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi bank hesabına köçürülməsinin təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 4 ünvanlarında yerləşən 26 evin və 66 qeyriyaşayış sahəsinin qarajların istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərinin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsi və ərazinin abadlaşdırılmasının təmin edilməsi qərara alınmışdır. ünvan 5 ünvanında ona məxsus olan, ailə üzvləri ilə birgə yaşadıqları evin yerləşdiyi ərazinin sürüşmə zonası olması və yeni salınan Çəmbərəkənd parkı ərazisinə düşməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 saylı yuxarıda istinad olunan Sərəncamının təsiri altına düşmüşdür. Sərəncamın icrası qaydasında Bakı şəhər İH tərəfindən ailələrinin yaşadığı evlərinin də, sökülməsi qərara alınmışdır. Ailə üzvləri ilə birgə yaşadıqları evin yerləşdiyi ərazinin ölkə rəhbərliyinin tapşırığına əsasən, abadlaşdırılması və Çəmbərəkənd parkının salınması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov sakinlərlə görüşündə bildirmiş və orada yaşayan sakinləri əmin etmişlər ki, ərazidə yaşayış və qeyriyaşayış sahəsi olan hər kəsə kompensasiya veriləcəkdir. 2021-ci ilin payızında, dəfələrlə cənab E.Əzizovun qəbulunda olmuşlar. Onlara bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının qərarı ilə komissiya yaradılmışdır və müvafiq komissiya yerində işləyir, evlərin və qeyri-yaşayış sahələrinin ölçülərini dəqiqləşdirir, ödənilməli kompensasiya məbləği hesablanır, mərhələli şəkildə sakinlərə kompensasiya ödənilməklə evlər sökülür. Həqiqətən, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Komissiya yerində işləmiş, ailəsinin yaşadığı evin ölçülərini dəqiqləşdirmiş, 148 kv.m yaşayış sahəsinə görə ona 296000 manat kompensasiya ödəniləcəyi müəyyənləşdirilmiş, adı siyahıya salınmış və s. işlər görülmüşdür. Ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə mərhələləri şəkildə notarial qaydada müqavilə bağlanaraq, sakinlərə bank hesabı vasitəsilə pul ödənilirdi. Yaxın günlərdə müvafiq kompensasiya ödəniləcəyi barədə danışıqlar getdiyi 2021-ci ilin oktyabr ayının sonlarında, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları qısa bir zamanda ailəsini yeganə yaşayış yerindən çıxmağa məcbur etmişlər. Belə ki, H.Seyidbəyli küçəsi, 9 ünvanında ailə üzvləri ilə yaşadıqları evin divarlarını eskovatorla qəflətən sökməyə başlamışlar. Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və xüsusən, köçürmə komissiyasına rəhbərlik edən Zülfəli İsmayılov yaşadıqları evin sökülməsi zamanı da, ona bildirilmişdir ki, yaxın günlərdə kompensasiya veriləcəkdir. Dağıdılmış divarların altından əşyalarını çıxarıb evlərini tərk etmək məcburiyyətində qalmışlar, vəd olunan kirayə pulu da, verilməmişdir. Bir müddət sonra isə qardaşı X12 Rayon Məhkəməsində evlə bağlı ona qarşı iddia qaldırdığına görə kompensasiya məbləğinin verilməsi dayandırılmış, ondan sonrakı müddətdə Y.Məmmədovun iddiaları uzun müddət davam etmişdir. Beləliklə, 2021-ci ilin sonlarından 2023-cü ilin yayınadək, Bakı şəhər İcra Hakimiyyətinə və cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentin müraciətlərinə cavab olaraq hər dəfə bildirilmişdir ki, yaşadıqları evin sökülmsi və ailəsinin çıxarılması mübahisəsizdir. Kompensasiyanın ödənilməsi nəzərdə tutulan Komissiyanın siyahısında onun adı daxil edilmiş müvafiq vəsait Departamentə ayrılmışdır. Lakin, Yalçın Məmmədovun qaldırdığı məhkəkmə mübahisələrinə görə kompensasiyanın ödənilməsi dayandırılmışdır, məhkəmə işi bitdikdən sonra ona kompensasiya ödəniləcəkdir. 2022-ci ildə Yalçın Məmmədov Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia qaldıraraq, onun evinin sökülməsinə görə ona kompensasiya ödənilməsinə dair qərar çıxarılmasını tələb etmişdir. Həmçinin, Y.Məmmədovun ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MXMT (112)-109/2022 saylı qərardadına əsasən, sökülmüş evlərinə görə ona kompensasiyanın ödənilməsi Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qadağan edilmişdir. Şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli MXMT qərardadı ləğv edilsə də, ona kompensasiya ödənişi Y.Məmmədovun MKTD-yə qarşı qaldırdığı iddianın məhkəmədə baxılmasına görə dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7183/2022 saylı qərarı ilə Yalçın Məmmədovun iddiası rədd edilmişdir. Sözügedən qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-561/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 561/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 9, 51 saylı mənzilə dair Y.Məmmədovun hər hansı hüququ olmadığından, həmin ünvanda sökülmüş evin əvəzində Y.Məmmədova kompensasiya verilməmişdir. Bununla da, hesab edir ki, sökülmüş evinə görə ona kompensasiya ödənilməsini müvəqqəti dayandıran Bakı şəhər İH MKTD Y.Məmmədovun iddiasının rədd edilməsinə dair Ali Məhkəmənin yekun qərarından sonra kompensasiya ödənilməsindən əsassız imtinası bəhanəsi kəsilməli və 3 ilə yaxın ona qarşı davam edən qanunsuzluğa son qoyulmalıdır. Ali Məhkəmənin yekun qərarını əldə etikdən sonra təkrar olaraq Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və MKTD-ə müraciət edərək, artıq ona kompensasiya ödənilməsinə dair suni yaradılmış maneələrə (bəhanələrə) son qoyulması, sökülmüş evinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh MKTD-nin müraciətlərinə əvvəlki cavablarında, yuxarıda sözügedən məhkəmə işinin yekunlaşmasından sonra kompensasiya ödənişi məsələsinə baxılacağı bildirilsə də, artıq məhkəmə işinin yekunlaşmasından sonra, cavabdeh inzibati orqan bu mövqeyindən fərqli cavab vermiş, guya, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında ona kompensasiya ödənilməsinə dair birbaşa göstərişin olmadığına istinadla müraciətindən imtina edilmişdir. Hesab edir ki, yuxarıda göstərilən ünvanda sökülmüş evinin əvəzində ona kompensaisya ödənilməsindən cavabdeh MKTD-nin imtinası əsassız və qanunsuzdur. Belə ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 9 ünvanında ailə üzvləri ilə yaşadıqları evin sahəsinin 148 kv.m təşkil etməsi, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları (şəxsən şöbə müdiri Z.İsmayılovun bilavasitə rəhbərliyi altında) tərəfindən, həmçinin, cavabdeh MKTD-nin yük avtomobillərinin və texnikasının cəlb edilməsi ilə evlərinin sökülməsi və bütün ev əşyalarının MKTD-nin avtomobilləri ilə daşınması, bundan əvvəl isə Bakı şəhər İcra Hakimiyyətinin tərtib etdiyi, köçürülən yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiya ödəniləcək şxəslərin siyahısına 148 kv.m sahəli evlərinə görə ona 296000 manat kompensasiya ödəniləcəyi barədə qeydin mövcudluğu və s. hallar mübahisəsizdir. Bu cür təkzibedilməz hallar, həmçinin, qanuni qüvvəsində olan məhkəmə qərarları ilə də, müəyyən olunmuşdur.

3. Məhkəmənin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6278/2024 nömrəli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, həmin sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən, torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri hüquqmüəyyənedici sənədlər əsasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. X1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 9 ünvanında özünə məxsus 51 saylı ev olduğunu və həmin evə görə ona kompensasiya ödənilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göstərilən əmlaka görə kompensasiyanın verilməsinə dair inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7183/2022 saylı qərarı ilə onun iddiası təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-561/2023 saylı qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7183/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1052/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı X6 qardaşı, sözügedən məhkəmə prosesində 3-cü şəxs qismində iştirak edən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 9 ünvanında yerləşən 51 saylı evin özünə məxsus olduğunu “kompensasiyanın ödənilməsi barədə” iddia tələbi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun iddiasına əsasən başlanmış 2-1(112)-6278/2024 saylı inzibati iş hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarı ilə sözügedən özbaşına tikiliyə görə kompensasiyanın ödənilməsi üçün iddiaçı Y.Məmmədov mübahisələndirilən daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş, tikilidən istifadə hüququnun olmasını sübut edə bilməmişdir. Həmçinin, məhkəmə qərarında göstərilmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında mübahisələndirilən tikilinin istifadəçisinin üçüncü şəxs İddiaçı olması ilə bağlı hər hansı xüsusat qeyd edilməmişdir. Belə ki, hazırki iş üzrə mübahisə predmeti ünvan 7 ünvanında yerləşən tikiliyə (tikilinin 2-ci mərtəbəsinə) görə iddiaçıya kompensasiyanın ödənilməsidir. Yəni, məhkəmə araşdırmasının əsasını qeyd edilən daşınmaz əmlaka görə iddiaçıya kompensasiya ödənilib-ödənilməməsi təşkil edir. Həmin tikilinin üçüncü şəxs İddiaçı və ya hər hansı digər şəxsin istifadəsində olubolmaması, habelə kompensasiyanın İddiaçı və ya hər hansı digər şəxsə ödənilməli olubolmaması hazırki mərhələdə məhkəmə araşdırmasının predmeti olmadığından, apellyasiya isntansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq norması pozulmamışdır. Göründüyü kimi, qeyd edilən məkəmə qərarı ilə mübahisəli tikiliyə dair kompensasiyanın ödənilməsi barədə Yaçın Məmmədovun iddiası təmin edilməmiş, həmçinin, hazırki iş üzrə İddiaçı mübahisələndirilən tikilinin istifadəçisi olması təsdiq edilməmişdir. Hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6278/2024 saylı inzibati iş üzrə də, İddiaçı da, mübahisələndirilən daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-561/2023 saylı Qərarının 8-ci səhifəsinin 4-cü abzasında gösətirlmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı X2 cavabdeh X7 qarşı “tikililərin sərhədlərinin müəyyən edilməsi və tikilinin boşaldılaraq təhvil verilməsi”, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Nzim oğlunun cavabdehlər X3 və X7 qarşı “tikiliyə hüququn tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-459/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddia tələbləri sözügedən tikilinin hüquqmüəyyənedici sənədlərinin olmaması əsası ilə rədd edilmişdir”. Qeyd edilən məhkəmə qətnaməsindən də, aydın olur ki, məhkəmədə mübahisələndirilən tikili özbaşına inşa edilmiş və müvafiq icazə sənədləri olmamışdır. Daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edildikdən sonra, yuxarıda göstərildiyi kimi, notarial qaydada alqı-ssatqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin bankdan əldə edilməsi yolu ilə kompensasiyanın ödənilməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1052/2023 saylı qərarında daşınmaz əmlakla bağlı kompensasiyanın İddiaçı ödənilməsi nəzərdə tutulmadığınan, həmçinin, onun tərəfindən daşınmaz əmlaka görə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən kompensasiyanın ödənilməsi barədə xahişini təmin etmək mümkün olmamışdır. Müvafiq qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən məqsədli ayrılan və təyinatı üzrə ödənilməsi mümkün olmayan (məhkəmə mübahisəsi, hüquqmüəyyənedici sənədin təqdim edilməməsi və s.) vəsait ilin yekununda dövlət büdcəsinə qaytarılır. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinin tələblərinə görə ilin sonuna istifadə olunmamış, vəsaitlər vahid xəzinə hesabına köçürülür. Həmin qanunvericiliyə uyğun olaraq Departamentin bank hesabındakı qalıq vəsait 2021-ci ilin yekununda dövlət büdcəsinə köçürülmüşdür. Söküntü işlərinin aparılması üçün vəsait ümumi şəkildə ayrılmış, hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak mülkiyyətçilərinə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı özü də, iddia ərizəsində (birinci abzasın 6-cı sətrində) “müvafiq qanunvericiliyin tələblərinə uyğun” şəkildə, yəni, hüquqmüəyyənedici sənədlər əsasında icra işlərinin həyata keçirilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Həmçinin, iddia ərizəsinin əlavəsində qeyd edilən sənədlərin siyahısında da, əmlaka dair sənədin mövcud olması öz təsdiqini tapmadığından adı göstərilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, hazırki inzibati iş üzrə iddiaçı olan İddiaçı Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 9 ünvanında 2 ədəd qarajın üstündə (2-ci mərtəbədə) ev 51-i tikdiyini bildirmiş, heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədiyi tikilinin 148.0 kv.m sahəsi olduğunu və həmin sahəyə görə 296 000 (iki yüz doxsan altı min) manat kompensasiya tələb etdiyini iddia ərizəsində göstərmişdir. 2 ədəd qarajın 2-ci mərtəbəsində belə bir evin tikilməsi mümkün deyildir. Habelə, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 9 ünvanında yerləşən 4 ədəd qeyri-yaşayış (qaraj) sahələrinə görə hər birinə ayrı-ayrılıqda notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında mövcud sahələrinə uyğun vəsait hesalanmaqla İddiaçı cəmi 58350,00 (əlli səkkiz min üç yüz əlli) manat maliyyə vəsaiti ödənilmişdir. Habelə, Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, 3/6 saylı evin 33 saylı mənzili də, İddiaçı mülkiyyətindədir. Bundan başqa, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yalnız Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə (qarajlara görə) əmlak sahiblərinə pul vəsaitinin ödənilməsi təqdim olunan hüquqmüəyyənedici sənədlər əsasında müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq edilən alqı-satqı müqaviləsi bağlanılmaqla daşınamz əmlaka görə vəsatin bankdan əldə edilməsi yolu ilə mülkiyyətçilərə (əmlak sahiblərinə) kompensasiyanın ödənilməsi həyata keçirimlişdir. Göründüyü kimi, köçürülmə işlərinin aparılması ilə əlaqədar əmlak sahiblərinə kompensasiyanın ödənilməsi ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılması üçün aidiyyəti dövlət qurumuna müraciət edilməsi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin səlahiyyətlərinə aid olmadığından onun cavabdeh qismində prosesə cəlb edilməsi əsassız hesab olunur və cavabdehlikdən çıxarılması məsələsinə baxılmasını xahiş edirlər.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İş materiallarına Bakı şəhər İcra Hakimiyyəti başçısının 254 nömrəli, xx.xx.2021ci il tarixli “Torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işlərinin həyata keçirilməsi haqqında” sərəncamı əlavə edilmişdir.

9. İş materiallarına kompensasiya məbləğinin ödənilməsi ilə bağlı iddiaçının müraciətlərinə cavabdeh və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktublarının surətləri əlavə edilmişdir.

10. İş materiallarına Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7183/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-561/2023 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1052/2023 nömrəli qərarları əlavə edilmişdir.

11. Mübahisəli yaşayış sahəsi ilə bağlı “Planeta” firması tərəfindən tərtib edilmiş plan-sxemdən müəyyən edilmişdir ki, əmlakın ümumi ölçüsü 156 kv.m təşkil etmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə mübahəsli ünvanda yerləşən əmlakla bağlı qanunsuz tikinti işlərinin aparılmasının dayandırılması ilə bağlı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən ünvanlanmış xəbərdarlıq məktubları və digər sənədlər məhkəməyə təqdim edilmişdir. 13 İş materiallarına mübahisəli yaşayış sahəsinin söküntüsü ərəfəsində çəkilmiş foto-şəkillər və videogörüntü əlavə edilmişdir.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6278/2024 nömrəli sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 06 noyabr 2024-cü il tarixli, 3-52-13/2-879/2024 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin xx.xx.2021-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 nömrəli Sərəncamına səasən, torpaq sürüşməsi təhlükəsi olan, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri əmlak sahibləri tərəfindən təqdim olunan hüquqmüəyyənedici sənədlər əsasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə (yaşayış sahələrinin müəyyən edilmiş qaydada qiymətləndirilməsi hər bir kv.m üçün iki min manat və qarajların hər bir kv.m üçün beş yüz manat olmaqla) vəsaitin ödənilməsi bank vasitəsilə həyata keçirilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən əmlak barədə sənəd təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarda söküntü işləri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən aparılmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 nömrəli sərəncamın verilməsinə əsas olan sənədlər Departamentdə olmadığından təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən qeyd edilən ünvanda yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi ilə əlaqədar əmlak sahiblərinə (mülkiyyətçilərinə) birdəfəlik maddi yardım ödənilməsi barədə sənədlərin surətləri təqdim ediləcəkdir.

15. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6278/2024 nömrəli qərardadının icrası ilə əlaqədar olaraq, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə mübahisəli ünvanda yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi ilə əlaqədar əmlak sahiblərinə (mülkiyyətçilərinə) birdəfəlik maddi yardım ödənilməsi barədə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

16. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03 fevral 2025-ci il tarixli, 3-52/2-M-23/2-152/2/2025 nömrəli məktubla bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin köçürülməsi işləri və qiymətləndirici təşkilat tərəfindən ölçmə işləri aparılarkən həmin ünvanda olmuşdur və sözügedən ünvandan köçürülməni və əşyaların daşınmasını həyata keçirmişdir. Qeyd olunan ərazidə qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya adı daxil edilmişdir. Lakin, sonradan ünvan 2 ünvanında yerləşən mənzillə bağlı məhkəmə mübahisələri olduğundan kompensasiyanın ödənilməsi dayandırılmış və ona ödənilməsi nəzərdə tutulan vəsait ilin sonuna qədər saxlanılmış, yekun məhkəmə qərarı olmadığından həmin vəsait dövlət büdcəsinə geri qaytarılmışdır. Kompensasiyanın ödənilməsinə dair hazırki iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olacağı təqdirdə vəsaitin ödənilməsi üçün aidiyyəti üzrə müraciət ediləcəkdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 254 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən torpaq sürüşməsi təhlükəsi olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarda müvafiq işlərin həyata keçirilməsi məqsədilə maliyyə vəsaitinin sərf edilməsinə razılıq verilməsi barədə Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, MİHO/11-2-2021-4392 nömrəli məktubunu və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nzəarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəsisslərinin xx.xx.2021-ci il tarixli rəyini nəzərə alaraq, ünvan 4 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə, "xxxx" MMC-ni Azərbaycan Respublikası Mlaiyyə Nazirliyinin İ-255 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638,0 manatını Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 4 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin (qarajların) istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərinin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə sökülməsinin və ərazinin abadlaşdırılmasını təmin etməsi qərara alınmışdır. Sərəncamın icrası ilə əlaqədar ərazidə aparılan söküntü işləri çərçivəsində iddiaçının faktiki istifadəsində olmuş ünvan 2 ünvanında (2-ci mərtəbədə) yerləşən mənzildə qiymətləndirici təşkilat tərəfindən ölçmə işləri aparılmış və mənzilin ümumi sahəsi 148 kv.m müəyyən edilməklə iddiaçının adı ərazidə qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya daxil edilmişdir. Lakin, kompensasiya məbləğinin ödənilməsinin icrası mərhələsində iddiaçının qardaşı X10 tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək mübahisəli yaşayış sahəsinin söküntüsü ilə əlaqədar ona da, kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də, iddiaçıya kompensasiya məbləğinin ödənilməsinin icrası dayandırılmışdır. Məhkəmənin yuxarı instansiya məhkəməsinin qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, beləliklə, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Y.Məmmədovun iddia tələbi təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müəyyən edilmişdir ki, X10 həmin tikilinin ona məxsus olması və orada yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı vəziyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzilin köçürülməsi işləri aparılarkən İddiaçı həmin ünvanda olmuş, həmin mənzildən İddiaçı köçürülmüşdür və qəzalı ünvanların sökülməsi ilə əlaqədar kompensasiya ödənişinə dair tərtib edilmiş siyahıya da, İddiaçı adı daxil edilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə yenidən ərizə ilə müraciət edilərək həmin yaşayış sahəsinə dair ona kompensasiya məbləğinin ödənilməsi xahiş edilsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən iddiaçının həmin yaşayış sahəsinə dair hüququnu təsdiq edən sənədin mövcud olmamasına istinad edilməklə imtina edilmişdir. Cavabdehin məhkəməyə təqdim edilmiş etirazının əsasları da, imtina ilə eynilik təşkil etmişdir.

24. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

26. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir.

28. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.

29. “İnzibati icraat haqqında” Qanun Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

30. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi nəticəsində ona vurulmuş ziyanın (maddi) ödənilməsi ilə bağlıdır.

31. Bu Qərarın 22-23-cü bəndlərində istinad olunan normalara görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

32. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

33. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

34. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

35. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

36. Lakin, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.

37. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna onun qanuni istifadəsində olan qeyri-yaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı yuxarıda qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. İşin hallarından göründüyü kimi, sözügedən yaşayış sahəsinin iddiaçının faktiki istifadəsində olmuş, o ailə üzvləri ilə birgə həmin ünvanda yaşamışdır.

38. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus yaşayış sahəsi qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir.

39. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının 254 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar aparılmış inzibati icraat materiallarından müəyyən edilmişdir ki, kompensasiya məbləğinin mübahisəli ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinə (mülkiyyətçilərinə) ödənilməsi nəzərdə tutulmuşdur və kompensasiya məbləğinin ödənilməsi ilə bağlı təqdim edilmiş alqı-satqı müqavilələri və digər materiallara əsasən kompensasiya məbləği təkcə yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə deyil, həm də, faktiki istifadəçilərinə ödənilmişdir. İddiaçının da, adı həmin şəxslərin siyahısında olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud vəziyyətdə, yəni, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinə kompensasiya məbləği ödənildiyi, o cümlədən, iddiaçıya kompensasiya məbləğinin ödənilməsi vəd edildiyi, lakin, sonradan məhkəmə mübahisəsinin olmasına görə ödənilməsi təxirə salınaraq sonradan hüquqmüəyyənedici sənədin olmaması əsası ilə ödənilməsindən imtina edilməsi ilə iddiaçıya münasibətdə fərqli mövqeyin sərgilənməsi həm bərabərlik prinsipinin pozulması, həm də, iddiaçının etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir.

40. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara və qeyd olunan səbəblərə əsasən hesab edir ki, cavabdehin imtinasının və etirazının dəlilləri əsassız sayılmalıdır. İddiaçı ona məxsus yaşayış sahəsinin sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini tələb etməkdə haqlı hesab edilməlidir.

41. Məhkəmə eləcə də, mübahisəli yaşayış sahəsinin bazar dəyəri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin (qarajların) köçürülməsi işləri əmlak sahiblərinə daşınmaz əmlaka görə (yaşayış sahələrinin müəyyən edilmiş qaydada qiymətləndirilməsi hər bir kv.m üçün iki min manat və qarajların hər bir kv.m üçün beş yüz manat olmaqla) vəsait ödənilmişdir. Belə olan təqdirdə, iddiaçının tələbi mübahisəli yaşayış sahəsinə görə iddia etdiyi ölçüdə, yəni, 148 kv.m-ə görə 296000 (148×2000) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi hissəsində də, əsaslı hesab edilməlidir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşmiş 148 kv.m sahəsi olan yaşayış sahəsinin sökülməsinə görə 296 000 (iki yüz doxsan altı min) manat kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar