Məhkəmə qərarları › İş №e-2-1(112)-799/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-799/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-799/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" MMC ) “sərəncamın hissəvi etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı sərəncamı ilə iddiaçıya ünvan 1 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin müvafiq cizgisi (planı) tərtib edilərək verilmişdir. İddiaçı sərəncamdan irəli gələn hüququnu reallaşdırmaq üçün həmin torpaq sahəsini ayrıc cizgisinin sərhədlərinə müvafiq surətdə məftil hasarla ətraf ərazidən təcrid etmiş və orada təyinatı üzrə, yəni fərdi yaşayış evinin tikintisi üçün hazırlıq işləri görmüşdür. Bir müddət sonra iddiaçıya naməlum səbələrdən torpaq sahəsinin üçüncü şəxs "xxxx" MTK tərəfindən hasara alındığı məlum olmuş, lakin müvafiq sənədlər ona təqdim edilməmişdir. Məsələnin məhkəmə qaydasında həll edilməsi üçün iddiaçı hüquqi şəxsə qarşı 2022-ci ilin iyul ayında Bakı şəhəri Xətai Rayon məhkəməsində “Torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi” tələbinə dair iddia qaldırmış, məhkəmə icraatı zamanı cavabdeh hüquqi şəxsin nümayəndəsi tikinti-inşaat işləri aparılan ərazinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara ayrıldığını bildirərək məhkəməyə müəyyən sənədlər təqdim etmişdir. Həmin sənədlərdən vaxtı ilə ona verilmiş torpaq sahəsinin sonradan cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi üçün nümayəndəsinin vəsatəti əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixdə iş üzrə elektron məhkəmə portalına yerləşdirilmiş xx.xx.2023-cü il tarixli 10/855 saylı rəyində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə ünvan 1 ünvanda İddiaçı ayrılmış torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamı əsasında "xxxx"MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılaraq istifadəsinə və icarəsinə verilmiş ümumilikdə 0,4924 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinin müəyyən edildiyi göstərilsə də, ona məxsus torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsində yerləşmə koordinatları və sərhədləri (döngə nöqtələri) müəyyən edilməmişdir. Odur ki, həmin məsələyə tam aydınlıq gətirilməsi üçün nümayəndəsi tərəfindən verilən vəsatət təmin edilərək müvafiq rəy alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmiş, lakin yenə də natamam araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə yalnız yuxarıda göstərilən ekspert rəyi təsdiqlənmiş, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə kəsişmə (döngə) nöqtələri və koordinatları müəyyən edilməmişdir (qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş üzrə 1 (bir) ildən artıq davam edən məhkəmə icraatı zamanı mübahisənin obyektiv və subyektiv hədlərdə tam araşdırılması işə baxan hakim tərəfindən təmin edilməmiş, ona məxsus torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsində yerləşmə koordinatları və sərhədləri (döngə nöqtələri) müəyyən edilməmiş, buna baxmayraq həmin məhkəmənin e2(011)-114/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir). Göründüyü kimi, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı əsasında yuxarıda göstərilən torpaq sahəsi iddiaçıya ayrılmış olduğu halda, hazırki iddiası üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti heç bir araşdırma aparmadan, yəni torpaq sahəsinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanı olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə hər hansı bir sorğu göndərmədən həmin torpaq sahəsini ətraf ərazilərlə birlikdə "xxxx" MTK-nın istifadəsinə vermişdir. Hesab edir ki, həmin sərəncam və sərəncam əsasında tərtib edilmiş torpaq ayırma sənədləri ona ayrılmış torpaq sahəsini əhatə edən hissədə ləğv edilməlidir. Məhkəmə qərardadı ilə iş üzrə "xxxx" MMC 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6282/2024 saylı 12 mart 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəradadı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6282/2024 saylı 12 mart 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş ayrıc aktının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı sərəncamı ilə ünvan 1 binanın yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsini əhatə edən hissədə (ara məsafəsi nəzərə alınmaqla) etibarsız hesab edilməsi xahiş edilmişdir Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə aşağıdakıları da vurğulamağı zəruri hesab edir. İddianın mümkün sayılmaması barədə qərardaddan görünür ki, iddia mübahisələndirmə növündə iddia kimi 05 fevral 2016-cı il tarixli sərəncam 30 yanvar 2024cü il tarixdə məhkəməyə müraciət edilən iddia müddətinin ötürülməsinə, 8 il sonra mübahisələndirmə növündə iddianın verilməsi səbəbindən mümkün sayılmışdır. Bu zaman məhkəmə təqdim olunma ilə yanaşı elan edilmə ifadəsinə istinad edilməklə sərəncamdan məlumatlı olmağa istinadla iddianı qeyri mümkün saymışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən həqiqətən də nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür. Belə ki, rayon məhkəməsində baxılan iş üzrə məhkəmə qətnaməsi, həmin iş üzrə təqdim edilən hal-hazırda mübahisələndirilən sərəncamın mövcudluğu baxımından digər qaydada məlumatlı olma, sərəncam təqdim edilməsə belə aşkardır və həmin məlumatlanmadan 1 ay müddətinə şikayət verilmədiyi də müəyyən edilməkdədir. Bakı Apellyasiya Məhkəməsinin qərardadından isə görünür ki, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən iddiaçının tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməmişdir. Belə ki, iddia tələbi “sərəncamın ləğvi” ilə bağlı olsa da, iddiaçı tələbinin hüquqi əsası kimi İcra Hakimiyyəti başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Məhkəmə isə iddiaçının bu dəlilinin inzibati aktın ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas yaratdığını, yəni “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan birinə (“səlahiyyətli olmama” əsasına) uyğun olduğunu nəzərə almamışdır. Belə olan halda məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyi təklif edə bilərdi. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım göstərilməklə, tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyin təklif edilməsini, həmin tələbə birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün yuxarıda göstərilən meyarlarla mümkünlüyünün yoxlanılmalı olduğunu nəzərə alaraq hesab edir ki, inzibati iş yeni tələbin (“sərəncamın etibarsızlığı” tələbinin) irəli sürülüb, ona baxılmasının mümkünlüyünün yoxlanılması, mümkün olduğu təqdirdə ona mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı və işə təkrar baxılarkən məhkəmə bu iş üzrə yuxarı instansiya məhkəməsinin bu qərardadında olan hüquqi mövqeyə uyğun araşdırma apararaq müvafiq qərar (və ya qərardad) qəbul etməlidir İşin faktiki hallarından da göründüyü kimi iddiaçının sərəncamın mübahisələndirilməsinə dair dəlilləri onun ləğvi yox, əslində etibarsızlığının müəyyən edilməsi ilə əlaqədardır. Belə ki, səlahiyyəti olmama inzibati aktın etibarsız hesab edilmə əsaslarından biri qismində çıxış edir. Məhkəmə də göstərilən istiqamət üzrə hüquqi yardım etmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətinin mübahisələndirmə növündə iddia üzrə ötürülməsi baxıımından inzibati aktın etibarsızlığı iddiaya mahiyyəti üzrə qiymət verilməsi üçün hazırkı halda yeganə iddia növüdür. Digər tərəfdən, iddiaçının dəlilləri də məzmun baxımından onun etibarsızlığı əlaqədardır ki, məhkəmə də sərəncamın hissəvi etibarsız hesab edilməsi barədə dəqiqləşməni icraata qəbul etmişdir. Göstərilən səbəbdən də iddia müddətinin ötürülməsinə münasibətdə hazırkı vəziyyətdə hər istinad üçün hal mövcud olmamışdır. Belə ki, sərəncamın etibarsızlığı iddia növü kimi 1 aylıq iddia müddəti şamil edilməyən iddiadır. Belə ki, mübahisələndirilən sərəncam 2016-cı il tarixli olmaqla, həmin sərəncamların etibarsızlığına münasibətdə iddia müddəti şamil edilməməlidir. Qeyd olunur ki, qanunvericilik inzibati aktın (qərarının) “ləğv edilməsi” və “etibarsız hesab edilməsi”nin ifadələrini fərqləndirmişdir. Belə ki, inzibati aktın ləğv edilməsi aktın mahiyyəti üzrə əsaslı qəbul edilib-edilməməsinə söykənir. Lakin, inzibati aktın (qərarın) etibarsızlığı isə müvafiq olaraq İnzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar əsasında müəyyən edilir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli 331 saylı sərəncamı ilə iddiaçıya ünvan 1 yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin müvafiq cizgisi (planı) tərtib edilərək verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Müqavilədən görünür ki, cavabdeh tərəfindən "xxxx" MMC-yə adıçəkilən torpaq sahəsi icarə müqaviləsi üzrə icarəyə verilmişdir. Xətai Rayon Məhkəməsinə daxil olmuş mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üçüncü şəxsə məxsus çıxarışın hüdudları daxilindədir. Xətai Rayon Məhkəməsinə daxil olmuş ekspert rəyində qeyd edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Xətai Rayon Məkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı torpaq sahəsinin boşaldılması və s barədə iddiası təmin edilməmişdir. Məhkəməyə 20 avqust 2025-ci il tarixli məktubla daxil olmuş mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi "xxxx" MMC tərəfindən hasarlanmış böyük ərazinin daxilində yerləşir. Torpaq sahəsinin 0,0332 ha hissəsi "xxxx" MMC-yə aid reyestr nömrəli sahə ilə üst-üstə düşür. Ümumilikdə sahə ayrıc aktı ilə üstüstə düşür. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 03 sentyabr 1999-cu il tarixli Sərəncam əsasında iddiaçıya M.Hadi küçəsi 41 saylı binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılmış 0,06 ha ölçüdə torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MTKya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsinin ayrılmasına dair 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş “ayrıc aktı”-nın hüdudlarına düşən hissədə cavabdehin Sərəncam və ayrıc aktının etibarsız hesab edilməsi ilə əlaqədardır. Qeyd olunur ki, Xətai Rayon Məhkəməsi tərəfindən icraatda olmuş mülki iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də görünür ki, 0,06 ha ölçüdə torpaq sahəsinin “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MTK-ya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsinin ayrılmasına dair 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş “ayrıc aktı”-nın hüdudları daxilində olması müəyyən edilmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin üst-üstə düşmə sərəncamın üstüstə düşən hissədə etibarsızlığı ilə bağlı iddianın qanuni və əsaslılığı anlamına gəlməkdədir. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, inzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. İşin hallarından isə görünür ki, iddiaçı cavabdehin sərəncamının etibarsız hesab edilməsini xahiş etsə də, iddia tələbinin maddi əsası olan, sözügedən Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırki işdə mövcud olmadığından sərəncamın mübahisələndirilən hissədə etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Məhkəmə bununla bağlı qeyd edilməsini zəruri hesab edir ki, göstərilən üst-üstə düşmə halının mövcudluğu da sərəncamın etibarsız hesab edilməsi üçün əsas qismində çıxış etməkdədir. Qeyd edilməlidir ki, hazırkı növ qiymətləndirmə sərəncamın ləğvi və etibarsız hesab edilmə halları ilə əlaqədardır. Qeyd olunur ki, hazırkı iddia sərəncamın hissəvi ləğvi ilə bağlı olmasa, nəzərə alınmalıdır ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında iddiaçıya ayrılmış torpaq sahəsi həmin sərəncam ləğv edilmədən yeni sərəncam verilməklə başqa şəxsin icarəsinə və istifadəsinə ayırmaq ləğv əsası qismində çıxış edə bilər. Belə ki, həmin ləğvetmə əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri ilə əlaqədar olmayıb inzibati aktın qanunsuzluğu ilə əlaqədardır. Hazırkı halda isə iddia müddəti ötürüldüyündən sərəncamın ləğvinə dair iddia mümkünlük şərtini prosessual baxımından ödəməkdədir. Qaldı ki, sərəncamın hissəvi etibarsızlığı baxımından qiymətləndirilməsinə, nəzərə alınmalıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rayon icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin həmin sərəncam ləğv edilmədən başqa şəxsə verilməsi hər bir halda Qanunun 65-ci maddəsinin təsir dairəsindən kənarda qalır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 1.1 Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. 4.17. Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətləri: 4.17.3. şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 5. Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: -dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; -meşə fondu torpaqları; -Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları -yay və qış otlaqlarının torpaqları; -dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; -sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; -dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericiliyin tələbindən göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, eləcə də yerli rayon icra hakimiyyətlərinin sərəncam və qərarlarını ləğv etmək səlahiyyəti müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, səlahiyyətin müəyyən edilməsi ilə, səlahiyyətdən istifadə zamanı qanunvericiliyin tələblərinin pozulması, başqa şəxsin hüquq və mənafelərinin pozulması ayrı-ayrı anlayışlar olmaqla inzibati aktın etibarsız hesab edilməsi və ləğv edilməsi arasında fərqləndirmə aparılmasını ehtiva edir. Aydın məsələdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrini başqa şəxsə ayırmaq kimi səlahiyyəti mövcud deyildir ki, oxşar işlər üzrə məhkəmə təcrübəsi (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və s) baxımından Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş çoxmənzilli bina tikintisi ilə əlaqədar MMC və MTK-lara ayrılmış torpaq sahələrinin xüsusi mülkiyyətdə olan hissədə sərəncamlar etibarsız hesab edilməkdədir. Bu zaman əsaslandırma belədir ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdır. “İnzibati icraat haqqında” Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.” Lakin, hazırkı hal üzrə işin faktiki halları göstərilən digər oxşar işlər üzrə işin faktiki hallarından fərqlənir. Belə ki, hazırkı halda qəbul edilmiş torpaq ayırma barədə sərəncam xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı yox, dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlıdır. Bu zaman isə, üst-üstə düşmə halı sərəncamın ləğvi üçün əsas yaratsa belə iddiaçının iddia dəlillərində irəli sürdüyü “İnzibati icraat haqqında” Qanunu 65-ci maddəsinə əksini tapan səlahiyyətli olmamadan söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, dövlət torpaq sahəsinin istifadə və icarəyə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyəti daxilindədir və faktiki olaraq alt qurum kimi Xətai Rayon İcra Hakimiyyətinin torpaq ayırma barədə sərəncamının qüvvədən salınması və ya ləğvinə yönəlmiş mübahisələndirilən sərəncam göstərilən səbəbdən etibarsız hesab edilə bilməz. Belə ki, inzibati orqanın və ya üst qurumun əvvəlki sərəncam ləğv edən, dəyişən, qüvvədən salan sərəncamının mübahisələndirilməsi mümkün olsa da, etibarsızlığından söhbət gedə bilməz. Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadında səlahiyyətin olmadığı dəlillərinə münasibətdə tələbin dəqiqləşdirilməsi təklif edilmişdir ki, həmin təklif iddiaçının iddia tələbində göstərilən dəlilləri ilə yanaşı, eyni zamanda müddətin ötürülməsi ilə əlaqədar olmuşdur. İddia tələbinin mahiyyəti üzrə qiymətləndirilməsini mümkün edən etibarsızlıqla bağlı iddia tələbi isə iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə, mümkünlüyün aradan qaldırılmasına imkan versə də iddianın təmini üçün əsas müəyyən edilməkdədir. Beləliklə məhkəmə hesab edir ki, səlahiyyətin olmaması barədə dəlil qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, səlahiyyətdən düzgün istifadə etməmə halı belə, səlahiyyətin mövcudluğu deməkdir ki, cavabdeh inzibati orqanın dövlət mülkiyyətində olan torpaq sahəsini icarə və istifadə hüququ, eləcə də rayon icra hakimiyyətinin inzibati aktını qüvvədən salma kimi səlahiyyəti mövcud olmuşdur ki, bu baxımından Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğundan, beləliklə də sərəncamın hissəvi etibarsızlığından söhbət gedə bilməz. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də görünür ki, 0,06 ha ölçüdə torpaq sahəsinin “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MTK-ya ümumilikdə 0,4924 ha ölçüdə torpaq sahəsinin ayrılmasına dair 05 fevral 2016-cı il tarixli 37 saylı Sərəncamının və həmin Sərəncam əsasında tərtib edilmiş “ayrıc aktı”-nın hüdudları daxilində olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, AR İPM-nin: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatında baxılmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə də iddiaçının diqqətinə çatdırır ki, səlahiyyətdən düzgün istifadə etməmə, başqa şəxsin qanuni mənafelərini pozma dövlət orqanının maddi məsuliyyətinin yaranma əsaslarından biri qismində çıxış edir. Odur ki, iddiaçı yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış torpaq sahəsinin istifadə edilə bilməməsi, başqa şəxsə verilməsi kimi hərəkətlərindən inzibati orqanın özünə, nəticə vermədiyi halda isə məhkəməyə zərərin ödənilməsi barədə iddia irəli sürmək hüququ vardır ki, həmin hüquq iddiaçıya izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar