Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7992/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin iştirakı X2 iştirakı ilə, İddiaçı сavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı сavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək onun ölkədən çıxışın müvəqqəti məhdudlaşdırılması haqqında qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə сavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsi ilə əvəz edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində yerləşən “Xəmsə" şadlıq sarayında 2018-ci illərdə günəmuzd ofisiant işləyirdi. Şadlıq sarayında bərabər işlədiyi, lakin Mingəçevir şəhər sakini olan X9 adlı şəxs ona olan etibarından sui - istifadə edərək xarici dövlətlərin birindən onun adına böyük məbləğdə pul gələcəyini söyləyərək ondan az miqdarda vergi çıxılsın və hesaba böyük məbləğ gəldikdə nağdlaşdıraraq çıxara bilməyəcək deyə başqa etibarlı, yaxın şəxslərin adına da həmin pulun gəlməsi üçün müəyyən yerlərə imza atmaq lazım olduğunu bildirmişdir. Bu məqsədlə də Bakı şəhəri Xətai rayonunda yerləşən 2 saylı “ASAN” xidmətə gedərək bir neçə yerə imza atmışdır. Müəyyən zaman keçdikdən sonra Emindən pulun nə üçün gəlmədiyini soruşduqda Emin bildirmişdir ki, pul daha gələsi olmadı, gəlsə ordan ona bildirəcəklər. Sonradan ona məlum oldu ki, Emin Yahyayev ona olan inamımdan istifadə edərək dələduzluq etmiş və adına 4 şirkət açmışdır "xxxx" MMC qeydiyyata alındığı tarix xx.xx.2019. -VÖEN: **********, "xxxx" MMC qeydiyyata alındığı tarix xx.xx.2019, - VÖEN **********, "xxxx" MMC qeydiyyata alındığı tarix xx.xx.2019 -VÖEN: **********, "xxxx" MMC qeydiyyata alındığı tarixi xx.xx.2019 VÖEN: **********. Onlar bu vəziyyəti onda bildi ki, “Covid 19” pandemiya dövründə verilən 190 manatlıq yardımı almaq üçün müraciət etdi, bildirdilər ki, ona şamil olunmur 4 şirkəti var. Guya böyük sahibkardır və bununla da işin üstü açıldı. Bütün hüquq mühafizə orqanlarına rəsmi müraciəti oldu, mediada (KİV) valideyinləri işıqlandırdı. DİNnin BMCMİ (banditizm) ona aldatdığı şəxsi müəyyən edib, gecə ilə Mingəçevir şəhərindən Bakı şəhərinə gətirdilər və zəncirvari bütün şəxslər aşkarlandı. Müəyyən edildi ki, banda formasında ondan savayı bir neçə şəxsləri də aldadıblar. Bir neçə əlbir şəxslər olub. Sonda adına açılmış 4 şirkət bütün borcları məsuliyyətləri ilə birgə notarial qaydada X5 satıldı. Vergilər Nazirliyinin iştirakı və razılığı ilə qeydiyyat və sənədləşmə də onun adına oldu. Vergilər Nazirliyi hansı müqavilədə neçə və hansı maddələrə, sözlər yazılmalıdır o formada alqı-satqı müqaviləsini notarius tərtib edib imzaladı. Bu məlumatları aidyyətı sorğu ilə dəqiqləşdirə bilər. Həmin müqavilələrin 5-ci maddəsində VX-nin tələbi ilə Alıcı MMC-lərin bütün vergi borcları və öhdəliklərini də ödəməyi üzərinə götürür. Məhkəmələrdən məlumatsız olmuşdur. Məhkəmə gedən vaxta hüquq mühafizə orqanlarında (banditizmdə) işi araşdırılan vaxtla üst-ustə düşür. Başları hədsiz dərəcədə bu işə qarışdığı üçün məlumatsız olmuşdur. Ailəsində və özündə çox gərginlik olub. Məlumatlı olsaydı məhkəməyə bütün araşdırlmalı materialları əldə edib dərhal təqdim edərdi ki, barəsində qətnamə də çıxmazdı. xx.xx.2024-cü il tarixində vergilər Nazirliyinə məhdudiyyətin götürülməsi barədə rəsmi müraciət elədi, (poçt qutusuna atdı). Vergi xidmətinin X7 baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı aldı. Daha sonra əlaqə saxladı və 2 dəfə görüşdü. Bildirdilər ki, məkəmədən kənar onlar bir şərtlə görünə bilər ki, notariusda borcla birlikdə cəmiyyəti alan X4 tapıb onla birlikdə gəlsəniz və ya bizə yeri barədə məlumat versəniz o halda sistemdən özümüz məhdudiyyəti götürə bilərik. Hal hazırda alqı-satqı müqavilələri sistemdə icra edilib və borc sizin adınızda yoxdur. Ancaq məhkəmə qərar versə edərik baxmayaraq ki, sizlik yenə də bir şey qalmayıb artıq. O bandanın üzvü olan H.İlqarın o vaxtdan fiziki mövcudluğu ona məlum olmayıb. Məsuliyyətə cəlb edilib edilməməsi, həlak olması, qalması heç bir məlumatı da hal-hazırda yoxdur. Hesab edir Vergilər nazirliyi istəsə zatən yerini müəyyən edə bilər. Amma barəsində hüquqi tədbirlərin davam etdirildiyini bildirlər. 2020-ci ildən bu məsələ həll edildikdən işə də düzəlib işləmiş, heç bir maneəçiliyi olmayıb. Səbətində olan problemlə əlaqədar ölkə xaricinə getmək istədikdə ona aeroportda buraxmadılar ki, vergi xidməti ona ölkə çıxışında məhdudiyyət qoyub. Bildirmək istərdi ki, qeyd edilən borc MMClərin borcudur. MMC-lərin nizamnamə kapitalı, dövriyyəsi, idarə edən şəxsləri, balansındakı əmlakları və digər halları müəyyən etmək mümkündür və Vergilər Nazirliyində var. Hal hazırda cəmiyyətin borcu ilə birlikdə Cəmiyyətləri alan şəxs var. Nə cəmiyyətlər qurulan vaxt, nədə sonralar, nədə hal-hazırda onun heç bir əlaqəsi olmayıb. Birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyamızda və qanunvericiliyimizdə məsuliyyətin fərdiliyi prinsipi qeyd edilib. Aidiyyəti olmayan hala görə onun hüquqları pozulub. Yalnız formal tələblərdən formallıq üçün əməl olunması və individual olaraq vətəndaşın faktiki və hüquqi sənədləşməsini halları nəzərə almadan, inzibati orqan tərəfindən fiziki və hüquqi şəxslərin müraciətinə imtina edilməsi, icra edilməməsi, icra edilməsi üçün vətəndaşa mümkünsüz olan şərtlər qoyulması, dolayısı ilə anlayışsızlıq göstərilməsi inzibati orqanın verilmiş hüquqlardan sui-istifadə edilməsidir. Daha sonra özü araşdırdı ki, Bakı Kommerisiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(113)- 2514/2020-saylı qətnamə ilə ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən edilmiş müraciətlə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Xüsusən qeyd etmək istərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2( 113)-2514/2020-saylı qətnaməsinə əsas olmuş hallar 2021-ci ilin mart ayında tam həll olundu. Artıq əmələ də hüquqi qiymət verildi. "xxxx" MMC olmaqla bütün məsuliyyətim aradan qaldırıldı və rəsmiləşdirildi.
4. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra hüquqi şəxsin icra orqanının əvvəlki rəhbəri olaraq Sizin ölkədən getmək huququnuzun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir.”
5. Cavabdehin iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2514/2020 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Belə ola halda iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulması ilə razılaşmadığı təqdirdə Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət verməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 2514/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə olaraq, İddiaçı xx.xx.2019-cu il tarixli, **********06010 nömrəli ərizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə elektron qaydada müraciət edərək, özünün təsisçi və qanuni təmsilçisi olduğu "xxxx" MMC-ni (VÖEN:**********) təsis etmişdir. Bu səbəbdən "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olaraq hüquqi şəxsi dövlət qeydiyyatından keçirərkən, artıq İddiaçı "xxxx" MMC (VÖEN: **********) ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş hesab olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Məcəllə) 91.1-ci bəndinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmçinin, Cəmiyyətin Nizamnaməsinin 5.2-ci bəndinə əsasən direktorun səlahiyyətləri təsdiq edilmişdir. Belə ki, direktor Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edərək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir; öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir. Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən edir, onlarla əmək müqavilələri bağlayır, şərtlərini dəyişdirir və qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv edir. Qeyd edilənlərə əsasən, Cəmiyyətin adından çıxış edən İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmadığı üçün dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək mümkün olmamışdır. Belə olan halda isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən digər vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilməsi prinsipinin və dolayısı ilə digər Vergi ödəyicilərinin hüquqlarının və qanuni maraqlarının lazımınca təmin olunmaması gətirib çıxarır. Bundan sonra Cəmiyyətdə xx.xx.2021-ci il tarixdə rəhbər dəyişikliyi aparılaraq X8 rəhbər təyin olunmuşdur ki, həmin şəxsin də digər müəssisələrin borclarına görə artıq “27” Avqust 2018-ci il tarixli 2(011)-7416/2018 nömrəli məhkəmə qətnaməsi əsasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığı məlum olmuşdur. Bununla əlaqədar olaraq bildiririk ki, Vergi Məcələsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, lakin müraciətdə qeyd olunan hal üzrə isə əsaslar aradan qalxmamışdır. Belə ki, qətnamə üzrə təmin edilmiş 7396,08 manat borc məbləğindən hələ də heç bir ödəniş aparılmamışdır. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərarının 2.1.8 bəndinə əsasən xx.xx.2023-cü il tarixli, **********682800 saylı qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Əlavə olaraq bildiririk ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna).
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddiaçı onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinə müraciət etmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinin məktubu ilə məhdudlaşdırılmasına səbəb olan hallar aradan qalxdığı (vergi borcunun ödənildiyi təqdirdə) iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəyi göstərilmişdir.
10. İddiaçı hazırda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərarın ləğv edilməsini məhkəmədən xahiş edir.
11. İddiaçının nail olmaq istədiyi məqsədi nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməlidir.
12. Belə ki, Vergi Məcəlləsinə əsasən: 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir. 24.0.2-1. Vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
13. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinin Əsasnaməsinin: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X7 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək;
14. Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Bakı Kommersiya məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2514/2020 nömrəli qətnaməsinə əsaən, ərizənin təmin edilməsi, 15 avqust 1998-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda ola:- X3 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya ə nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.
16. 22.02.2021-ci il tarixli təsis payının alqı-satqısı müqavilələrinə əsasən İddiaçı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-də Nizamnaməsində olan təsis paylarını X1.
17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron xidmətindən əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin qanuni təmsilçisi X6r.
18. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. İddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi, həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına əsaslanmışdır. İddiaçı haqlı olaraq qeyd edir ki, yuxarıda istinad edilən normanın məzmununa görə, məhdudiyyətin tətbiqi üçün 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) vergi borcu vaxtında ödənilməməlidir; 3) hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri olmalıdır. Normada nəzərdə tutulan əsaslardan vergi orqanının imtina məktubunda istinad etdiyi şərt – vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır.
19. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmış olması vəziyyəti iddiaçının zərərinə dəyişmir və cavabdeh Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş şərtin baş verdiyi halda iddiaçının xeyrinə əlverişli akt qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, iddiaçının tələbi hazırkı iş üzrə tərəflər arasında yaranan və davam edən inzibati hüquq münasibətlərindən irəli gəlir.
20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva