Məhkəmə qərarları › İş №e-2-1(112)-7995/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7995/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7995/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, . İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39730 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha 1083j saylı bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 39730 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha 1083j saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan bağ sahəsi iddiaçının istifadəsindədir. Bağa dair iddiaçının mülkiyyət hüququnun tanınması və çıxarışın (plan ölçünün) verilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət edilmiş müraciət edilmiş, lakin həmin vaxtdan 35 gün keçməsinə baxmayaraq, heç bir cavab verilməmiş, inzibati orqan tərəfindən hərəkətsizlik nümayiş etdirilmişdir. İnzibati orqanın hərəkətsizliyi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 1083j nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin torpaq sahəsinin nömrəsi qonşu torpaq sahələrinin nömrələri ilə uyğunsuzluq təşkil edir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırlar ki, torpaq sahəsi 1083N və 1104E saylı torpaq sahələri ilə ümumi hasar daxilindədir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli, 3-52/2-2093/2024 nömrəli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli, 75 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, xx.xx.2007-ci il tarixli 01 nömrəli Protokol ilə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə”, Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 № li sərəncamına əsasən: 2. Vətəndaşlara aşağıdakı bağ sahələri təhkim edilsin. 2.8. Novxanıdakı 1083j № bağ (sənəddə olduğu kimi) -İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********98 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083j saylı bağ sahəsinə dair xx.xx.2007-ci il tarixli, 39730 saylı müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və istismarı Birliyinin Novxanı ərazisindəki 1083j nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 39730 nömrəli müqaviləyə əsasən birlik tərəfindən İddiaçı Binəqədi rayonu Novxanı ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 1083j nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə istifadəsinə verilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********65 nömrəli məktubu ilə Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083j saylı torpaq (bağ) sahəsinin (ətrafında yerləşən qonşu bağ nömrələri göstərilməklə) ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Göndərilmiş ərazinin ortofoto görüntüsünün surətindən görünür ki, iddia olunan bağ sahəsinin qonşuluğunda 1107g, 1107h, 1104e, 1079g, 254q saylı bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083j saylı bağ sahəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi: hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1200 kv.m, göstərilən bağ sahəsi 1083n və 1104e nömrəli bağ sahəsi kimi göstərilən sahələrlə ümumi hasar daxilindədir. Sahənin iki tərəfi hasar 2 künc döngə nöqtəsinə 3-4 daş hündürlüyündə mişar daşı hörülmüşdür. Sahədə tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Sahənin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********65 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083j saylı bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********44 nömrəli məktub ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1083n saylı, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Novxanı bağ massivi, 1104e saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Novxanı bağ massivi, 1104e saylı bağ sahəsinə dair X2 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və istismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 39730 nömrəli Müqavilə ilə Novxanı ərazisindəki 0,12 hektar ölüdə 1083j nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Sözügedən icarə müqaviləsinin əsasında duran Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamı ilə İddiaçı Novxanıdakı 1083j nömrəli bağ sahəsinin verilməsi qərara alınmışdır. Cavabdehin 1083j nömrəli bağ sahəsinin nömrəsinin Novxanı bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmaması dəlili əsassızdır. Belə ki, qeyd edilən bağ sahəsinin nömrəsinin sxematik xəritədə qeyd olunmaması hazırkı müraciətin təminindən imtinaya əsas vermir. Cavabdeh göstərilən dəlili ilə bağlı Novxanı bağlar sahəsində yerləşən bağ sahələrinin sxemini təqdim etmişdir. Təqdim edilən sxematik xəritənin yazı qrafikası, şriftindən görünür ki, bağların sxematik xəritəsi bağlar Təsərrüfatı İdarəsinin mühəndisləri tərəfindən ən tezi 90-cı illərdə tərtib edilmişdir və belə olan halda aydın məsələdir ki, təqdim olunan xəritə məhz həmin illərdəki vəziyyətə uyğun olaraq ayrılmış bağların yerləşmə yerini, ardıcıllığını göstərir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi 1083j nömrəli bağ sahəsi ona 2007-ci ildə ayrılmışdır və bu halda həmin nömrəli bağın daha əvvəl tərtib edilmiş sxematik xəritədə olmaması mümkün və ağlabatandır. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla, ümumi hasar daxilində olsa belə iddiaçının faktiki istifadəsində bağ torpaq sahəsinin olduğu müəyyən olunur. Bu barədə cavabdeh orqanın mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə aktında qeydlər edilmiş, eyni zamanda iddia olunan torpaq sahəsinin çöl-ölçmə işləri aparılmış, 1200 kv.m ölçüdə olmaqla yerləşdiyi coğrafi koordinatları müəyyən olunmuşdur. Cavabdeh iddia olunan naturadakı bağ torpaq sahəsinin Novxanı bağ massivində yerləşdiyini mübahisələndirmir. Eyni zamanda məhkəmə sorğusuna cavabda iddia olunan bağ sahəsinin Novxanı bağlarının sxematik xəritəsində, göstərilən hissədə hər hansı bağ nömrəsi qeyd olunmadığını bildirməklə bilavasitə naturada faktiki göstərilən ərazinin hər hansı başqa bir bağ sahəsinin yerinə uyğun gəldiyini və ya hər hansı şəxsə aid bağ torpaq sahəsi ilə üst-üstə düşdüyünü əsaslandırmır. İddia olunan bağın yerləşdiyi ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının 1083j saylı bağ sahəsi kimi naturada təqdim etdiyi bağ sahəsinin qonşuluğunda 1107g, 1107h, 1104e, 1079g, 254q saylı bağ sahələri yerləşir. Cavabdeh orqan 1083 j nömrəli bağ sahəsinin yerləşmə uyğunuzluğunu iddia etmiş olsa da lakin bunu təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Əksinə, ortofoto görüntüdə iddia olunan naturadakı bağ sahəsinin qonşuluğunda olan bağların nömrələrinin qarışıq şəkildə yerləşdiyi görünür. Bu halda mübahisəli ərazidə bağların hansı ardıcıllığa uyğun yerləşdirildiyi, hansı sxematik xəritədə yerləşmə vəziyyətinə uyğun qeydiyyata alındığı bilavasitə müəyyən olunmur. Ən azından eyni sırada 254 q nömrəli bağ sahəsindən fərqli olaraq iddiaçının iddia etdiyi 1083 j nömrəli bağ sahəsinin ətrafındakı bağ nömrələrinin ardıcıllığına 1079g saylı bağ sahəsinə uyğun yerləşdiyi qənaətinə gəlinməsi mümkündür. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Novxanı ərazisində 0.12 ha ölçüdə 1083j saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. Əlavə olaraq qeyd edilməlidir ki, 1083j nömrəli bağ sahəsi ilə ümumi hasar daxilində olduğu bildirilən Bakı Şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Novxanı bağ massivi, 1104e saylı bağ sahəsinə dair X2 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 0.12 ha ölçüdə 1083j saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 0.12 ha ölçüdə 1083j saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar