Məhkəmə qərarları › İş №e-2-1(112)-7997/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7997/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7997/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 saylı Sərəncamı ilə ayrılmış Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 23 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli İ-İ63 №li əmr ilə təsdiq edilmiş Əlav 06-da nəzərdə tutulan, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 561 saylı Sərəncamı ilə, uzun müddət bundan əvvəl abadlaşdırıb, daş hasara alıb, bağ sahəsi kimi istifadə etdiyi Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsini 2492 (iki min dörd yüz doxsan iki) manat ödəməklə əldə etmişdir. Həmin tarixdən etibarən İddiaçı, mülkiyyət hüququndan irəli gələn bütün hüquq və vəzifələri həyata keçirmişdir. Torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədilə xx.xx.2024-cii il tarixdə göndərdiyi sənədlərə, cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə 3-21-330/2-10135-8/2024 saylı məktubu ilə cavab olaraq bildirmişdir ki, torpaq sahəsi 534 nömrəli fərmanın həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqı təsdiq edilməmişdir, həmçinin torpaq sahəsinin yerləşməsinin müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgizsi) bələdiyyə qərarına istinad edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan qərəzli olaraq və hər-hansı bir əsas olmadan ona məxsus olan torpaq sahəsini Dövlət qeydiyyatına almaqdan imtina edir. Hesab edir ki, cavabdeh inzibatı orqanın yuxarıda qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir.

4. İddiaçının müraciətinə cavabdeh imtina məktubunda bildirmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir.

5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. O cümlədən torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid oub-olmamasını müəyyənləşdirmək mümkün olamamışdır.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamında qeyd edilmişdir ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilsin.

11. Torpaqların alqı-satqısına dair akta qeyd edilmişdir ki, Səbail Bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2003-cü il tarixli 561 nömrəli qərar qəbul edilmişdir.

12. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, Səbail Bələiyyəsi tərəfindən Səlyan şossesi 32 ünvanında 30 dekabr 2003-cü il tarixdə onun adına 561 saylı sərəncamla ilə 600 k.m. torpaq sahəsi sənədləşdirilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında Emil İsgəndərovun adına torpaq ayrılmasını təsdiq edən sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar edilməmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır.

15. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-884/2024 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

IV. Məhkəmənin mövqeyi

16. İddia tələbi Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamı ilə iddiaçıya ayrılan 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır.

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

21. Məhkəmə qeyd edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamı və onun qəbul edilməsi üçün əsas olan sənədlərin Bələdiyyə və Dövlət Arxiv İdarəsinin arxivindən əldə edilməsi mümkün olmamışdır.

22. Eyni zamanda məhkəmə qeyd edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 561 nömrəli sərəncamına əsasən ayrılmış 600 kv.metr torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz.

23. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcudur.

24. Qeyd edilən qənaət iddianın təmin edilməməsi üçün yetərli olduğundan cavabdehin etirazda qeyd etdiyi digər məsələlərə məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək münasibət bildirməyi zəruri hesab etmir.

25. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar