Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8002/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 48, 558-566-cı məhəllədə yerləşən binada ümumi sahəsi 191,0 olan, 4 otaqdan ibarət 05 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan mənzili 29 yanvar 2020-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən almış və ümumi pay dəyəri 219841 (iki yüz on doqquz min səkkiz yüz qırx bir) manat ödənilmiş və bununla bağlı müvafiq maliyyə arayışı almışdır. Həmin sənədlər əsasında məzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinə dair cavabdehə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi üçün mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüuquların dövlət qeydiyyatı üçün əsaslardan biri olaraq qeyd olunmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununu 8.0.6-cımaddəsinə əsasənmənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmazəmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ünvan 2 ünvanda 558-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binası bir neçə ildir ki, qazpaylayıcı şəbəkə vasitəsi ilə qazlaşdırılmış, həmçinin yaşayış binasının elektrik və su ilə təchizatı həyata keçirilmiş və sakinlər tərəfindən illərdir ki, komunal ödənişlər həyata keçirilir. ünvan 3 ünvanda 558-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasında vətəndaşların daşınmaz əmlaklara mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki passportun verilməsinə dair müraciətləri əsasında məhkəmə tərəfindən verilmiş iddialar təmin olunaraq müvafiq qətnamələr çıxarılmış və bunun da əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışların verilməsi təmin edilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2019-cu il tarixli qətnamələri ilə qeyd olunan yaşayış binasında bir sıra payçıların mülkiyyət hüququnun tanınması və müvafiq reyestrdən çıxarışların verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzrərinə qoyulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin yerləşdiyi binanın istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bundan əlavə mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, iddiaçının hazrıkı tələbi üzrə müraciətinə baxılmış və imtinadakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış yaşayış binasının mənzil tikintisi haqqında müqavilədən görünür ki, ünvan 5 ünvandakı 558 və 556–cı məhəllələrdə yerləşən binanın 5 nömrəli mənzilini almışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, qeyd olunan mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558-566-cı məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus tikintinə obyektinə dair məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. -Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566, 48 saylı binada qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Lakin "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566, 46 saylı binada üç mənzil qeydiyyata alınmışdır. -Cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566, 48 saylı binada qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Lakin "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566, 46 saylı binada qeyri-yaşayış sahələri qeydiyyata alınmışdır. Beləliklə işin hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası olaraq mənzilin dəyərinin ödənilməsi barədə MMC ilə bağlanmış mənzil tikintisi haqqında müqaviləyə, həmin mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışına istinad edərək daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin əsas dəlili odur ki, iddiaçının mənzilinin yerləşdiyi "xxxx" MMC tərəfindən inşa olunmuş mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının binanın istismara icazə sənədi təqdim edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən adına rəsmiləşdirilməsini tələb etdiyi mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul aktı təqdim olunmadığından onun tələbinin təmin olunmasından cavabdehin imtinası qanunazidd və hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə iddiaçının "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566 ünvanında inşa edilmiş 48 saylı yaşayış binasında istismara qəbul edilmə barədə sənəd təqdim olunmadan digər mənzillərin üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi zamanı bərabərlik prinsipinə əməl edilməməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları bildirir. “İnzibati icraat haqqında” qanundan: -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Cavabdeh təşkilat tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mənzilinin yerləşdiyi 48 saylı binada hər hansı şəxsin adına qeydiyyatdan keçmiş mənzil və ya qeyri-yaşayış sahəsi aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən 48 saylı binada yerləşən yaşayış və qeyriyaşayış sahələrinə dair hər hansı qeydiyyat hərəkəti ümumiyyətlə aparılmadığından bərabərlik və etimad hüququnun pozulması müəyyən edilməmişdir. Həmin ünvandakı 46 saylı binada isə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2019-cu ildə qəbul edilmiş qərarları əsasında cəmi üç ədəd mənzil və 2015-2020-ci illərdə qərarları əsasında yeddi ədəd qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmışdır. Qeyd olunan məhkəmə qərarları mübahisələndirilməmiş və qeydiyyat hərəkətləri cavabdeh tərəfindən məhz məhkəmə qərarlarının icrası çərçivəsində həyata keçirilmişdir. Belə olan halda hesab edilir ki, qanunvericiliyə görə məhkəmə qərarından şikayət verilməsi tərəfin hüququ, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburi xarakter daşımaqla vəzifəsi kimi nəzərdə tutulduğundan, bundan sonra sözügedən binada cavabdeh tərəfindən inzibati icraat qaydasında eyni mühüm faktiki hallara əsaslanan ən azı bir mənzilin belə qeydiyyata alınması ilə bağlı hər hansı sübut təqdim olunmadığından (o cümlədən məhkəmə araşdırması ilə də əldə olunmadığından) hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan tərəfindən bu məsələdə müstəqil inzibati praktikanın yaradılması və praktikasında hamıya münasibətdə bərabər yanaşmanı və davamlı münasibəti təmin edəcək qaydada davranış nümayiş etdirilməsi müəyyən edilməməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı bərabərlik və inzibati orqanların praktikasına etimadın qorunması prinsipinə istinad edə bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsaslara ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Odur ki, iddia əsassız olduğundan təmin edilmir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8002/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8002/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver