Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8005/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehiyata buraxılma vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək N nömrəli hərbi hissənin rabitə şöbə rəisinin radirabitə üzrə baş köməkçisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (‘'öz arzusu ilə”) əsasən ehiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən Ordu Sıralarında xidmətdədir, xx.xx.2002-ci il tarixdən leytenant rütbəsini alaraq xidmətə başlamışdır. Halhazırda N nömrəli hərbi hissənin rabitə şöbə rəisinin radiorabitə üzrə baş köməkçisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı üçün yuxarı komandanlığa raportla müraciət etsə də, artıq 5 aydan çox vaxt keçməsinə baxmayaraq iddiaçının hüquqları kobud şəkildə pozularaq Ordu sıralarından tərxis olunmamışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə Müdafiə Nazirinə müraciət edərək Ordu Sıralarından tərxis olunmağı xahiş etmişdir. Lakin cavabdeh orqan hərəkətsizlik nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir.
3. Cavabdeh orqan məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Ehtiyata buraxılmağa dair əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” inzibati işə baxılır. Cavabdeh hesab edir ki, hazırki mərhələdə icraatın dayandırılması üçün əsaslar mövcuddur. Belə ki, İddiaçı ehtiyata buraxılmasına dair N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli raportu N nömrəli hərbi hissədə hazırda baxılmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1 -ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətlərinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər.İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Qeyd olunanlara əsasən cavabdeh inzibati iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırki iş üzrə 01 avqust 2023-cü il tarixli baxış iclasında müşavirə edərək vəsatətin təmin edilməməsini qərara almışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 550 №-li Hərbi Hissənin xx.xx.2023-cü il tarixli, 18 saylı Arayışında qeyd olunur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnikleytenant İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək kursant, xx.xx.2002-ci il tarixdən bu günədək zabit qismində Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir.
5. İş materiallarında olan N nömrəli hərbi hissə komandirin birinci müavini-qərargah rəisinə və N nömrəli hərbi hissənin komandirinə ünvanlanan xx.xx.2022-ci il tarixli Raportların surətindən görünür ki, iddiaçı Ordu sıralarından öz arzusu ilə ehtiyata buraxılmağı barədə müvafiq orqana müraciət etmişdir.
6. İş materiallarında olan ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixində mayor hərbi rütbəsi verilib, xx.xx.2014-cü il tarixində H/h-nın Əməliyyat bölməsinin (Q3) Rəisi QR-nin müavini vəzifəsinə təyin edilib, xx.xx.2018-ci il tarixində polkovnik-leytenant rütbəsi verilmişdir.
7. Məhkəmənin də baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
9. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddiaçının müvafiq tələblə xx.xx.2022-ci il tarixdə yuxarı komandanlığa, daha sonra isə xx.xx.2023-cü ildə cavabdeh Müdafiə Nazirliyinə müraciət etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən hərəkətsizlik nümayiş etdirildiyi üçün xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddia “məcburetmə” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yaranmışdır.
12. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
13. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
14. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.
156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
15. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
16. İddiaçı tərəfindən təqdim edilmiş raporta N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi tərəfindən baxılmış və N nömrəli hərbi hissə komandiri qarşısında İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir.
17. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı raport yazdığı xx.xx.2022-ci il tarixə zabit kimi ən azı 20 il (Azərbaycan Respublikası Müdafiə Nazirliyi 550 №-li Hərbi Hissəsi tərəfindən təqdim olunmuş arayışa əsasən xx.xx.2002-ci il tarixdən) xidmət etmişdir. Odur ki, iddiaçının azı 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. N nömrəli hərbi hissənin rabitə şöbə rəisinin radiorabitə üzrə baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva