Məhkəmə qərarları › İş №e-2-1(112)-8010/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8010/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8010/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272a/T saylı bağ sahəsi üzərində İddiaçı2 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 272a/T saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Həmçinin onun həyat yoldaşı İrina Kirilova Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 272b/T saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Qeyd olunan torpaq sahələri 2005-ci ildən bu günədək (18 on səkkiz il) iddiaçıların mübahisəsiz istifadəsindədir. Müraciətə 272a/T nömrəli bağ sahəsinə dair İddiaçı2 ilə X5 və İstismarı Birliyi arasında bağlanmış 34665 nömrəli müqavilə, 272b/T nömrəli bağ sahəsinə dair İrina Kirilova ilə X5 və İstismarı Birliyi arasında bağlanmış 35563 nömrəli müqavilə əlavə edilmişdir. İddiaçı qeyd etmişdir ki, əlavə edilmiş müqavilələr səlahiyyətli şəxslər tərəfindən imza edilmişdir və möhür ilə təsdiqlənmişdir. Lakin cavabdeh Sergey Kirillovun mülkiyyət hüququnun qeydiyyatından imtina etmişdir. Belə ki, cavabdehin **********81 nömrəli, xx.xx.2023-cü il tarixli imtina barədə məktubun ikinci abzasında qeyd olunur ki, elektron kadastr məlumatlarına əsasən “272a/T” nömrəli bağ sahəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Qərarın üçüncü abzasında “272a/T” saylı 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X5 və İstismarı Birliyi ilə Sergey Kirillovla 34665 nömrəli xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır, sonra razılığı əsasında həmin torpaq sahəsinin İddiaçı1 adına keçmişdir. Qalan 0.06 ha sahəyə dair onun adına 09 avqust 2005-ci il tarixli 34663 saylı müqavilənin mövcudluğu qeyd edilsə də, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi bildirilmişdir. Həmçinin cavabdeh İrina Kirilovanın mülkiyyət hüququnun qeydiyyatından eyni məzmunlu **********70 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. iddiaçı qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilməsi vətəndaşların öhdəliyi kimi, qeyd oluna bilməz. Kadastr məlumatlarında olan səhvlər 18 (on səkkiz) il torpaqdan istifadə və sahiblik edən iddiaçılara şamil edilməməlidir. İddiaçı hesab edir ki, cavabdehin mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, bağ sahələri üzərində hüquqların qeydiyyatının aparılması üçün əsas olan sənədlər “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində konkret göstərilmişdir. Həmin maddədə qeyd olunur ki, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələri üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı tərəfindən bağ sahəsinə dair müvafiq sənədlər təqdim edilsə də, yuxarıda qeyd olunan səbəblərdən cavabdeh tərəfindən imtina olunmuş və imtinanın əsası kimi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR Qanununun 11.1-ci maddəsi göstərilmişdir. Qanunun 11.1-ci maddəsində isə qeyd olunur ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçılarla X5 və İstismarı Birliyi arasında bağlanmı müqavilələr səlahiyyətli şəxslər tərəfindən imza edilmişdir və möhür ilə təsdiqlənmişdir. Bununla da, iddiaçılar tərəfindən verilmiş sənədlər onların hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olduğu müəyyən olur. Göründüyü kimi, cavabdehin imtina qərarlarında göstərilən əsasən (elektron kadastr məlumatlarında bağ sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığı, həmçinin müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi) həmin maddənin məzmununda imtinaya səbəb olan əsas kimi öz əksini tapmır. Digər tərəfdən, cavabdehin imtina bildirişində göstərilən səbəbin əsaslı olduğunu fərz etsək belə, həmin səbəb iddiaçıların səhvi və ya günahı ucbatından meydana gəlmədiyindən onun nəticələrini iddiaçının üstünə yıxmaq qanunsuz və ən azından ədalətsizlikdir. Belə ki, iddiaçının istifadəsində olan bağ sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bağçılıq yoldaşlıq tərəfindən sənədləşdirilmiş və ona müvafiq sənədlər təqdim edilmişdir. Cavabdehin imtina bildirişində göstərilən səbəbləri araşdırmaq isə iddiaçının vəzifəsi deyil və ona həvalə edilə bilməz. Hüquqi əsaslar: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas sayılır. Məhkəmə icraatının gedişində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiacılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272a/T saylı bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8010/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272a/T saylı bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli müraciəti zamanı elektron kadastr məlumatlarına əsasən “272a/T” nömrəsinin iddiaçı tərəfindən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən “272a/T” saylı 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X4 və İstismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli 34665 saylı müqavilə bağlanmış, daha sonra X3 razılığı əsasında həmin torpaq sahəsinin 0.06 ha hissəsi İddiaçı1 adına keçirilmişdir. Qalan 0.06 ha sahəyə dair X3 adına 09 avqust 2005-ci il tarixli 34663 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin bildiririk ki, təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Həmçinin İddiaçı1 Viktoronva Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.06 ha olan 272b/T saylı bağ sahəsi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə müraciəti zamanı elektron kadastr məlumatlarına əsasən “272b/T” nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Sözügedən 0.06 ha sahəyə dair İddiaçı1 Viktoronvanın adına 09 avqust 2005-ci il tarixli 35563 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin bildiririk ki, təqdim edilən 0.12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə aparılmış yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən sahə ümumi hasar daxilində olmaqla, faktiki 2400 kv.m təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edirik.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunun surəti; - ******* nömrəli, xx.xx.2014-cü il tarixli və ******* nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların surəti; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər; - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə müraciətinə dair qəbz; - CEG-22/150 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hazırki mübahisəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi ilə İddiaçı2 arasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 106 saylı Sərəncamı əsasında Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272a/T saylı bağın istifadəyə verilməsinə dair 34665 saylı müqavilə və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi ilə İddiaçı1 arasında Birliyin xx.xx.2005-ci il tarixli 10 saylı Protokoluna əsasən Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272b/T saylı bağın istifadəyə verilməsi barədə 35663 saylı müqavilə bağlanılmışdır. İddiaçılar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, göstərilən bağ sahəsinin onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan-ölçünün verilməsini xahiş etmiş, cavabdeh İdarə tərəfindən İddiaçı1 və xx.xx.2023-cü il tarixli məktubla imtina verilərək qeyd edilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən 272b/T nömrəsinin tərəfinizdən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmiş və bundan əlavə olaraq idarənin arxiv məlumatlarına əsasən 272a/T saylı 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X4 və İstismarı Birliyi ilə X7 arasında xx.xx.2005-ci il tarixli 34665 saylı müqavilə bağlanılmış, daha sonra onun razılığı əsasında həmin torpaq sahəsinin 0,06 ha hissəsi sizin adınıza keçirilmişdir. Sözügedən 0,06 ha sahəyə dair sizin adınıza xx.xx.2005-ci il tarixli 35563 saylı müqavilə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Cavabdeh idarə tərəfindən X3 müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina verilərək qeyd edilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən 272b/T nömrəsinin tərəfinizdən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmiş və bundan əlavə olaraq idarənin arxiv məlumatlarına əsasən 272a/T saylı 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair X4 və İstismarı Birliyi ilə aranızda xx.xx.2005-ci il tarixli 34665 saylı müqavilə bağlanılmış, daha sonra razılığınız əsasında həmin torpaq sahəsinin 0,06 ha hissəsi tərəfindən İddiaçı1 adına keçirilmişdir. Qalan 0,06 ha sahəyə dair sizin adınıza xx.xx.2005-ci il tarixli 35563 saylı müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 272a/T və 272b/T saylı bağ sahələrinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi ilə iddiaçı X7 arasında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 106 saylı Sərəncamı əsasında, Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272a/T saylı bağın istifadəyə verilməsi barədə bağlanılmış 34665 saylı müqavilə birlik tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi ilə İddiaçı1 arasında Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272b/T saylı bağın istifadəyə verilməsi barədə bağlanılmış müqavilə arxiv qovluğunda mövcud deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, torpagın 0,06 ha hissəsinin X3 həyat yoldaşı İddiaçı1 adına keçirilməsinə dair ərizələr olmasına baxmayaraq, qeyd edilən torpaq sahəsinin bölünərək, 0,06 ha hissəsinin İddiaçı1 adına keçməsini təsdiq edən heç bir sənəd də qovluqda mövcud deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi ilə iddiaçı X7 arasında Birliyin 10 saylı protokolu əsasında, Sabunçu rayonunun Pirşağı ərazisində 0,06 ha torpaq sahəsi olan 272a/T saylı bağın istifadəyə verilməsi barədə bağlanılmış xx.xx.2005-ci il tarixli 34663 saylı Müqavilə və Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi ilə İddiaçı1 arasında Birliyin 10 saylı protokolu əsasında, Sabunçu rayonunun Pirşağı ərazisində 0,06 ha torpaq sahəsi olan 1272b/T saylı bağın istifadəyə verilməsi barədə bağlanılmış xx.xx.2005-ci il tarixli 34663 saylı Müqavilə, qeyd edilən hər iki müqavilə birlik tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01-93/23 nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim edilən daş hasarın daxilində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirilmə zamanı müəyyən edildi ki, təqdim olunmuş X7 və İddiaçı1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları massivində yerləşən torpaq sahəsinin ölçüsü 0,24 ha olmaqla Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi tərəfindən Pirşağı ərazisində həmin şəxslərə ayrılmış torpaq sahəsinin ümumi ölçüsü ilə eynilik təşkil edir və X7 və İddiaçı1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları massivində yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən məhkəməyə və inzibati orqana təqdim etdikləri və iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi tərəfindən iddiaçı X6 Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272a/T saylı bağ sahəsinin veriməsinə dair xx.xx.2005-ci il tarixli, 34665 nömrəli Müqavilə və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X4 və İstismarı Birliyi tərəfindən İddiaçı1 Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272b/T saylı bağ sahəsi verilməsinə dair xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilə (hər iki müqavilə) birlik tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Cavabdehin bazasında və ya arxivdə İddiaçı1 məxsus bağ sahəsinin ayrılmasına dair 0.6 ha-da dair müqavilə imzalanmamış müvafiq qaydada təsdiq edilməmişdir. Belə olan halda, cavabdehin arxivində saxlanılan 0.6 ha torpaq sahələrinə dair hər iki müqavilələr müvafiq qaydada imzalanmadığı və təsdiq edilmədiyi üçün hüquq müəyyənedici sənəd hesab edilə bilməz və həmin müqavilələrin heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçı1 0.12 ha torpaq sahəsinin verilməsinə dair müqaviləsi isə səlahiyyətli qurum tərəfindən möhür və imza ilə təsdiq edilmiş və hal hazırda qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara məxsus bağ sahəsinin ayrılmasına dair qeyd edilən müqavilələrin qanunsuz olduğunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı1 məxsus müqavilənin cavabdehin arxivində olmaması iddiaçının iradəsindən asılı olmayan hal olduğundan onun təqsiri hesab edilə bilməz. Mütəxəssis rəyindən görünür ki, iddiaçılar öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz Müqavilə əsasında onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahəsinə dair cizginin təsdiq edilməsini və çıxarışın verilməsinin tələb etməkdə haqlı olmuşdurlar. Həmçinin məhkəmə 272a/T və 272 b/T nömrəli bağ sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığına dair imtina dəlili ilə bağlı qeyd edir ki, buna diar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı uyğunsuzluq olduğu halda bunu aradan qaldırılmaqla müvafiq rəsmiləşdirmə aparılması hazırkı cavabdehin vəzifələri sırasına daxildir. Belə ki, iddiaçıların tələbi müvafiq ərazidəki 0,24 ha torpaq sahəsinin ayrılmasına dair (0,12 ha+0,12 ha) ölçüdə bağ sahəsinin qeydiyyata alınması ilə bağlıdır, hansı ki, bağ icarə müqaviləsi ilə onlara ayrılmışdır. İddiaçılar tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Belə ki, qanunvericilikdə hüquqların qeydiyyatından imtina əsaslarında müvafiq müqavilənin nüsxəsinin arxivdə saxlanılmadığı müəyyən edilməmişdir. Belə olan halda sözügedən müqavilə barədə arxivdə məlumatın olmaması onun həqiqətə uyğun olmadığına dəlalət etmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Eləcə də, torpaq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluğun olması iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Göründüyü kimi torpaq sahələri hər iki iddiaçının qanuni istifadələrində olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 25-ci maddəsin əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, maddənin tələblərinə görə məhz bəyan olunan hüquqlarla ziddiyətlərin, imtinanın və ya qeydiyyatın dayandırılması üçün əsasların olub-olmamasının yoxlanılması cavabdeh qurumun vəzifə səlahiyyətlərinə aiddir. İddiaçı isə məhz bəyan edilən, yəni onun qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə sasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunmalıdır ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasını qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272a/T saylı bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272a/T saylı bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272a/T saylı bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0.12 ha olan 272b/T saylı bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarış, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar