Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8013/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ləğvetmə prosesinin bərpası və ləğvetmə komissiyasının yenidən təşkili” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" X1 (VÖEN **********) barəsində ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyası təyin edilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X1 təsisçi direktoru atası X3r. 2008ci il tarixli bağışlama müqaviləsi ilə atası ona məxsus pay hüququnu bütünlüklə iddiaçıya bağışlamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Maykovski küçəsi ilə Zeynal Xəlil küçəsinin kəsişməsində yerləşən Köşk "xxxx" X1 xüsusi mülkiyyətindədir. O, qeyd olunan köşkün firmanın tərkibindən ayrılıb onun adına özəlləşdirilməsi üçün reyestr xidmətinə müraciət etmişdir. Orada isə ona bildirmişdirlər ki, firma bağlanmalıdır və köşk firmanın tərkibindən ayrılmalıdır. Bundan sonra cavabdeh təşkilata müraciət etmiş və xx.xx.2021-ci il tarixdə firma ləğv edilmiş və hüquqi şəxlərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra köşkün adına özəlləşdirilməsi ilə bağlı reyestr xidmətinə yenidən müraciət edən zaman ona bildirmişdirlər ki, “bizim idarə yalnız daşınmaz əmlakları qeydə alır, bu köşk isə daşınar əşyadır biz bu köşkün sənədləşdirilməsi işində köməklik göstərə bimərik”. Bundan sonra iddiaçı əlacsız qalaraq "xxxx" X1 (VÖEN**********) ləğvindən sonra meydana çıxan əmlakın aqibəti ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat ona cavab məktubu ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.13-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğv etmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi,ləğvedici) təyin edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet və subyekt baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı "xxxx" X1 (VÖEN**********) ləğvindən sonra firmanın xüsusi mülkiyyətində qalmış köşkün iddiaçının öz adına sənədləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə iddiaçı ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını inzibati məhkəmə icraatında tələb edir. Məhkəmə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi, dövlət reyestri məlumatlarına hər hansı dəyişikliklərin edilməsi, ləğv edilməsi vergi orqanının səlahiyyətinə aid olsa da iddiaçının hazırkı tələbi üzrə cavabdeh orqanın publik hüquqdan irəli gələn öhdəliyi yaranmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: -16.2-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 16.2.1. ləğvetmə balansı; 16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd; 16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür; 16.2.3-1. fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış; 16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun arayışı; 16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1- 1.1-ci, 16.1-1.3-cü, 16.2.3-сü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı. -16.5-ci maddəsinə əsasən ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. İddiaçının tələbi mahiyyət etibarı ilə hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra hüquqi şəxsin balansında qalmış əmlakın hüquqi müqəddəratı ilə bağlıdır. Vergi orqanın ləğvi başa çatmış hüquqi şəxsi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarmaqda səlahiyyəti olsa da, ləğvdən sonra balansda qalmış əmlakın taleyinin həll edilməsini, bunun üçün ləğvetmə prosesini bərpa etmək və ya ləğvetmə komissiyası təyin etmək kimi vəzifələri qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunla nəzərdə tutulmayan vəzifələrin inzibati orqanın üzərinə qoyulması mümkün hesab edilə bilməz. İşin bu halında məhkəmə hüquqi şəxslərin qeydiyyatını aparan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsini cavabdeh qismində cəlb etməyə zərurət görməmişdir. Mülki Məcəllənin: -60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. -61.12-ci maddəsinə görə hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. -61.13-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. Beləliklə, hüquqi şəxsin ləğvi məsələləri bilavasitə mülki məsələ olub mülki hüquq qanunvericiliyi ilə tənzimlənir. Hazırkı iddiaçının hüquqi marağı nəzərə alınmaqla iddia tələbinin hüquqi əsası qismində yuxarıda sadalanan mülki hüquq normaları çıxış edir. Məcəllənin adıçəkilən 61.13-cü maddəsindən görünür ki, hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra ləğvetmə prosesi məhkəmə qaydasında yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) o zaman təyin edilə bilər ki: -ləğvetmədən sonra balansda əmlak olduğu aşkara çıxmış olsun; -maraqlı şəxs bu barədə məhkəməyə ərizə vermiş olsun. Göründüyü kimi sözügedən norma qeydiyyatın ləğvini həyata keçirən orqanla maraqlı şəxs arasında hüquqi şəxsin ləğvindən irəli gələn publik münasibəti tənzimləmir və inzibati orqan üçün hər hansı öhdəlik yaratmır. Qeyd edilən mülki hüquq normasındakı əmlakın hüquqi taleyi ilə bağlı məsələnin həlli hüquqi şəxsin qeydiyyatının ləğvini aparan və həmin ləğv qeydini reyestrə daxil edən inzibati orqanın icra etməli olduğu inzibati vəzifəsinə daxil deyildir. İnzibati vəzifənin pozulması olmadığı halda yaranmış mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilmir. Belə olan halda sözügedən normadakı “məhkəmə” inzibati məhkəmə və həmin normadakı “ərizə” inzibati məhkəmə icraatında baxılan müstəqil inzibati iddia hesab edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən birincisi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə bilavasitə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-8013/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8013/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver