Məhkəmə qərarları › İş №e-2-1(112)-802/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-802/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-802/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 305,8 kv.m, yardımçı sahəsi 199,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə etdiyi müraciət hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 305,8 kv.m, yardımçı sahəsi 199,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11, X4, X5, X8 və X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Səbail Rayon İcra hakimiyyətinin 2249 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində sahəsi 600 kv m ev tikmək üçün X9 adına ayrılması qərara alınmışdır. Həmin sərəncam əsasında X3 adına JN 14452H qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Belə ki, Osmanov Nazimin adına ayrılmış torpaq sahəsinin yerləşmə planı icra hakimiyyəti tərəfindən tərtib edilmişdir. Bunun əsasında sözügedən torpaq sahəsində Osmanov Nazim tərəfindən 334,4 kv yaşayış sahəsi, 106,3 kv m, köməkçi 228,1 kv m olan 5 otaqdan ibarət 25 saylı fərdi ev AR Bakı şəhər İcra Hakiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 031939 saylı, qeydiyyat vəsiqəsi ilə X3 adına qeydiyyta alınmışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 305.8 kv.m, yardımçı sahəsi 199, 5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi 16 iyun 2019-cu ildə, ******* saylı alqı-satqı müqaviləsi ilə iddiaçı Quliyev X10 adına özgəninkiləşdirilmişdir. Həmin sözü gedən evə AR İqtisadiyyat Nazirliyi Yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsin ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən Quliyev X10 mülkiyyətinə verilmişdir. Həmçinin həmin fərdi yaşayış evinin **********3-10301 reystr nömrəli texniki pasportuda da mülkiyyətçinin adına verilmişdir. İddiaçı evi aldığı gündən bu günə kimi həmin evdə yaşayır. Fərdi yaşayış evinə dair BA seriyalı 997354 saylı xx.xx.2019-cu il tarixli evə dair sığorta şəhadətnaməsi də iddiaçının adına verilmişdir. Bundan başqa torpağa görə ödənilən vergilər də, iddiaçı tərəfindən ödənilmiş, tədiyyə bildirişləri də onun adına qeydiyyata alınmışdır. Sərəncam əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-14452H, 00400016 saylı şəhadətnamə də verilib. Digər tərəfdən də, 031939 saylı, xx.xx.2004-cü il tarixli AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi də verilmişdir. Qeyd etmək istəyir ki, 30/1964 saylı, xx.xx.2004-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla da təmin edilmişdir. Lakin bütün bunlara baxmayaraq, bu fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Hal-hazırda həmin evə dair su, işıq, qaz, rabitə (telefon) təchizatları quraşdırılaraq qanunda nəzərdə tutulmuş qaydada bağlanan müqavilələr iddiaçının adına rəsmişləşdirilmişdir. Eyni zamanda həmin fərdi yaşayış evinə dair enerjiyə məxsus nömrəli abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. Bundan başqa suya abonet kodları iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd edilən fərdi yaşayış evi 16 iyun 2019-cu il tarixli alqı- satqı müqaviləsinə əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin həmin müqavilədə torpaq sahəsinin satılması qeyd edilməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 14452H nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-14452H nömrəli şəhadətnamənin baza məlumatı aşkar olunmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Bibiheybət NQÇİ) istifadəsinə verilmiş ərazidə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, JN-14452H nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,05 ha qeyd edilsə də, faktiki 0,06 ha təşkil edir. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair yazılı münasibətini məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı çıxarışın verilməsi etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİ yaşayış maşssivi, İİ döngə 25 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. İddiaçı iddia etdiyi torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İBnin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. xx.xx.1976-cı il tarixli, a-40-34-B-a saylı xəritədən də görünür ki, iddia edilən torpaq sahəsi neft-qaz hasilatı üzrə fəaliyyətin aparılması üçün ayrılan ərazilərin hüdudunda yerləşir. Həmin torpaq sahəsi ilə ləğv olunmuş 2930 saylı neft quyusu ilə 20 m, 3803 saylı ləğv edilmiş neft quyusu ilə 60 metr məsafə vardır. Həmçinin, iddia edilən torpaq sahəsinin şərq tərəfində hasaraboyu 108 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Gələcəkdə iddiaçının və digər insanların həyatına və sağlamlığına təhlükə yaranmaması və bədbəxt hadisələrin baş verməməsi üçün neft-qaz hasilatı ərazilərdə yerləşmə təhlükəlidir. Həmçinin, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin xəritəsindən də görünür ki, iddia edilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixədək hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrinin daxilində yerləşmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin 2249 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində sahəsi 0,05 ha torpaq sahəsinə dair JN 14452H qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X3 adına verilmişdir; xx.xx.2019-cu il tarixli, AN-İ №0774907 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 305.8 kv.m, yardımçı sahəsi 199, 5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi X14 tərəfindən Quliyev X1. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən: ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 305.8 kv.m, yardımçı sahəsi 199, 5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin 2249 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində sahəsi 600 kv.m torpaq sahəsinin ev tikmək üçün X9 adına ayrılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, AN-İ №0774907 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 305.8 kv.m, yardımçı sahəsi 199, 5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi X14 tərəfindən Quliyev X1 və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 305,8 kv.m, yardımçı sahəsi 199,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı hazırkı iddiası ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 305,8 kv.m, yardımçı sahəsi 199,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş edir. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənədin olmadığını bildirir. O, iddiasını torpaq sahəsinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşməsi ilə əsaslandırır. Mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün məhkəmə, ilk növbədə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmetini təşkil edib-etmədiyinin araşdırılmasını zəruri hesab edir. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi, alqı-satqının predmeti yalnız fərdi yaşayış evi olmuşdur. Torpaq sahəsi ilə bağlı heç bir qeyd yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə qeyd edir ki, müqavilənin yeganə predmeti fərdi yaşayış evi olduğundan dövlət reyestrində qeydiyyat yalnız fərdi yaşayış evi ilə bağlı aparılmışdır. Yəni fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması təkbaşına torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat artıq qeyd edildiyi kimi, yuxarıda sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin 2249 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində sahəsi 600 kv.m torpaq sahəsinin ev tikmək üçün X9 adına ayrılması qərara alınmışdır. Həmçinin cavabdeh haqlı olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-14452H nömrəli şəhadətnamə mövcuddur. Odur ki, torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməlidir Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri təmin edilmədiyindən, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlillər öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar