Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8023/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsindən borcun silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsi, şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 3-cü rübü üzrə qeydə alınmış 894,46 AZN, xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 2-ci rübü üzrə qeydə alınmış 1.134,64 AZN, xx.xx.2019-cu il tarixdə, 2019-cu ilin 1-ci rübü üzrə qeydə alınmış 425,55 AZN vergi borcunun, xx.xx.2019-cu il tarixdə isə aktivlər barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 100 AZN maliyyə sanksiyasının, cəmi 2.554,95 AZN əsas borcun və onun üzərinə hesablanmış 887,55 AZN faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı bir müddət məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. Fəaliyyətini dayandırdıqdan sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə ilə müraciət edərək, fərdi sahibkar olaraq vergi uçotunun ləğv edilməsini xahiş etmişdir. Lakin bir müddət sonra ona məlum oldu ki, sadələşdirilmiş vergi hesabatına görə xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 3-cü rübü üzrə 894,46 AZN, 08.11 2018-ci il tarixdə, 2018-ci ilin 2-ci rübü üzrə 1.134,64 AZN, 31,05.2019-cu il tarixdə, 2019cu ilin 1-ci rübü üzrə 425,55 AZN vergi borcu xx.xx.2019-cu il tarixdə isə aktivlər barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 100 AZN maliyyə sanksiyası, cəmi 2.554,95 AZN əsas borc və 887,55 AZN faiz borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə ərizə ilə müraciət edərək, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi baxımından yaranmış 2.554,95 AZN əsas və 887,55 AZN faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsini tələb etsə də bu günə kimi silinməmiş və nəticədə şəxsi hesab vərəqəsində qalmaqdadır. Bildiyi kimi vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında da öz əksini tapmışdır.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, barəsində vergi orqanı tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********910900 nömrəli Qərar icra edilməsi üçün Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli 17 /xx-xx- 18560/23 nömrəli məktubunda İddiaçı iş yerinin aşkar edildiyi, borcun hər ay əmək haqqından tutulması məqsədi ilə icra sənədinin iş yerinə göndərildiyi və hal hazırda icra sənədi üzrə icra tədbirlərinin davam etdirildiyi bildirilmişdir. Araşdırma zamanı həmin icra sənədinə əsasən işəgötürən tərəfindən borcun əmək haqqından tutulduğu müəyyən edilsə də, tutulmuş məbləğlərin işəgötürənin şəxsi hesab vərəqəsinə işlənildiyi müəyyən edilmişdir. Odur ki, həmin tutulmaların şəxsi hesab vərəqənizə işlənilməsi təmin edildikdən sonra ümidsiz borcların silinməsi məsələsinə baxıla bilər. Bununla bağlı vergi ödəyicisi İddiaçı xx.xx.2025-ci il tarixli, 3-21-2-8 /2-M-3xx-xx/2025 nömrəli məktub ünvanlanmışdır.
4. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi. İİ. İddianın növü və mümkünlüyü
6. İddia tələbi borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir.
7. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Məhkəmə qeyd edir ki, iddiaya yazılı etirazda qeyd edilən dəlillər iddiaya mahiyyəti üzrə qiymət verilməsi üçün əsasdır.
9. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
10. İddia tələbi əsas və faiz borcunun ümidsiz borc kimi şəxsi hesab vərəqəsindən silinməsidir.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
12. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
13. Məhkəmə qeyd edir ki, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.
14. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).
15. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.
16. Məhkəmə ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olub-olmaması; silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.
17. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, sadələşdirilmiş vergi hesabatına görə xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 3-cü rübü üzrə 894,46 AZN, 08.11 2018-ci il tarixdə, 2018-ci ilin 2-ci rübü üzrə 1.134,64 AZN, 31,05.2019-cu il tarixdə, 2019-cu ilin 1-ci rübü üzrə 425,55 AZN vergi borcu xx.xx.2019-cu il tarixdə isə aktivlər barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 100 AZN maliyyə sanksiyası, cəmi 2.554,95 AZN əsas borc və 887,55 AZN faiz borcu yaranmışdır. Hazırda silinməsi tələb edilən əsas borc və faiz borcu məhz 2018 və 2019-cu illər ərzində hesablanmışdır.
18. Göründüyü kimi, şəxsi hesab vərəqəsində olan borcun yaranma tarixi 2018-2019-cu il tarixlərə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir.
19. Odur ki, iddia təmin edilməli, iddiaçının xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 3-cü rübü üzrə qeydə alınmış 894,46 AZN, xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 2-ci rübü üzrə qeydə alınmış 1.134,64 AZN, xx.xx.2019-cu il tarixdə, 2019-cu ilin 1-ci rübü üzrə qeydə alınmış 425,55 AZN vergi borcunun, xx.xx.2019-cu il tarixdə isə aktivlər barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 100 AZN maliyyə sanksiyasının, cəmi 2.554,95 AZN əsas borcun və onun üzərinə hesablanmış 887,55 AZN faiz borcu borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməlidir.
20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 3-cü rübü üzrə qeydə alınmış 894,46 AZN, xx.xx.2018-ci il tarixdə, 2018-ci ilin 2-ci rübü üzrə qeydə alınmış 1.134,64 AZN, xx.xx.2019-cu il tarixdə, 2019-cu ilin 1-ci rübü üzrə qeydə alınmış 425,55 AZN vergi borcunun, xx.xx.2019-cu il tarixdə isə aktivlər barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 100 AZN maliyyə sanksiyasının, cəmi 2.554,95 AZN əsas borcun və onun üzərinə hesablanmış 887,55 AZN faiz borcu borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva