Məhkəmə qərarları › İş №e-2-1(112)-8033/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8033/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8033/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 saylı ünvanda 558-566-cı məhəllələrdə yerləşən binada ümumi sahəsi 191 kv.m olan, 4 otaqdan ibarət 21 saylı mənzil üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 saylı ünvanda 558-566-cı məhəllələrdə yerləşən binada ümumi sahəsi 191 kv.m olan, 4 otaqdan ibarət 21 saylı mənzili 28 dekabr 2017-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-dən almış və tərəfindən ümumi pay dəyəri 171900 (bir yüz yetmiş bir min doqquz yüz) manat ödənilmiş və bununla bağlı müvafiq maliyyə arayışı da alınmışdır. İddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki passportun verilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, göstərilən ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı ərazi idarəsinə təqdim edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, mənzilin yerləşdiyi binanın istismara icazə sənədi 1 saylı Bakı ərazi idarəsinə təqdim edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, mənzil 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 164,9 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Yasamal rayonu, H.Cavid 48 ünvanında yerləşən 21 saylı mənzilin ümumi sahəsi sənəd üzrə 191.0 kv.m, faktiki 164,90 kv.m-dir. Mənzil 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Soldan 1-ci qapı. Məhkəmə tərəfindən mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və binanın istismara qəbul edilməsinə dair hər hansı sübut aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən tələbin əsaslandırılması üçün maliyyə arayışına və sadə yazılı qaydada bağlanmış müqaviləyə istinad edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” AR Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunun 13-cü (etimad hüququnun qorunması prinsipi) maddəsinə görə: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mübahisəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən istinad olunan bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin iş üzrə tətbiqi yolveriməzdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mənzilə münasibətdə qeydiyyatın aparılması üçün əsas olmuş hüquqi əsaslara bərabər sənədlərə malik deyildir, bu isə iddiaçıya münasibətdə bərabərlik və inzibatibati orqanların inzibati praktikasına fiziki şəxslərin etimadının qanunla qorunması prinsipinin tətbiqini istisna etməkdədir. Eyni zamanda məhkəmə əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin mövcud olmadığı, hüquqi şəxsin adına binanın qeydiyyatının aparılmadığı da məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. İddiaçının isə maliyyə arayışı ilə yanaşı, daşınmaz əmlaka münasibətdə sadə yazılı formada bağlanmış əqdə istinad etməsi əsasızdır. Odur ki, məhkəmə araşdırması ilə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə əsas verən hüquqmüəyyənedici sənədlər və hüquqi əsaslar aşkar edilməmişdir. İşin qeyd olunan faktiki hallarına qanunvericilik normalarının tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 3 ünvanda 558-566-cı məhəllələrdə yerləşən binada ümumi sahəsi 191 kv.m olan, 4 otaqdan ibarət 21 saylı mənzil üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar