Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8037/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Maraqlı şəxs ASC-yə qarşı “əsassız tutulmuş vəsaitin qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X1 Əmir oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Maraqlı şəxs ASC-yə qarşı “əsassız tutulmuş vəsaitin qaytarılması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Maraqlı şəxs ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ASC-yə ünvanladığı ərizəsinə cavab verilməməsinə, Maraqlı şəxs ASC-nin Suraxanı filialında elektron sənəd sistemindən çıxarılaraq verilmiş cavab məktubu adlandırılan cavabda xx.xx.2025-ci il tarixli ünvanladığı ərizənin mahiyyətindən uzaq cavab olmasına hüquqi qiymət verilərək, qanuna müvafiq tədbir görülməsini və ondan əsassız olaraq tutulmuş 7 dollar 58 sent USD valyuta vəsaitinin iddiaçının xeyrinə Maraqlı şəxs ASC-dən tutularaq ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə özünə məxsus **********352108 nömrəli AZN hesablı plastik kartından özünə məxsus **********110495 nömrəli USD hesablı plastik kartına Maraqlı şəxs ASC-yə məxsus Birbank adlı tətbiqindən istifadə edərək köçürmə edərək valyuta mübadiləsi etmişdir. Valyuta mübadiləsi etməzdən qabaq tətbiqdə dolların məzənnəsi ilə tanış olduqda həmin gün 1 USD valyutasının 1,7020 AZN olduğunu aşkar etmişdir. Daha sonra 1000 dollar almaq məqsədi ilə AZN hesablı plastik kartında olan 1702 manatı USD hesablı plastik kartına köçürmə vasitəsi ilə göndərərək valyuta mübadiləsi etmişdir. Valyuta mübadiləsi zamanı tətbiq tərəfindən qabaqcadan komissiya barədə məlumat istisna olmaqla digər heç bir xəbərdaredici məlumat verilmədən 7 dollar 58 sent kəsir olmaqla USD hesablı plastik kartına 992,42 sent pul vəsaiti təmin olunmuşdur. Adətən banklara məxsus tətbiqlərlə pul köçürmələri etdikdə qabaqcadan komissiya və ya digər xərclər olub-olmadığı barədə məlumat verilir. Qeyd etdiyi köçürmə yolu ilə valyuta mübadiləsi etməzdən qabaq tətbiq tərəfindən ona etdiyi əməliyyat üzrə heç bir komissiya olmadığı barədə məlumat təqdim edildikdən sonra əməliyyatı təsdiqləmişdir. Üzləşdiyi narazı qaldığı məsələ ilə əlaqədar 06 yanvar 2025-ci il tarixdə rəsmi qaydada Maraqlı şəxs ASC-yə müraciət edərək əməliyyatdan qabaq ona heç bir məlumat verilməyərək 7 dollar 58 sent USD valyutası kəsir olmaqla pul vəsaiti təmin olunduğunun əsassız olmasının və ərizəni araşdıraraq qeyd etdiyi məbləğın ona qaytarılmasını təmin etmələrinı, eləcə də etdiyi rəsmi müraciətinə rəsmi cavabı ona zəng edərək dəvət edib şəxsən verilməsini təmin etmələrini xahiş etmişdir. Eyni tarixdə eyni məzmunda Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada müraciət etmişdir. 06 yanvar 2025-ci il tarixdə etdiyi müraciətinə 26 fevral 2025-ci il tarixə kimi heç bir rəsmi cavab göndərilmədiyi üçün 26 fevral 2025-ci il tarixində Maraqlı şəxs ASC-nin Suraxanı filialına yaxınlaşaraq rəsmi ünvanladığı ərizəsi barədə məlumat aldıqda, ona Maraqlı şəxs ASC-nin elektron sənəd dövriyyəsi sistemindən kağız daşıyıcıda cavab məktubu adlandırılan ünvanladığı ərizənin mahiyyətindən uzaq şablon cavab məktubu təqdim olunmuşdur ki, həmin verilən cavabdan narazı olduğunu nəzərə çatdırır. Elə bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək hesab edir ki, ərizəni imzalayan şəxs haqqında məlumat: köçürmə etdiyi əməliyyat zaman komissiya olmadığı barədə məlumat istisna olmaqla digər məlumat verilmədən, eləcə də bir bank tətbiqinin valyuta kalkulyatorunda həmin günə olan məzənnə 1 USD valyutasının 1,7020 AZN olmasına zidd olaraq ondan əsassız və qanunsuz kəsilmiş 7 dollar 58 sent USD valyuta vəsaiti ona verilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilmişdir. Həmçinin, İPM-in 13-cü maddəsi rəhbər tutularaq xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım göstərilmiş və qanunvericiliyn tələbləri izah edilmişdir. İddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək ona ünvanlanan hüquqi yardım məktubu ilə tanış olduğunu bildirmiş, bununla əlaqədar üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun vəsatətini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını və ərizənin aidiyyəti üzrə məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində pross iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının tələbi Maraqlı şəxs ASC-yə ünvanladığı ərizəsinə cavab verilməməsi, Maraqlı şəxs ASC-nin Suraxanı filialında elektron sənəd sistemindən çıxarılaraq verilmiş cavab məktubu adlandırılan cavabda xx.xx.2025-ci il tarixli ünvanladığı ərizənin mahiyyətindən uzaq cavab olmasına hüquqi qiymət verilərək, qanuna müvafiq tədbir görülməsi və ondan əsassız olaraq tutulmuş 7 dollar 58 sent USD valyuta vəsaitinin iddiaçının xeyrinə Maraqlı şəxs ASC-dən tutularaq ödənilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. İşin hallarından görünür ki, mübahisə tərəflər arasında Maraqlı şəxs ASC-yə məxsus plastik kartdan edilmiş pul köçürmələrindən tutulan artıq vəsaitin qaytarılmasından yaranmışdır. İş üzrə cavabdeh kimi göstərilmiş Maraqlı şəxs ASC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı), onun yerli strukturu və digər qurumu, yaxud bələdiyyə deyil, Maraqlı şəxs ASC, AR Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində nəzərdə tutulan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs də deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarınında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1.) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd olunur ki, 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 3.2-ci bəndində göstərilmişdir: İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi üzrə cavabdeh qismində Maraqlı şəxs ASC çıxış edir ki, həmin qurum qanunvericilikdə inzibati orqan kimi müəyyən edilməmişdir və tərəflər arasında yaranan mübahisə, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilən normaların tələblərindən göründüyü kimi mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının başqa aidiyyət qaydası müəyyən edilməsin. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. Belə mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. Məhkəmə bildirir ki, İPM-in 13-cü maddəsinin tələbi baxımından qeyd edilən məsələlər xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu ilə hüquqi yardım edilərək iddiaçıya izah edilmiş, o, ərizəni aidiyyəti üzrə məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Odur ki, iddiaçıya izah olunur ki, hazırki iddia tələbi üzrə aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2-1(112)-8037/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8037/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver