Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8038/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Qala qəsəbəsi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 315 saylı Sərəncamına əsasən və xx.xx.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqısatqı müqaviləsi”nə əsasən dəyərini tam ödəyərək aldığı, Qala qəsəbəsi, Yeni Massiv küçəsində yerləşən 1200 kv.m torpağına aid mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməsi barədə məhkəmə aktı qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, (əvvəlki Əzizbəyov rayonu), Qala qəsəbəsi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 315 saylı sərəncamına əsasən və xx.xx.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən dəyərini tam ödəyərək aldığı Qala qəsəbəsi, Yeni massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə və üzərində tikərək yaşadığı fərdi yaşayış evinə aid iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı olaraq (FİN: xxxxxxx, ş/v AZE ********), d/t: xx.xx.1958-ci il) Bakı şəhəri Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu) Qala qəsəbəsi Bələdiyyəsinin 315 saylı Sərəncamına əsasən və xx.xx.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən Yeni Massiv küçəsində 1200 kv.m torpağı dəyərini tam olaraq ödəməklə almış, hasarlar daxil betonbünövrə ilə bərabər bəzi tikinti işləri aparmış və tikinti materialları tökmüşdür. Əmlaka aid ilkin bələdiyyə sənədləri və torpağına dair sxem və baş plandan çıxarışın mövcuddur. Milli Arxiv İdarəsindən xx.xx.2024-cü il tarixdə sənədlərin təsdiqlənmiş kserosurətlərini də rəsmi almışdır. Bakı şəhəri Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu), Qala qəsəbəsi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 315 saylı qərarına uyğun olaraq və xx.xx.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən aldığı Yeni Massiv küçəsində 1200 kv.m torpağının kommunalar və bələdiyyə vergilərini, sığorta xərclərini və digər vergilərini rəsmi qaydada ödəyə bilmir. Bundan savayı əmlakı əlaqədar bir çox hüquqlarından istifadə edə bilmir. Qeyd edilən əmlakı ilə tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı əsassız və ədalətsiz olaraq tanınmır. Cənab Prezidentimizin sənədsiz evlərin inventarlaşdırılması/sənəndləşdirilməsi haqqında 2021-ci ilin fərmanının icrası ilə bağlı ƏMDK-nə etdiyi 2 dəfə müraciətdə bildirmişdilər ki, (KİV-lərində dəfələrlə işıqlandırılmışdır) “COVİD 19” Pandemiyası ilə bağlı müvəqqəti olaraq icrası yubadılıb. Sonda DƏDRX-nin 1 saylı Bakı şəhər Əİ-nə 2024-cü ilin iyul ayında 2(430124045qeydiyyat nömrəli) rəsmi müraciət edərək mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və DƏDRX-dən çıxarışın verilməsini “ƏRİZƏ” ilə xahiş etsə də ona hələ də cavab verilməmişdir. Yaxınlaşanda cavabın dublikatını belə ala bilmir. xx.xx.2025-ci il tarixində yenidən ərizə ilə müraciət etdi və komitənin özündə bildirdilər ki, sənədləşmə tam düzgündür, 2007-ci ilin dekabr ayına qədər Qala Bələdiyyəsi qanunvericiliklə verilmiş səlahiyyət çərçivəsində əqdi imzalayıb. Qanunidir, amma ünvan yazılmayıb. Sənədlərə baxdıqda Yeni Massiv küçəsində 1200 kv.m torpağın ayrılması dəqiq qeyd edilib. Bundan savayı bildiyi kimi ünvanların verilməsi DƏDRX- tərəfindən verilir və buna aid xidmət haqqı da ödəməyə hazır olduğunu bildirmişdir. 315 saylı Sərəncamına uyğun olaraq və xx.xx.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən müəyyən edilmiş Sxem və Baş plandan çıxarışda da əmlakının dəqiq kordinatları müəyyən edilib. Həmçinin DƏDRX-nin öz mütəxəssisləri əmlaka baxış keçirərək müəyyən etmək səlahiyyətləri var. Bildirildi ki, məhkəmə vasitəsi ilə qəbul ediləcək məhkəmə aktının icrası ilə hüquqlarınız qeydiyyata alınacaq. Dəyərini ödəyərək aldığı 20 ildən çoxdur fasiləsiz olaraq istifadə və sahibliyində olan torpaq sahəsi və tikinti digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və heç bir magistral boru, elektrik, qaz və kommunal xətlərin ərazi dairəsinə düşmür, ekoloji tarazlığı pozmur və Qala bələdiyyəsinin 2025-ci il tarixli tikintiyə icazə barədə sərəncam və alqı-satqı müqaviləsi verilərkən əmlaka yerli baxış keçirilərkən, bütün bunlar qala Bələdiyyəsinin və digər təşkilatların nümayəndələri tərəfindən yoxlanılaraq razılıqlar verilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları əmlakın alqı satqısına dair müqavilə vasitəsilə əldə edilə bilər. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. İşin hüquqi və faktiki hallarını nəzərə alaraq tam olaraq aydındır ki, sözügedən torpaq sahəsi dəyəri ödənilib və eyni zamanda geri alınması mümkün olmayan torpaq sahəsi statusundadır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Bildiririk ki, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd edilən əmlakının bir hissəsini tikilməsi zamanı Şəhərsalma və tikinti normalarına və qaydalarına ciddi surətdə əməl etmişdir. Əmlakının yerləşdiyi küçədə qonşuları yaşayır və ondan başqa hamının çıxarışı mövcuddur. Bir çoxu isə DƏDRX-nin hüquqlarından suiistifadə edərək imtina etməsinə səbəbindən məhkəmə vasitəsi ilə hüquqlarını təmin etdirib. AR-nın Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Bu tələb 20 ildən çoxdur fasiləsiz olaraq tərəfindən icra edilib və hər hansı bir hüquq mühafizə və digər aidiyyəti orqanlar tərəfindən xəbərdarlıq və ya məsuliyyəti yaranmayıb. Hesab edir ki, işin hüquqi, faktiki olaraq 2005-ci ildən fasiləsiz olaraq yaşadığı, sahiblik və istifadə etdiyi Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində ona məxsus olan 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata almaqla mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməlidir. Alqı-satqı aktının imzalanması ilə əmlakın əldə edilməsi barədə əqdin nəzərə alınmaması və 20 ildən çoxdur fasiləsiz istifadə/sahibliyində olan əmlaka dair hüquqların qeydiyyata alınmasından imtina əsaslı olma bilməz.
5. İddiaçının müraciətinə cavabdeh imtina məktubunda bildirmişdir ki, X2 X3 Bakı şəhərində yerləşən torpaq sahəsinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır.
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində istinadlar qeyd edilməmiş və cizgi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. O cümlədən cizgidə müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla yanaşı daxilindən orta təzyiqli (219 mm) qaz xətti keçir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m qeyd olunsa da, faktiki 960 kv.m təşkil etdiyi məlum olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının cavabdehin etirazına yazılı münasibətində qeyd edilmişdir ki, faktiki cizgilər mövcud deyil. Daşınmaz əmlak alqı-satqı olunan vaxtdan, 2015-ci ildən R.Cəmilənin sahibliyi və istifadəsində olmuşdur. Daşınmaz əmlakın fiziki mövcudluğuna DƏDRX-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və cizgilərini müəyyən olunmasında heç bir fiziki və hüquqi maniyə yoxdur. Cizgilərin çəkilməsində DƏDRX-nin çəkəcəyi xərcləri, rüsumları və xidmət haqlarını ödəməyə hazırıq. Etirazda bildirilir ki, bir hissəsindən 2.19 mm-lik qaz xətti keçir. Qaz xətti əmlakın bir hissəsi deyil, daşla örtülmüş hasarın qırağından keçir və yerin altı ilə yolun digər hissəsinə keçir. Buna aid şəkillər məlumat üçün əlavə edilir. Azərbaycanda bütün kənd qəsəbə və digər yaşayış yerlərində qaz xətləri hasarların qırağı ilə çəkilib və əmlak alqı-satqı olduqdan sonra xətt çəkildiyi üçün normalara əməl edilib. Hər hansı bir hissədə əraziyə müdaxilə edilirsə o hissənin qaz paylayıcı idarədən kənara çəkilməsini təşkil edə bilərik. İdarədən buna aid şifahi razılıq da alınıb. Etirazda bildirilir ki, qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m qeyd olunsa da, faktiki 960 kv.m-dir. Az olmasının səbəbi öz istəyilə qonşu ilə arasına sakinlərin kəsə/qısa gedib gəlməsi, məsafəni qısaltmağı, əziyyət çəkməməsi üçün 1.5 metrlik cığır qoymuşuq. DƏDRX-nin mütəxəssisinə özümüz bunu göstərdik və buna aid şəkillər əlavə edərək tam aydınlıq gətirmək istərdi. Vətəndaş olaraq 1200 kv m-dən az olan 960 kvm olan hissənin rəsmiləşdirilməsinə də etirazı yoxdur. Hər bir halda iddia tələbindən artıq deyil, az olan hissənin rəsmiləşdirilməsinə etirazı olmadığını Məhkəmənin diqqətinə çatdırmaq istərdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq DƏDRX-nin etirazını əsassız və ədalətsiz kimi nəzər alaraq, etirazında bildirdiyi halların isə inzibati orqan olaraq verilmiş hüquqlarından sui-istifadə edilmə halı kimi nəzərə alaraq iddia tələbinin ədalətli, qanuni və əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-48-2F/2- 591/2025 nömrəli məktubuna əlavə edilmiş keçmiş Əzizbəyov rayonu Qala Bələdiyyəsinin “Vətəndaş fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2005-ci il tarixli 315 nömrəli sərəncamında qeyd edilmişdir ki, Bakı şəh. Xəzər ray. Qala q. Dos ev 1 m 5də yaşayan İddiaçı qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m sahəsi ayılmasına dair sərəncam verilmişdir.
14. Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-48-2F/2- 591/2025 nömrəli məktubuna əlavə edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, Qala Bələdiyyəsi ilə İddiaçı arasında fərdi evin tikilməsi məqsədi ilə Bakı şəhəri keçmiş Əzizbəyov rayonu yeni massiv küçəsində 1200 kv.metr torpaq sahəsinin 1 kv.m üçün 8.800 AZN alqı-satqısına dair müqavilə bağlanılmışdır.
15. Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-48-2F/2- 591/2025 nömrəli məktubuna əlavə edilmiş baş plandan çıxarışda qeyd edilmişdir ki, Qala qəsəbə ərazisində İddiaçı ayrılan sahənin sxemi tərtib edilmişdir.
16. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2005-ci il tarixli 040271 nömrəli kassa mədaxil orderində qeyd edilmişdir ki, İddiaçı Qala Bələdiyyəsinin hesabına 10.560.000 AZN pul ödəmişdir.
17. Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyətinin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 5-12/2-2058/2025 nömrəli məktubunda qedy edilmişdir ki, Xəzər RİH-də vətəndaş İddiaçı tərəfindən Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsində inşa edilmiş tikiliyə dair məlumatlandırma icraatı ilə bağlı heç bir məlumat yoxdur.
18. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Qala qəsəbəsində yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki sahəsi üzrə isə 960 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfi mişar daşı ilə hasara alınıb bir tərəfi şərti olmaqla iki hissəyə bölünüb. Yaşayış evi mövcuddur.
19. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 37596/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr bazasında torpaq sahəsinin bitişik və yaxın qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
20. İddia tələbi Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Qala qəsəbəsi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 315 saylı Sərəncamına və xx.xx.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən Qala qəsəbəsi, Yeni Massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
26. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr səlahiyyətlidir.
27. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
28. Məhkəmə tərəfindən müəyyən edildi ki, keçmiş Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 315 nömrəli sərəncamına əsasən qala qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 1200 kv.m torpaq sahəsi ayılmışdır.
29. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Göründüyü kimi bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir.
30. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
31. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
32. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.
33. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
34. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
35. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilən sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən qeydiyyatdan keçmiş torpaq sahələri bələdiyyələrin müvafiq qərarları ilə verilməmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsi isə müəyyən olunmur.
36. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınması tələbinə münasibətdə qeyd edir ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 38.Göründüyü kimi iddiaçı yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim etməmişdir.
39. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün çıxarışın verilməsi tələbi rədd edilməlidir.
40. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva