Məhkəmə qərarları › İş №e-2-1(112)-8066/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8066/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8066/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3-17-1/3-3-584/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəməyə sübut olaraq təqdim edəcəkləri şəxslərin siyahısından aydın olur ki, İddiaçı ilə eyni vəzifədə çalışan şəxslərə əmək pensiyalarından artıq hesablanmış pulun tutulması ilə bağlı hər hansı bir hərəkət edilməmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 580,00 manat, qulluq stajına görə əlavə 137,75 manat olmaqla orta aylıq əmək haqqı 717,75 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 9 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (717,75 manat) 80 faizi-574,20 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 9 ay 9 gün iddiaçının qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 640,00 manat, qulluq stajına görə əlavə 152,00 manat olmaqla orta aylıq əmək haqqı 792,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (717,75 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (792,00 manat) arasındakı fərq məbləğinin (74,25 manat) 52,25 faizi-38,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (574,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 613,00 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 960,00 manat, qulluq stajına görə əlavə 228,00 manat olmaqla orta aylıq əmək haqqı 1188,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (792,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1188,00 manat) arasındakı fərq məbləğinin (396,00 manat) 52,25 faizi-206,91 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (613,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 819,91 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1210,90 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9434,21 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar iddiaçının 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1034,47 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1527,79 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5919,84 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 15354,05 (9434,21+5919,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 469,20 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə onun əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçı 28 dekabr 2023-cü il tarixində məktub göndərilməklə 12 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 5 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, pensiya işininə aid sənədlərdə iddiaçıya Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə maaşı 580,00 manat, qulluq stajına görə əlavə 137,75 manat olmaqla orta aylıq əmək haqqı 717,75 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 9 ay 9 gün qulluq stajına görə uyğun olaraq orta aylıq əmək haqqının (717,75 manat) 80 faizi-574,20 manat məbləğində hesablanıb. 15 il 9 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 640,00 manat, qulluq stajına görə əlavə 152,00 manat olmaqla orta aylıq əmək haqqı 792,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməj haqqı (717,75 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqının (792,00 manat) arasındakı fərq məbləğinin (74,25 manat) 52,25 faizi-38,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (574.20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 613,00 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 960,00 manat, qulluq stajına görə əlavənin 228,00 manat olmaqla orta aylıq əmək haqqı 1188,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (792,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1188,00 manat) arasındakı fərq məbləğinin (396,00 manat) 52,25 faizi-206,91 manat) 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (613,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 819,91 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1219,90 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 9434,21 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1034,47 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1527,79 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5919,84 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 15354,05 (9434,21+ 5919,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 15354,05 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 469,20 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 28 dekabr 2023-cü il tarixində məktub göndərilməklə 12 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçının yenidən hesablanmış pensiya məbləği 1034 manat 47 qəpik təşkil etmişdir (əvvəlki pensiya məbləği 1527,79 manat). Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı tdəbqi edəək iddiaçının pensiyasını yenidən hesablamışdır. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının azaldılması, daha doğrusu hesablama qaydasının iddiaçını əlverişsiz vəziyyətə gətirən məbləğə münasibətdə dəyişdirilməsinə yönəlmə barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki bu səbəbdən məhkəmə hesab edir ki, əmək pensiyasının azaldılmasına yönələn yenidən hesablama haqqında qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. İnzibati icraatla bağlı qanunvericiliyin tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar hüququ baxımından mahiyyəti üzrə düz olsa belə inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya məbləğinin azaldılması və ya dayandırılması barədə pensiya məbləğinin azaldılmasını pensiya kartından pul çəkərkən müəyyən etməli deyil, ehtimal olunan azaldılma barədə əvvəlcədən məlumatlı olmalıdır ki, nəzərdə tutulmuş məbləğin azaldılmasına münasibətdə həyat tərzini, maddi ehtiyaclarla uyğun məbləğ bölgüsünü əvvəlcədən müəyyən edə bilsin. Beləliklə məhkəmə belə nəticəyə ki, əmək pensiyasının ididaçını əlverişsiz vəziyyətə gətirən hesablama qaydasının dəyişdirilməsi ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar ləğv edilməlidir. Qeyd olunmalıdır ki, əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsinə və onu əlverişsiz vəziyyətə salınmasına yönəlmiş inzibati aktın ləğvi edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, indiki halda əvvəlki hesablama qaydasının bərpa edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılmasını ehtiva etdiyindən qərar ləğv edilirsə, digər tələblər də təmin edilməli, əvvəlki pensiya hesablama qaydası bərpa edilməli və tutulmuş pul məbləği geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aid iddia üzrə hüquqi nəticələrin aradan qaldırılması ilə əlaqədardır. İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən tələb mübahisələndirilən qərarların ləğvindən yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına da xidmət edir. Odur ki, əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsi barədə qərar ləğv edildiyindən, əvvəlki pensiya bərpa edildiyindən tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə, xüsusi olaraq onun qeyd edir ki, pul məbləğinin geri qaytarılmalı olması, qərarın ləğvi ilə əlaqədar olsa da, həmin qərar ləğv edilməsə belə, pul məbləğinin tutulmasından söhbət gedə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmiş, razılıq olmamasına baxmayaraq məhkəmə qaydasında həll edilməli məsələ cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş, faktiki olaraq əvəzləşdirmə kimi pul məbləği tutulmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı həmin məbləğin tutulmalı olmaması ilə bağlı mövqe nümayiş etdirmişdir, hər bir halda prosessual qənaət prinsipi baxımından tutulmanın, əvəzləşdirmənin aparılmalı olub-olmamasına mahiyyəti üzrə qiymət verilməsi mümkündür. Belə ki, yuxarıda göstərilən inzibati icraat haqqında qanunvericiliyin etimad hüququna istinadla bağlı tələbinə uyğun olmayan hər hansı hərəkətə iddiaçı tərəfindən yol verilmədiyindən artıq ödəmə hesab edilsə belə, həmin məbləğin iddiaçıdan tutulmasına, əvəzləşdirilməsinə münasibətdə cavabdehin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Tutulan və ya əvəzləşdirilməsi nəzərdə tutulan məbləğ artıq ödəmə olsa belə, həmin ehtimal olunan artıq ödəmədə iddiaçının hər hansı təqsiri mövcud olmamış, iddiaçının iradəsindən kənar qaydada hesablama həyata keçirilmişdir ki, həmin ödəmənin artıq ödənilməsi müəyyən edilsə belə, bu həmin ehtimal olunan artıq ödəmənin aparılmasını həyata keçirmiş inzibati orqanın əməkdaşının və ya əməkdaşlarının məsuliyyət sferasına aid məsələdir və həmin məbləğin iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması, ondan pulun tələb edilməsi hesabına kompensasiya edilməsi pozuntudur. Məhkəmə Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı mövqe də nəzərə alınmaqla hesab edir ki, iddia qismən təmin edilməli, inzibati icraat düzgün qaydada cavabdeh tərəfindən aparılmalı, buna dair öhdəlik inzibati orqan üzərində qoyulmalıdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-470/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarda qeyd edilmişdir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu qərarın əsaslandırma hissəsində qeyd edilən hüquqi mövqe baxımından, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul olunarkən, hazırkı mübahisəyə münasibətdə həmin qərarın qəbulu üzrə icraatla bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Odur ki, həmin məsələyə inzibati icraat qanunvericiliyinin müvafiq müddəalarına riayət edilməklə yenidən baxılmasının, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan qaydada və həcmdə araşdırmanın aparılmasının zəruri olduğunu, eləcə də həll edilməli olan məsələyə dair araşdırmanın həcmini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin olunmalı, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, 2-1(102)-115/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda da analoji mövqedən çıxış edilmişdir. Adıçəkilən qərarda da qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı qərarın ləğvi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması barədə tarixli qərar ləğv edilməli, iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. 2-1(102)-244/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli və 2-1(102)- 30/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarda analoji mövqedən çıxış edilərək əmək pensiyasının yenidən hesablanması barədə qərarlar ləğv edilmiş, iddia qismən təmin edilmiş iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Formalaşmış həmin təcrübə nəzərə alınmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının hesablanma qaydasının dəyişdirilməsinə yönəlmiş məsələsinə baxılması imkanları tükənmədiyindən inzibati orqan tərəfindən həmin məsələyə baxılması imkanı mövcuddur. Belə ki, iddiaçının pensiyasının hesablanma qaydası ilə cavabdehin hesablama qaydası arasında hüququn tətbiqinə münasibətdə fərqli mövqe mövcuddur ki, məhkəmə hesab edir ki, prosessual tələblərin pozuntusu nəzərə alınmaqla həmin məsələyə mahiyyəti üzrə qiymət verilməsi zərurəti mövcud deyildir. Həmin hal düzgün aparılmış inzibati icraat çərçivəsində iddiaçı və cavabdeh arasında inzibati icraatla bağlı tələblər daxilində mübahisəli məsələdir ki, aparılacaq inzibati icraat nəticəsində həmin məsələyə mahiyyəti üzrə qiymət verilməsi zəruridir. Bu zaman isə, məhkəmənin hazırkı qərarda müəyyən etdiyi hüquqi mövqe mütləq nəzərə alınmalı və əmək pensiyasının hesablanma qaydasına dair icraat həmin tələblərə əməl olunmaqla həyata keçirilməlidir. Qeyd olunur ki, əmək pensiyasının yenidən hesablanmasına dair icraatın hansı qaydada aparılmalı olması, dinlənilmə hüququnun təmin edilməli olması, qərar qəbul ediləcəyi təqdirdə onun əsasdırılmalı olması və digər inzibati icraatla bağlı müddəaların gözlənilməsi olması və inzibati icraatın buna uyğun həyata keçirilməsi də məhkəmə qərarının əsaslandırıcı hissəsində öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə icraatla bağlı tələblərə riayət edilməklə baxılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3-584/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasından tutiulmuş məbləğlərin qaytarılması öhdəliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar