Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8067/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı şəhəri Cavabdehin Başçısının xx.xx.1999-cu il tarixli 463 nömrəli sərəncamının və həmin sərəncam əsasında aparılmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin Mənzil sahəsinin qeydiyyatı və bölüşdürülməsi idarəsinin Mənzil dəyişdirmə bürosunun xx.xx.1966-cı il tarixli 08321 nömrəli orderi ilə ünvan 1 ünvanında 2 otaqlı, 29,33 m2 ölçüsü olan mənzil dəyişmə qaydasında verilmişdir. Orderdə mübahisəli mənzilə Eldar Həmidovun ailə üzvləri olan anası-X6, uşağı-İddiaçı və digər qohumu-bacısı uşağı X2 yaşayış yerindən istifadə hüququ verilmişdir. X7 2-ci dəfə xx.xx.1969-cu il tarixdə Süleymanova (Həmidova) Mirvari Rəhim qızı ilə nikaha daxil olmuş və xx.xx.1973-cü il tarixdən arvadı mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Anası xx.xx.1985-ci il tarixdə, X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişlər. Onun vəfatından sonra X3 Bakı şəhəri Cavabdehin Başçısının xx.xx.1999-cu il tarixli, 463 nömrəii sərəncamı əsasında mübahisəli mənzili özəlləşdirilmiş və xüsusi mülkiyyət hüququ əldə etmişdir. Sərəncamda qeyd edilənlərin hüquqi əsası kimi Azərbaycan SSR Mənzil Məcəlləsinin 85ci maddəsi göstərilmişdir. Həmin maddəyə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluga çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Mübahisəli mənzil özəlləşdirilən günədək, yəni xx.xx.1999-cu il tarixədək orada aşağıdakı şəxslər qeydiyyatda olmuşdur: X7; İddiaçı və X3. Hesab edir ki, sərəncam qanunsuzdur. Belə ki, icarə müqaviləsi üzrə ilk icarədar (Eldar Həmidov) əvəzinə icarədarın ailə üzvünün (Mirvari Həmidova) icarədar hesab edilməsi onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin (İddiaçı və orderdə yaşayış sahəsindən istifadə hüququ verilmiş digər qohumu İltifat Həmidovun) razılığı olmadan həyata keçirilmiş, digər ailə üzvlərinin icarədar hesab edilməsi hüququnun pozuntusuna yol verilmişdir. Sərəncam xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilmiş və bundan sonra sərəncamın maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi ona məlum olmuşdur. Göstərilənlər ona işarə edir ki, sərəncam qanunsuz əlverişsiz inzibati akt olduğundan və həmin aktın mübahisələndirilməsi üçün tələb edilən iddia müddəti keçmədiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə qərardadı ilə iş üzrə X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə inzibati orqanın sənədinin mübahisələndirməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyündən iddianın mümkün sayılmaması məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs qanunla müəyyən edilmiş müddət ötürüldüyündən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəfindən səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə elektron ərizə göndərilərək iş üzrə təyin edilmiş mümkünlük iclasına iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən yazılı etiraz məhkəməyə daxil olmuşdur. Yazılı etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi mübahisəli yaşayış sahəsi Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (XDS) tabeliyində olmuş Evdəyişmə Bürosunun xx.xx.1966-cı il tarixli, 08321 №-li dəyişmə orderinə əsasən, onun atası, X4 adına (ünvan: ünvan 2əsi 29.33 kv.m) verilmişdir. Mübahisəli mənzilin kirayəçisi X4 vəfatından sonra, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 463 №-li Sərəncamı ilə həmin mənzilə dair “yaşayış sahəsini icarə müqaviləsi” onun digər ailə üzvlərinin razılığı ilə həyat yoldaşı X3 ilə bağlanılmışdır. İddiaçı mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı 23 il keçdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının bu illər ərzində yaşadığı mənzilin analığının adına ilkin dövlət qeydiyyatından keçməsi barədə, mənzilin qeydiyyata alınması üçün əsas olmuş cavabdehin sərəncamı barədə məlumatlı olmaması barədə dəlili inandırıcı deyildir. Digər tərəfdən mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün ilkin əsaslar icarədarla həmin mənzildə yaşayan digər ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələridir ki, həmin ərizələr Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində saxlanılır. İstənilən halda iddiaçı müvafiq iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu saxlamamış və üzrsüz səbəbdən iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən, İddiaçı iddia ərizəsinə baxılmasının mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Cavabdehin başçısının xx.xx.1999-cu il tarixli, 463 saylı sərəncamının surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki 3a nömrəli evdə yerləşən, yaşayış sahəsi 29,35 kv.m. olan, iki otaqlı 35 nömrəli mənzilin kirayə müqaviləsi vətəndaş X1 adına keçirilməsi və həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Cavabdehin başçısının xx.xx.1999-cu il tarixli, 463 saylı sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 35.1-ci maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 24 il əvvəl qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, mübahisələndirilən sərəncam 1999-cu ildə verilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPMnin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddianın “həmin sərəncam əsasında aparılmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi” hissəsi ilə baglı isə məhkəmə qeyd edir ki, həmin tələbə yalnız qeydiyyat əsasında olan sənəd ləgv edildiyi halda baxılmasına yol verildiyindən belə bir iddia da özlüyündə mümkün deyil. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-8067/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8067/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver