Məhkəmə qərarları › İş №e-2-1(112)-8067/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8067/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8067/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhəri İcra Hakimiyyətinin) xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı ilə X2 və İstismarı Birliyi tərəfindən 22 №-li Order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 hektardan ibarət 5090 №-li bağ sahəsinin onun xüsusi mülkiyyətinə (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5090 nömrəli, 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı ilə X2 və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha-dan ibarət 5090 №-li bağ sahəsi 22 №-li order əsasında iddiaçıya ayrılmışdır. Qeyd edilən ünvanda yerləşən torpaq sahəsi onun istifadəsindədir. Həmin bağ sahəsinin özəlləşdirilməsinə köməklik edilməsi ilə bağlı cavabdeh təşkilata çoxsaylı müraciətləri müsbət cavablandırılmamış, hər dəfəsində müxtəlif bəhanələrlə bağ sahəsinin özəlləşdirilməsinə köməklik edilməsindən süni imtina edilmişdir. Son olaraq isə, xx.xx.2024-cü il tarixdə ona məktub ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə müraciəti cavablandırılaraq imtinaya əsas kimi birliyin arxiv sənədlərində orderin nüsxəsinin aşkar edilməməsi göstərilmişdir. Lakin, qeyd edilən orderin əslinin, bununla bağlı arxiv arayışının cavabdehə ərizə ilə yanaşı göndərilməsinə baxmayaraq yenə də müraciəti müsbət cavablandırılmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. O, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 107A, mənzil 12 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyinin 22 saylı orderinə əsasən iddiaçıya Bakı şəhər İcrayyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 198 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5090 saylı bağ ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhər XDS İK-nın 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarından çıxarışdan görünür ki, iddiaçının adı 198 nömrəli Ləhiş bağtikinti kooperativi üzvlərinin Siyahısında göstərilmişdir. X3 və Ekspertiza Mərkəzi MMC-nin 126 saylı, 24 iyun 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 4/143 saylı, 13 iyun 1990-cı il tarixli qərarına əsasən iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5090 saylı bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, konfiqurasiyası, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, bağların sxematik xəritəsinə uyğundur. İddia olunan bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşmür. Cababdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 198 BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 5090 saylı bağ sahəsinə dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mübahisəli bağ sahəsi sənəd üzrə 1200 m2 olsa da, faktiki olaraq 1004,0 m2 təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə köməkçi tikili var. Göstərilən sahə Kürdəxanı-Bilgəh yolundan 7.6-7.2 metr aralı məsafədə yerləşir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1360 ha təşkil edir. Bağ sahəsi 5090A saylı özəl bağla ümumi hasar daxilində yerləşir, ara sərhəd şərtidir. Bağ sahibləri qohumdurlar. Bağ sahəsində A-2 mərtəbəli üstü küləfrəngili bağ evi var. Bağ sahəsinin bölgüsü təqdim olunmuş bölgü sxeminə uyğun aparılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 5090 saylı bağ sahəsi kimi göstərilən sahə sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0.1360 ha təşkil edir. Bağ sahəsi 5090A saylı özəl bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir, ara sərhəd şərtidir. Torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 0.1360 ha torpaq sahəsinin koordinatlarını, faktiki yerləşmə vəziyyətini əks etdirən sxem əlavə edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən “5090” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət zamanı bağ sahəsinə dair təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyinin 22 saylı orderi ilə İddiaçı Bakı şəhər İcrayyə komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 198 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5090 saylı bağ ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarış alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbdən imtina etmiş və imtinaya əsas kimi iddiaçı tərəfindən təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar olunmadığını göstərmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhər XDS İK-nın 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı adı 198 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin Siyahısında göstərilmişdir. Bu isə o deməkdir ki, orderin nüsxəsi cavabdeh idarənin arxivində aşkar olunmasa da iddiaçıya bağ sahəsi ayrılmışdır. Həmçinin, müstəqil ekspertiza təşkilatı olan “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 126 saylı, 24 iyun 2024-cü il tarixli mütəxəssis rəyində iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5090 saylı bağ sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aidolduğu, bağların sxematik xəritəsinə uyğun olması, iddia olunan bağ sahəsinin digər bağ sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində də qeyd edilən hallar təkzib edilməmişdir. Göründüyü kimi iddiaçı ona ayrılmış bağ sahəsini faktiki istifadə edir və həmin bağ sahəsinə hər hansı digər şəxsin iddiası mövcud deyil. Bağ sahəsi hər hansı şəxsə ayrılmış bağ sahəsi ilə üst-üstə düşmür. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5090 nömrəli, 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5090 nömrəli, 0,12 hektar bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar