Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8081/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyat üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyat üzrə Nəzarət Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 03 iyun 2021-ci il tarixli, **********359900 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 03 iyun 2021-ci il tarixli **********359900 nömrəli qərarı 03 iyun 2021-ci il tarixdə 18:28 vergi ödəyicisinə göndərilmiş və vergi ödəyicisi tərəfindən həmin qərar 04 iyun 2021-ci il tarixdə saat 10:28 də oxunmuşdur. Məhkəmə mübahisə predmetini təşkil edən qərarın mübahisələndirilməsi üçün prosessual müddətin ötürülməsi ilə bağlı aşağıdakiları diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın ləğv edilməsi barədə iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından da müəyyən edilir ki, iddiaçı tərəfindən 03 iyun 2021-ci il tarixli iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərar mübahisələndirilmişdir. Göründüyü kimi iddianı predmetini 03 iyun 2021-ci il tarixli qərar təşkil edir. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Məhkəmə də həmin günün müəyyən edilməsi ilə bağlı aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 03 iyun 2021-ci il tarixli, **********359900 nömrəli qərar 03 iyun 2021- ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən 04 iyun 2021 - ci il tarixdə, saat 10:28-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 27 mart 2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ən azından 04 iyun 2021-ci il tarixdə 03 iyun 2021-ci il tarixli qərar barədə artıq məlumatlı olmuş, 27 mart 2023-cü il tarixdə məhkəməyə müraciət edərək 03 iyun 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş edərkən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərarın onun tərəfindən 04 iyun 2021-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək 2 ildən çox müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021- ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021- ci il tarixdə, saat 13:22-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 02.06.22-ci il tarixdə müraciət etmişdir. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır” Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-997/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən mübahisələndirilən 23 noyabr 2018-ci il tarixli qərarın onun tərəfindən 4 dekabr 2018-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə ən azı 29 iyul 2019-cu il tarixdə müraciət edərkən də həmin qərarın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.” Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirmə haqqında iddia növündə iddiaçının mübahisələndirilən qərarın mövcudluğundan xəbərdar tutduğu müddəti vergi ödəyicisinin həmin qərarı oxuduğu müddətdən müəyyən etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin özü də “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 03 iyun 2021-ci il tarixli, **********359900 nömrəli qərardan xəbərdar olduğunu, lakin qərarın mübahisələndirilməsi üçün əməkdaşın olmamasını əsas gətirərək müddətin ötürüldüyünü təsdiq etmişdir. Göründüyü kimi istər vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan, istərsə də məhkəmə araşdırmasından aydın olur ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 03 iyun 2021-ci il tarixli, **********359900 nömrəli qərarın mübahisələndirilməsi ilə bağlı müddəti ötürmüşdür ki, bu hal da hazırki iddianın müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8081/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8081/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver