Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8084/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 cəlb olunmaqla) “reyestr qeydinin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, 36 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixdə X5 adına ilkin qeydiyyatının ləğv edilməsi və onun əsasında 4 saylı Bakı Asan xidmət Mərkəzində notarius S.Həbibbəylinin təsdiq etdiyi xx.xx.2017 il tarixli 2V-368, 2V-369 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin və 3M-136 reyestr nömrəli miras payının bağışlanılması müqaviləsinin etibarsız hesab edilməsi, onların əsasında xx.xx.2017-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, 36 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsi qanunsuz və əsassız olaraq xx.xx.2017-ci il tarixdə X5 adına ilkin qeydiyyatdan keçirilmiş, daha sonra isə vərəsəlik qaydasında 4 saylı Bakı Asan xidmət Mərkəzində notarius S.Həbibbəylinin təsdiq etdiyi xx.xx.2017 il tarixli 2V-368, 2V-369 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında və 3M-136 reyestr nömrəli miras payının bağışlanılması müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyatdan keçirilmişdir. Bütün bu saxta işlər Ramiz İbrahimov tərəfindən həyata keçirmişdir. X8 1994-cü ildə ölmüşdür, onun adına əmlakın ilkin qeydiyyatı – onun adına 1961 ildə tərtib edilmiş texniki pasport əsasında aparılmışdır. Bu zaman 4 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notarius S.Həbibbəylinin 306 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna əsasın məxsusluq barədə arayış alınmış, daha sonra X5 vərəsələrinin adına rəsmiləşdirilmişdir. Lakin bu zaman DƏDKRX-nin əməkdaşları nəzərə almamışlar ki, qeyd olunan texniki pasport X5 adına olmamışdır, həmin texniki pasport Xanım Əli qızının adına olmuşdur və qanunsuz olaraq onun adının üzərindən xətt çəkilmiş və Xədicə Sultanın adı yazılmışdır. Elə bu faktın özü daşınmaz əmlakın qeydiyyatını aparan vəzifəli şəxslərin diqqətini cəlb etməli idi, belə ki, təqdim olunmuş sənədlərdə düzəlişlər, müdaxilələr həmin sənəd əsasında hüququn qeydə alınmasından imtinaya əsasdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının sonuncu ərizəsi nəzərə alınaraq, iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, 36 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə dair xx.xx.1961-ci il tarixli vətəndaş X1 adına tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsi və onun əsasında xx.xx.2017-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77-10301) aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianınn rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -Lenin Rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 23 nömrəli arayışdan görünür ki, Sabunçu rayonu, Musabəyov küçəsi, ev 36 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi X3 ayrılmışdır. -Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə Pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlakın hüquq sahibi X6 göstərilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə verilmiş reyestr nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 80,2 kv.m fərdi yaşayış evi üzərində X5 xüsusi mülkiyyətindədir. -xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş X5 vərəsəsi X4r. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə verilmiş reyestr nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 80,2 kv.m fərdi yaşayış evi üzərində X2 xüsusi mülkiyyətindədir. Beləliklə işin hallarından müəyyən edilmişdir ki, iddiaçının hüququ marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseynzadə küçəsi, 36 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə dair xx.xx.1961-ci il tarixli vətəndaş X1 adına tərtib edilmiş texniki pasport əsasında xx.xx.2017-ci il tarixdə X5 adına aparılmış qeydin ləğv olunmasından ibarətdir. İddiaçı bu tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etdiyindən iddiaçı hazırkı iddia ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsaəsn, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: -1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırki mübahisə ilə əlaqədar olaraq, məhkəmə diqqətə çatdırır ki, iddiaçı fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinin üzərində X5 adına aparılmış qeydi mübahisələndirərək, həmin qeydin ləğvi tələbi irəli sürmüşdür. Lakin iddiaçı bu qeydin ləğvi üçün hüquqi əsasların mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə, mülkiyyət hüquqlarının qeydiyyatının hüquqi əsaslarını araşdırarkən müəyyən etmişdir ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrindəki qeydi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş və həmin dövrün mülkiyyət hüququ ilə əlaqədar texniki inventarizasiya və qiymətləndirmə pasportu əsasında aparılmışdır. Nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə əsasən, həmin sənəd hüquqmüəyyənedici sənəddir və mülkiyyət hüququnun qeydinə əsas verir. İddiaçı isə pasportun saxtalaşdırıldığına dair mülahizələr irəli sürərək, eyni ünvan üzrə başqa bir şəxs Xanım Əli qızının adına olan pasportun olduğunu iddia etsə də, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsi barədə pasportun saxtalaşdırıldığını sübuta yetirə bilməmişdir. Bu halda Məhkəmə hesab edir ki, pasport qüvvədə olduğundan, həmçinin hal-hazırda pasportun saxtalaşdırılmasına dair hər hansı mötəbər dəlil olmadığından, mülkiyyət hüquqlarının qeydə alınması barədə qeydin ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür İddia öhdəliyin icrası növündə olsa da, qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov