Məhkəmə qərarları › İş №e-2-1(112)-8089/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8089/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8089/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 31 A saylı evin 54 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydə alınması və mənzilə dair müvafiq texniki pasportun tərtib etməklə, adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli, 11/7/143 saylı əmrlə yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri,Yasamal rayonu,Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, 31 A saylı evin 54 saylı mənzili 2-ci qrup Qarabağ müharibəsi əlili kimi iddiaçıya verilmişdir. (Mənzilin nömrəsi və adındakı texniki səhv Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli Sərəncamı ilə düzəldilmişdir.) Həmin mənzil 2011-ci ilin dekabr ayının sonu (Cənab Prezidentimizin ad günü ərəfəsi) təhvil verilmiş, təxminən yanvar ayının sonu da iddiaçı ailəsilə birlikdə ora köçmüşdür. O vaxtdan da orada yaşayırlar. Qonşularının bir çoxları məhz Bakı İnzibati Məhkəməsinin qərarları əsasında xeyli müddətdir ki, adlarına çıxarışlar almışlar. (bəzi analoji məhkəmə qərarları və çıxarış əlavə ediləcəkdir.) Göstərilənlərə əsasən hesab edir ki, eyni qaydada mənzil aldığından hüquqları qorunaraq, mənzilinə dair adına çıxarış alınmalıdır. Bununla bağlı tərəfindən cavabdeh orqana müraciət edilsə də, müraciəti cavabsız qalmışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

3. Dövlət Arxivinin Bakı Filialının məhkəmənin sorğusu əsasında xx.xx.2025-ci il tarixli 3-48- 2F/-706/2025 nömrəli cavab məktubuna əlavə edilmiş Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 130 saylı sərəncamının arxiv çıxarışına əsasən Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 hoyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri. Şəhid ailələri, 20 yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısi və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alaraq;

1. Aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri, BVM-si əlilləri ve Çernobl hadisələri əlillərinə ayrılmış məzillərə dair onlarla kirayə müqavilələri bağlansın. - X3, ailə tərkibi 3 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31a, mənzil 78, 2 otaq, ümumi sahəsi 77,82 kv.m., yaşayış sahəsi 35,7 kv.m. - İddiaçı mənzil növbəsindən çıxarılsın.

4. Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 32 saylı sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 130 nömrəli, 23 05.2012-ci il tarixli sərəncamına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən 54 saylı mənzil verilmişdir. Vətəndaş İddiaçı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək yuxarıda qeyd olunan sərəncamda texniki səhvə yol verilərək adının “Feyruz" və mənzil nömrəsinin "78 kimi qeyd olunduğunu bildirmiş, sərəncama düzəliş olunmasını, adının "Firuz", mənzil nömrəsinin "54" kimi oxunmasına dair müvafiq sərəncamın verilməsini xahiş etmiş və müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq:

1. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 130 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına düzəliş edilsin.

2. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 130 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamında "Feyruz" ifadəsi "Firuz", mənzil "78" ifadəsi "54" kimi oxunsun

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

7. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

8. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

12. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

13. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir.

16. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir.

17. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir.

18. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia mümkün və əsaslıdır.

İİİ. Məhkəmənin mövqeyi

19. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31a nömrəli yaşayış binasından İddiaçı adına 54 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Cavabdeh mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir.

20. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir.

21. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

25. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 32 saylı sərəncamı ilə Əsəd Əhmədov küçəsi, ev 31a, 78 saylı mənzil 2-ci qrup Qaradağ müharibəsinin əlili kimi 3 nəfər ailə tərkibi ilə X2 verilməsinə və mənzil növbəsindən çıxarılmasına dair sərəncam verilmişdir. Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 32 saylı sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 130 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına düzəliş edilərək "Feyruz" ifadəsi "Firuz", mənzil "78" ifadəsi "54" kimi qəbul edilmişdir.

26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir.

28. Beləliklə hüquqların dövlət qeydiyyatına alınmasınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir. Cavabdeh orqanın iddiaçının müraciətinə imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş əsaslardan heç biri qeyd edilmədiyindən, yalnız formal mülahizələrə istinad edilmişdir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

30. Göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmış şəxslərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində təsbit edilmiş hallar istisna olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər.

31. Məhkəmə hesab edir ki, iddiaçı ilə müqavilənin bağlanması barədə xx.xx.2012-ci il tarixli sərəncam faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı İİ qrup Qarabağ müharibəsi əlili kimi xx.xx.2001-ci il tarixdən mənzil növbəsində olduğundan mübahisə edilən daşınmaz əmlak ona güzəştli əsaslarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın Qərarı ilə ayrılmış və ayrılmış mənzilin sənədləşməsi icra hakimiyyətinə həvalə edilmişdir. Göstərilənlər iddiaçının həmin mənzillə yetərli və sabit dərəcədə davamlı bağlılığının mövcud olmasını demeyə kifayət edir.

32. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.

33. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına əlavə edilmiş oxşar işlər üzrə eyni faktiki və hüquqi əsasa (eyni Sərəncama) istinad olunan işlər üzrə Bakı İnzibati Məhkəməsində baxılan işlər üzrə iddiaçıların iddialarının təmin olunmasına dair işlərdən cavabdeh İdarə tərəfindən şikayət verilməmiş, məhkəmə qərarları icra edilərək hüquqmüəyyənedici sənədlər verilmişdir.

34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

35. Beləliklə, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 54 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar