Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8091/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanması vəzifəsinin həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanına dair 253,6 kv.m tikilinin yerləşdiyi 158,6 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tofiq Bəhramov adına stadionun rekonstruksiyası ilə əlaqədar olaraq, 2011-ci ildə “Marxal” adı altında fəaliyyət göstərən restoran sökülmüşdür. Hazırda adıçəkilən stadionun keçmiş rəhbərliyi barəsində cinayət təqibi aparılır. Həmin sökülən daşınmaz əmlakın əvəzinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Nərimanov rayonu, F.X.Xoyski prospekti 98a ünvanında yeni əmlak inşasına qeyri-rəsmi icazə verilmişdir. İnşaat işlərinin aparılması məqsədi ilə iddiaçı ilə "xxxx" MMC ilə müqavilə imzalanmış və müvafiq daşınmaz əmlak tikilmişdir. İnşaat işlərinin aparılmasına çəkilən xərclər onun şəxsi vəsaiti hesabına aparılmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 11251 saylı icarə müqaviləsi bağlanmış və aylıq icarə haqqı 700 manat müəyyən edilmişdir. Elə həmin dövrdə də şəxsi vəsaiti hesabına inşa edilmiş tikiliyə icarə haqqı vermənin əleyhinə idi. Lakin müqavilə imzalamadan fəaliyyətə başlamağa icazə vermədikləri üçün məcbur olaraq imzalamışdır. Lakin üzərindən bir müddət keçdikdən sonra cavabdeh ona qarşı iddia ərizəsi ilə müqavilə üzrə icarə haqqının qaldırılması və pul vəsaiti tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mübahisəli tikiliyə sahiblik və istifadə hüququ mövcuddur. Bu halda isə öz hesabına tikilmiş əmlaka görə iddiaçı hər hansı bir icarə haqqı ödəməli deyil. Tərəflər arasında ilkin razılaşmada iddiaçının ancaq torpaq sahəsinə dair icarə müqaviləsi imzalayacağı bildirilmişdi. Belə ki torpaq sahəsindəki tikili onsuz da iddiaçının hesabına tikildiyi üçün hər hansı bir icarə haqqı ödəməyi məntiqsiz olardı. Lakin artıq külli miqdarda vəsait hesabına tikilinin inşası bitdikdən sonra iddiaçı ilə torpağa dair icarə müqaviləsi imzalanmaqdan imtina edilmiş və tikiliyə dair müqavilə imzalanmasa fəaliyyətə icazə verilməyəcəyi bildirilmişdir. Həmin dövrdə artıq iddiaçının maddi imkanı tükənmişdi və inşaat işləri üçün müxtəlif şəxslərdən aldığı borc vəsaiti ondan geri tələb edilirdi. O, məcburiyyət qarşısında qalaraq, təklif edilən icarə müqaviləsinə imza etməli olmuşdur. Bundan sonra yuxarıda qeyd edilən aylıq icarə haqqını ödəməyə başlamışdır. Lakin üzərindən bir müddət keçdikdən sonra birtərəfli qaydada müqavilədə dəyişiklik aparılaraq, icarə haqqı 3200 manata qaldırılmışdır. İddiaçı müqavilə imzalamaqdan imtina etdikdə obyektin işığı söndürülmüş və kafenin işi faktiki dayandırılmışdır. Bundan sonra iddiaçı məcburiyyət qarşısında qalaraq adıçəkilən müqaviləni imzalamaq məcburiyyətində qalmışdır. Həmçinin hansısa səbəbdən iddiaçının vəsaiti hesabına inşa edilmiş tikili Tofiq Bəhramov adına stadionunun balansına verilmışdır. Həmçinin hazırda Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanına dair 253,6 kv.m tikilinin yerləşdiyi 158,6 kv.m daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququnun tanınması haqda məhkəmə mübahisəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı deyil, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin “Müqavilənin predmeti” bölməsində “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan” sözlərinin çıxarılması, həmçinin icarə predmetinin 253,6 kv.m tikilidən onun yerləşdiyi 158,6 kv.m torpaq sahəsinə dəyişdirilməsi və bu səbəbdən müvafiq qiymət dəyişikliyinin aparılması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2548/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış sözügedən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, hazırkı iş üzrə iddiaçıdan 19035,22 pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-805/2024 nömrəli qətnaməsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(113)-2548/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-28/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-805/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cavabdehin 41 nömrəli, xx.xx.2025-ci il tarixli sərəncamı ilə məhkəmə qərarı icra olunaraq xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilmişdir. İddiaçı hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa da malik deyildir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanında yerləşən 0,1586 kv.m torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 253,6 kv.metr olan daşınmaz əmlakın qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 2153 saylı icarə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 28/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2548/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı “müqavilənin ləğv edilməsi və digər” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanında yerləşən 253,6 kvşmetr sahəsi olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq cavabdehə təhvil verilməsi, iddiaçıdan 19035,22 manat pulun tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-805/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2548/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-28/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı hazırkı iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-805/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qərarla eeyni zamanda müəyyən edilir ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı “icarə haqqının ödənilməsi” barədə ilkin iddiası, hazırkı iş üzrə iddiaçının cavabdehəı qarşı “icarə müqaviləsinə icarə haqqı hissəsində düzəliş edilməsi” barədə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-517/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, hazırkı iş üzrə iddiaçıdan xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş 17632,57 manat icarə haqqının tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin imtina məktubu yuxarıda qeyd edilən məhkəmə aktlarına əsasən əsaslandırılmış və iddiaçı ilə icarə müqaviləsinin bağlanmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Çünki cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilməlidir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1). Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (706.2). Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (706.3). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir (51). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanında yerləşən 158,66 kv.m torpaq sahəsi üzərindəki tikilən daşınmaz əmlaka dair çəkilən xərclərin öz vəsaiti hesabına aparılmasına əsaslanaraq tikiliyə görə icarə müqaviləsi bağlamalı olmadığını bildirmiş və tikilinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (390.3.). Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi müqavilənin bağlanmasında əsas rol oynayan amillərdən biri də müqavilə azadlığıdır. Belə ki, fiziki və hüquqi şəxslər müqavilə bağlanmasında sərbəstdirlər və müqavilə bağlamağa məcbur edilə bilməzlər. Dövlətə məxsus olan əmlakla əlaqədar bağlanan müqavilələrdə həmin əmlaka cavabdeh olan dövlət qurumları müqavilə münasibətlərində eynilə hüquqi şəxslər kimi iştirak edirlər. Bununla yanaşı mülki qanunvericilik bazarda üstün mövqe tutan və inhisar xarakterinə malik olan fiziki və hüquqi şəxslərə xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verilməsinə və əsassız olaraq müqavilə bağlanmasından imtinaya imkan vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanılmış və Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanında yerləşən 0,1586 kv.m torpaq sahəsi üzərində yerləşən 253,6 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. Bundan sonra iddiaçı müqavilə üzrə üzərində düşən öhdəlikləri yerinə yetirməyərək icarə haqqını ödəməmiş və cavabdehin iddiası əsasında müvafiq dövr üzrə icarə haqqının iddiaçıdan tutulması məhkəmə qətnaməsinə əsasən təmin edilmişdir. Sonradan iddiaçı yenə öz üzərinə düşən öhdəlikləri pozmağa davam etmiş və cavabdehin iddiası ilə tərəflər arasında bağlanmış icarə müqavilə ləğv edilərək, həmin qeyri-yaşayış sahəsinin cavabdehə qaytraılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Hazırda iddiaçının həmin qeyri-yaşayış sahəsi ilə hər hansı bağlılığı qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsində (bundan sonra - MPM) göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3). Tərəflər arasında olan məhkəmə mübahisəsi zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, F.X.Xoyski prospekti, 98a ünvanında yerləşən tikililər və torpaq sahəsi sahəsi dövlətin balansındadır. İddiaçı qeyri-yaşayış sahəsinin onun vəsaiti hesabına inşa edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Göründüyü kimi iddiaçı cavabdehlə bağlanmış icarə müqaviləsinə əsasən öz öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən həmin müqavilə məhkəmə qaydasında ləğv edilmişdir. Bu səbəbdən iddiaçının həmin toorpaq sahəsi ilə bağlı onunla icarə müqaviləsi bağlanmasını tələb etmək üçün hər hansı əsası yoxdur. Belə ki, sözügedən torpaq sahəsi dövlətin balansındadır və torpaq sahəsinə dair icarə müqaviləsi bağlayıbbağlamamaq cavabdehin iradə ifadəsindən asılıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin imzalanması vəzifəsinin həvalə edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-8091/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8091/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver