Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8092/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X2rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Qazaxstan Respublikasında yerləşən Nazarbayev Universitetinin “dövlət siyasəti” ixtisası üzrə, əyani formada magistr təhsili almış və ona həmin Universitet tərəfindən НУ – ЖБ ******* nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edib və cavabdeh xx.xx.2025-ci il tarixli qərarla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “...iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarfmn 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli imtina qərarının ləğv edilməsi, Nazarbayev Universitetinin ******* nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, bakalavr dərəcəsini ADA Universitetində 3.33/4 yekun qiymətlə bitirdikdən sonra təhsilini yenə də beynəlxalq standardlara cavab verən və Abay Kunanbayev təqaüdü ilə mükafatlandırıldığı Nazarbayev Universitetində magistr pilləsində əyani şəkildə davam etdirmişdir. Oranı da 3.56/4 yekun qiymətlə bitirmişdir. Nazarbayev Universiteti sabiq prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış, ölkə üçün önəmli və beynəlxalq arenada iddialı tədqiqat universitetidir. Universitet hər bir magistratura proqramı üzrə dünyanın top universitetləri ilə əməkdaşlıq edir. Dövlət siyasəti magistr proqramı çərçivəsində X3 of Singapore-un X7 School of Public Policy-də (LKYSPP) də təhsil almaq imkanı olub. Ümumiyyətlə, magistr proqram bu iki universitetin əməkdaşlığı, təcrübə və professor mübadiləsi çərçivəsində hazırlanmışdır. Proqram the European Association for X1 (EAPAA) and the Network of Schools of Public Policy, Affairs, and Administration (NASPAA) qurumları tərəfindən akkreditasiya olunmuşdur. Qazaxıstan Respublikası Hökuməti tərəfindən “Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və X5 barədə Qanun”la Universitet unikal hüquqi status almış müstəqil beynəlxalq tədqiqat universiteti olaraq fəaliyyət göstərir. Qanunun 8-ci maddəsində Universitetin Qazaxıstan Respublikasının yerli qanunvericiliyinin tələb etdiyi dövlət orqanları tərəfindən lisenziya, attestasiya və akkreditasiya ilə təminatına ehtiyacı olmadığı qeyd edilir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tədbiq edilən hüquq: İş materialları ilə müəyyən olunur ki, iddiaçı Qazaxstan Respublikasında yerləşən Nazarbayev Universitetinin “dövlət siyasəti” ixtisası üzrə, əyani formada magistr təhsili almış və ona həmin Universitet tərəfindən НУ – ЖБ ******* nömrəli diplom verilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı həmin diplom üzrə ixtisasın tanınması və ekvilanetlik haqqında şəhadətnamənin verilməsinə yönəlmişdir. Cavabdeh iddianın müraciətini təmin etməkdən imtina edir və qeyd edir ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassız, cavabdehin imtinası isə əsaslıdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanı: 2.2-ci bəndində əsasən Qanunun 44.2-ci maddəsinin birinci cümləsində (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ... 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; ... 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasında təhsil müəssisələrinin akkreditasiya məsələlərinin tənzimlənməsi üzrə normativ hüquqi akt olan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 1.7.1-ci yarımbəndinə əsasən təhsil müəssisəsinin akkreditasiyası dedikdə təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur nəzərdə tutulur. Akkreditasiya Qaydalarının 3.1-ci bəndinə əsasən təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisəsinin institusional və təhsil proqramlarının akkreditasiyası olmaqla iki növə bölünür. Qaydalarda 3.2-ci bəndə əsasən institusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Sadalanan normaların tələblərindən göründüyü kimi, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üçün ümumi tələblər sırasındadır və təhsil müəsissəsinin akkreditasiyadan keçməməsi və dövlət lisenziyasının olmaması tanınmadan imtina üçün əsasdır. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçının magistr təhsili aldığı Nazarbayev Universiteti akkreditasiyadan keçməmişdir. İddiaçı da bu halı inkar etmir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndində qeyd olunmuş müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələb özündə müəssisənin, yəni onun institusional akkreditasiyasını nəzərdə tutur. Hazırda məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının təhsil aldığı xarici ali təhsil müəssisəsinin - Qazaxıstan Respublikasında yerləşən Nazarbayev Universitetinin institusional akkreditasiya prosesi yekunlaşmamışdır. Belə olan halda, qeyd olunan qanunvericliyin tələblərinə əsasən cavabdehin imtinası əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8092/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8092/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver