Məhkəmə qərarları › İş №e-2-1(112)-8126/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8126/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8126/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 11 mart 2022-ci il tarixdə əmək qabiliyyətli hesab olunmsaı barədə dövlət orqanı tərəfindən təsdiq edilmiş və bu məlumatlar rəsmi olaraq qeyd edilmişdir. İddiaçı qeyd edir ki, 350 AZN Prezident təqaüdü cari ilin 1 mart tarixindən 1 aprel tarixinədək (mart ayı üzrə) ödənildiyi halda, həmin müddət üzrə ( mart ayı üzrə) 1506 AZN məbləğində əmək pensiyası və əmək pensiyasının 3 ay üçün (yanvar, fevral, mart ayları üzrə) 10 faiz artım ona ödənilməmişdir. Cavabdehə müraciətimə cavab olaraq bildirilmişdir ki, 11 mart 2022-ci il tarixdə əmək qabiliyyətli hesab olunması barədə qərar qəbul edilməsinə baxmayaraq rəsmi əmək qabiliyyətli hesab edildiyi aydan yox, tibbi müayinə və komissiya müayinəsindən bir ay əvvəl keçməyə başladığı tarixdən hesablanacaqdır. İddiaçı qeyd edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, rəsmi əmək qabiliyyətli hesab edildiyi 11 mart 2022-ci il tarix nəzərə alınmaqla əmək pensiyası həmin aydan sonrakı ayın, yəni 1 aprel tarixdən dayandırılmalı idi. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, 16 fevral 2022-ci il tarixli müayinə əsasında iddiaçının tam reabilitasiya olması barədə qərar qəbul edilərək ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilib. Bunun nəticəsində iddiaçıya ödənilən əmək pensiyası 1 mart 2022-ci il tarixdən dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2022-ci ilin yanvar ayının 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavə alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsi təmin edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə iddiaçıya 2022-ci ilin mart ayı üzrə əmək pensiyası məbləğinin, eləcə də 1 yanvar-1 aprel 2022-ci il tarixləri üzrə 3 ay üçün “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli, 4 mart 2022-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 10 faizi məbləğində aylıq maddi yardımın ödənilib-ödənilməməsi ilə əlaqədardır. Bəndin tələbindən də göründüyü kimi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsinin təmin edilməsi qərar alınmışdır. İddiaçı qeyd edir ki, onun əmək qabiliyyətli hesab edilməsi 2022-ci ilin mart ayında qərara alındığından, bu səbəbdən də ödənişlərin dayandırılması “Əmək pensiyaları haqqında” Qanunu 36.2-ci maddəsinə görə ödənişlər növbəti ayın 1-dən, yəni 1 aprel 2022-ci il tarixdən dayandırılmalıdır. Maddənin tələbindən də müəyyən edilir ki, təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Cavabdeh isə hesab edir ki, iddiaçı barədə əmək qabiliyyətli hesab edilmə barədə qərar məhz 16 fevral 2022-ci il tarixli müayinələr nəticəsində qəbul edildiyindən mart ayı üzrə ödəniş edilməməli, maddənin tələbi 01 mart 2022-ci il tarixdən dayandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi işin aşağıda göstərilən faktiki hallarına, o cümlədən inzibati icraatla bağlı aşağıda göstərilən hüquq normalarının tələblərinə uyğun deyil və aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya əlilliyin təyin edilməsindən 2022-ci ilin 11 mart tarixində imtina edilmişdir. Əmək pensiyasıın dayandırılması barədə 25 aprel 2022-ci il tarixli qərardan da görünür ki, əmək pensiyası məbləği olan 1506,40 manat məbləğ 2022-ci ilin fevral ayının 28-i tarixinədək ödənilmiş, mart ayı üzrə ödəniş aparılmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə sorğusuna vermiş olduğu 30 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, 16 fevral 2022-ci il tarixli müayinə əsasında iddiaçı tam reabilitasiya olunduğundan əlilliyin növbəti dəfə təyinindən imtina edilmişdir. Bununla bağlı **********5 nömrəli 05 mart 2022-ci il tarixli tibbisosial ekspert komissiyasının qərarı da təqdim edilmişdir ki, həmin qərardan da görünür ki 16 fevral 2022-ci il tarixdə 33 nəfər şəxsin, o cümlədən iddiaçının əyani müayinəsi aparılmış və qərarın 23-cü hissəsindən görünür ki, iddiaçının tam reabilitasiya olunduğu qərara alınmışdır. Göründüyü kimi iddiaçının müayinə olunduğu tarix 2022-ci ilin fevral ayı, onun barəsində əlilliyin təyinindən imtina olunması barədə qərarın tarixi isə 2022-ci ilin mart ayına təsadüf edir. Hazırkı halda da, inzibati məhkəmə mübahisəsi, “Əmək pensiyaları haqqında” Qanunun 36.2-ci maddəsində müəyyən edilmiş əmək pensiyaçısı əmək qabiliyyətli hesab edilmə anının qərarının qəbul edilmə tarixi, yoxsa müayinə tarixindən müəyyən edilməsi ilə əlaqədardır ki, məhkəmə inzibati icraat haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla əmək qabiliyyətli hesab edilmə barədə qərarın ödənişlərin ödənilməsi zamanı nəzərə alınması qənaətindədir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2- ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadı: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır... 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Başqa sözlə, desək inzibati akt aşağıda sadalanan əlamətlərə malik olmalıdır. - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. Bu zaman inzibati aktın xarakterik cəhətlərindən biri kimi onun şəxs üçün hüquqi nəticələr yaratmaq qabiliyyətinə malik hakimiyyət xarakterli tədbir olması mütləq nəzərə alınmalıdır. İnzibati orqan məhz iddiaçının tam reabilitasiya olunması barədə 2022-ci ilin mart ayında qərar qəbul edərkən hakimiyyət xarakterli tədbir kimi 33 nəfərə, o cümlədən iddiaçıya ünvanlanan akt qəbul etmiş, həmin akt qərar formasında qəbul etmiş və iddiaçının tam reabilitasiya olunması ilə əlaqədar hüquqi nəticələrə səbəb olan iradə ifadəsini nümayiş etdirmişdir. Lakin həmin qərardan və işin digər faktiki hallarından görünür ki, inzibati orqan iddiaçı barəsində qərar qəbul edərkən iddiaçının tam reabilitasiya olunmasının 2022-ci ilin fevral ayında olması barədə hakimiyyət xarakterli tədbir həyata keçirməmiş, onun tam əmək qabiliyyətli hesab edilmə anının fevral ayından olması barədə hüquqi nəticə yaradan hər hansı akt və ya aktda əlavə müddəa nəzərdə tutmamışdır. Doğrudur qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda inzibati aktda nəzərdə tutulmasa belə hüquqa xitam vermə vaxtının ayrıca qanunvericilik aktlarında nəzərdə tutulması mümkün olsa da, cavabdeh hazırkı iş üzrə də belə bir normativ hüquqi aktda istinad etməmiş, heç bir hüquqi əsaslandırma olmadan iddiaçıya əmək pensiyasının müayinə tarixi əsas götürülməklə qəbul edilməklə ödənilməli olması barədə mövqe nümayiş etdirmişdir. Halbuki, nə inzibati orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərarında, nə də hər hansı normativ hüquqi xarakterli aktda müayinə tarixinin əmək pensiyaçısı əmək qabiliyyətli hesab edilmə tarixi kimi göstərilməsi nəzərdə tutulmamışdır. Əksinə, inzibati icraat fiziki və hüquqi şəxslər, indiki halda onu hüquqdan məhrum etmə vaxtının konkretliyi barədə müddəalar müəyyən etmişdir ki, inzibait orqanın qəbul etdiyi inzibati akt məhz həmin vaxtı, yəni iddiaçının 16 fevral 2022-ci il tarixdə olsa da müayinəsi nəticəsində 2022-ci ilin mart ayının 5-də qəbul edilmişdir ki, inzibati orqanın iddiaçının əmək qabiliyyətli hesab edilmə barədə gəldiyi hüquqi nəticə məhz həmin ayda müəyyən edilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı 10 faiz məbləğində aylıq maddi yardımın yanvar, fevral və mart ayları üzrə ödənilməməsi ilə bağlı da düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda adıçəkilən Sərəncamın 1.1-ci bəndinin konkret tələbindən müəyyən edilir ki, cavabdeh 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etməlidir. Pensiya işindən, o cümlədən məlumat vərəqindən də görünür ki, iddiaçıya 2022-ci ili yanvar ayının 1-dək təyin edilmişdir və o qulluq stajına görə əlavə alan əmək pensiyaçıdır. Belə olduğu halda iddiaçı əmək pensiyasının dayandırıldığı tarixədək pensiya məbləği ilə birlikdə hər ay 10 faiz məbləğində aylıq maddi yardım da almalıdır. Göründüyü kimi Sərəncamın müvafiq müddəasının iddiaçıya tətbiqini istisna edən heç bir hal mövcud deyil. Maddi yardımın yanvar və fevral aylarından əlavə mart ayı üzrə də ödənilməsinə münasibətdə də yuxarıda göstərilən əsaslandırma tətbiq edilməlidir. Belə ki, maddi yardımın ödənilməsi əmək pensiyasının ödənilməsi ilə əlaqədar olduğundan, əmək pensiyasının ödənişlərinin dayandırılmalı olduğu müddət də 2022-ci ilin mart ayı yox, aprel ayının 1-dən olduğundan maddi yardım da aprel ayının 1-i üçün dayandırılmalıdır. Bu zaman, məhkəmə onun da nəzərə alınmasını zəruri hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlilliyin təyinindən imtina sənədində təsdiqləmə tarixinin 11 mart 2022-ci il, inzibati orqanın təqdim etdiyi qərarın 05 mart 2022-ci il tarixli olması da əlavə araşdırmaya zərurət müəyyən etmir. Belə ki, hər bir halda əmək pensiyasının ödənişlərinin dayandırılması növbəti ayın 1-dən yəni aprel ayının 1-dən olacaqdır ki, bu zaman mart ayının hansı gündə əlilliyin təyinindən imtina edilməsi əhəmiyyət daşımamaqdadır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2022-ci ilin mart ayı üzrə ödənilməli olan əlilliyə görə əmək pensiyası məbləğinin və 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar