Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8133/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 27 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" MMC (bundan sonra iddiaçı və ya MMC) ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Hüquqi ünvanı, ünvan 1rgi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçı MMC-yə məxsus "xxxx" şadlıq sarayında operativ vergi nəzarəti həyata keçirilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. Cavabdehin 1.03.2023-cü il tarixli, **********0185 № li “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 1.03.2023-cü il tarixli, **********0185 nömrəli qərarın dəyişdirilərək əlavə dəyər vergisinin qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qərar qanunsuzdur. İddiaçı tərəfindən belə bir şəxslər işə cəlb edilməmiş, cavabdehin həmin gün orada görə biləcəyi şəxslərin isə iddiaçıya hər hansı bir aidiyyəti olmamışdır. Cavabdeh həmin şəxslərdən istinad etdiyi hal üzrə hər hansı bir izahat almamışdır. Cavabdeh qeyd etdiyi şəxslərin iddiaçıya məxsus məkanda olmalarının xarakter və səbəbini müəyyən etməmişdir. İddiaçının ştat vahidi üzrə 70 dən çox işçisi var və belə olan halda 8 nəfərin cavabdeh qeyd etdiyi kimi yayındırılması nə məntiqə, nə də rasionallığa uyğun deyildir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin əvvəlki iclaslarında iddia tələbini müdafiə edərək, iddianın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin sonuncu iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun əldə etmək istədiyi ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı 1.03.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə iddiaçının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh MMC-yə məxsus "xxxx" şadlıq evində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, yoxlama sahinkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY********** nömrə ilə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə göstərilən obyektə operativ vergi nəzarəti həyata keçirilmiş və 10 nəfər şəxsin əmək müqaviləsi bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Akta Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin Siyahısı əlavə edilmişdir. Siyahıya əsasən X16 (ofisiant), X4 (fəhlə), X6 (usta), X17 (usta-fəhlə), X22 (inzibatçı), X7 (ofisinat), X23 (usta-fəhlə), X9 (ofisiant), X12 (ofisinat) və X24 (mühafizəçi) kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, **********6017 nömrəli Tələbnamə məktubunda iddiaçıdan əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar və əmək haqqı cədvəllərini 1 iş günü müddətində operativ vergi nəzarətini həyata keçirən vəzifəli şəxslərə və ya cavabdehə təqdim olunması tələb olunmuşdur. Cavabdehin 1.03.2023-cü il tarixi, **********0185 № li “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, cavabdeh həmin şəxslərin orada olmasının xarakterini araşdırmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə sənədlər təqdim etmişdir. Təqdim edilən sənədlərdə X4 ərizə yazaraq qardaşı X1 maşın açarı verməsi ilə bağlı restorana gəldiyini qeyd etmişdir. X8 ərizə yazaraq oğluna toy ziyafəti keçirmək məqsədi ilə həmin gün restorana baxmaq üçün gəldiyini qeyd etmişdir. X12 ərizə yazaraq həmin gün qardaşı X5 pul götürməyə getdiyini qeyd etmişdir. X13 ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli mülki-hüquqi xarakterli müqavilə və müqaviləyə əlavə edilmiş kassa məxaric orderi təqdim edilmişdir. Müqaviləyə və orderə əsasən M.Abbasova kondisoner təmirinə görə 270 manat vəsait müəyyən edilmiş və 159.3 manat ödənmişdir. X6 ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli mülki-hüquqi xarakterli müqavilə və müqaviləyə əlavə edilmiş kassa məxaric orderi təqdim edilmişdir. Müqaviləyə və orderə əsasən S.Hüseynova paltaryuyan təmirinə görə 200 manat vəsait müəyyən edilmiş və 118 manat ödənmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi "xxxx" şadlıq evində 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 1.03.2023-cü il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 16000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 8 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qərarını mübahisələndirərkən həmin qərarın Vergi Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edildiyini göstərmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, göstərilən şəxslər onun işçisi olmamış, həmin şəxslərdən ikisinin restoranda işləyən qardaşının yanına gəldiyini, bir nəfərin restorana toy etmək məqsədi ilə baxmağa gəldiyini, iki nəfərin isə mülki hüquqi müqaviləyə əsasən restoranda paltaryuyan və kondisoner təmir etmək üçün gəldiyini bildirir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi bu halla bağlı məhkəməyə həmin şəxslərlə onun arasında bağlanmış müqavilələri və şəxslərin izahatlarını təqdim etmişdir. İddiaçının bu dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, həmin sübutlar hazırki işin faktiki halları ilə uzlaşmır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya məxsus obyektə operativ vergi nəzarəti keçirilərəkən və bu barədə akt tərtib edilərkən orada olan şəxslər izahat verməkdən və akta imza etməkdən imtina etmişlər. Həmin şəxslərin həmin gün şadlıq evində olmaları işin mübahisələndirilməyən halıdır. Lakin operativ vergi nəzarəti keçirilən zaman həmin şəxslər izahat verməkdən imtina etmişlər. xx.xx.2022-ci il tarixli, **********6017 nömrəli Tələbnamə məktubunda iddiaçıdan əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar və əmək haqqı cədvəəllərini 1 iş günü müddətində operativ vergi nəzarətini həyata keçirən vəzifəli şəxslərə və ya cavabdehə təqdim olunması tələb olunmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatları və yazılı mülki-hüquqi müqavilələri cavabdehin nümayəndələri operativ vergi nəzarəti apararkən və eyni zamanda 1.02.2023cü il tarixdə MMC-ni təmsil edən şəxslər İdarəyə dəvət edilərkən təqdim edə bilməli olduğu halda, həmin sənədləri təqdim etməmişlər. Qeyd edilən sənədlər məhkəmə icraatı dövründə təqdim edilmişdir. Lakin buna baxmayaraq məhkəmə təqdim edilən sənədlərin mötəbərliliyini yoxlamaq və həmin şəxslərin şadlıq evində olmalarının xarakterini müəyyən etmək üçün iddiaçıya həmin günün kamera görüntülərinin təqdim edilməsi barədə sorğu vermiş, lakin iddiaçının nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında verdiyi izahatında həmin günün görüntülərinin saxlanılmadığını qeyd etmişdir. Bundan başqa məhkəmə aktda adıçəkilən şəxslərin, eyni zamanda vergi nəzarətini həyata keçirən vergi orqanının nümayəndələrinin şahid qismində dindirilməsi məsələsini məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında tərəflərlə müzakirə etmiş, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında nə özü iştirak etmiş, nədə ki şahidləri dindirmək üçün məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclası bununla bağlı xx.xx.2023-cü il tarixə təxirə salınmış, lakin iddiaçının nümayəndəsi və vəkili həmin iclasda da iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının nümayəndəsi və vəkili hazrıkı işin elektron kabinetinə əlavə edilmiş və məhkəmə iclaslarından məlumatlı olmuşdur. Həmçinin məhkəmənin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli iclaslarının təxirə salınması barədə məhkəməyə elektron kabinet vasitəsi ilə vəsatət göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı tərəf məhkəmə icasında iştirak etməməklə yanaşı, məhkəmənin tələb etdiyi sübutları (kamera görüntüləri və şahidləri) təqdim etməkdən yayınmışdır. İPM-in 12.4-cü maddəsinə görə, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18, X14 və X27 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, həmin gün restorana gedərkən İmdad adlı şəxs onları qarşılamış, onlara maneçilik törətmiş, izahat verməkdən yayınmış, eyni zamanda aktda qeyd edilən şəxslərin izahat verməsinə imkan verməmişdir. Aktda qeyd edilən şəxslərin çoxu ofisiant paltarında idi. Bir nəfər paltaryuyan digər isə kondisoner təmir etdiyini bildirdi. Həmin 2 nəfərin orada işləmədiyini müəyyən edəndən sonra onları aktdan çıxarmışlar. Göründüyü kimi iddiaçı iddiasının dəlilinin əsası kimi kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, iddia təmin еdilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-8133/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8133/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver