Məhkəmə qərarları › İş №e-2-1(112)-8157/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-8157/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-8157/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2021-ci ilin iyul ayından etibarən İddiaçı barəsində ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir. 10 ildən artıq müddətdə ikinci dərəcə əlilliyi olmuşdur. Lakin 2021-ci ildən etibarən ikinci dərəcə əlilliyi əsassız şəkildə ləğv edilmişdir. İkinci dərəcə əlilliyin ləğv edilməsi (dayandırılması) tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi, 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən Forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməyi qanunsuzdur. Əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsiz və Əsasnamənin tələblərinə ziddir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək əlilliyinin dayandırıldığı (ləğv olunduğu) tarixdən müddətsiz təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-13993/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 23 saylı şəhər poliklinikası “əlilliyin mövcud əlamətləri” əsası ilə xx.xx.2009-cu il tarixli göndəriş göndərmişdir. xx.xx.2009-cu il tarixli müayinəyə əsasən ona 01 il müddətinə ikinci dərəcəli ilkin əlillik təyin edilmiş və növbəti qiymətləndirmə tarixi xx.xx.2010-cu il olaraq qeyd edilmişdir. Daha sonra 23 saylı şəhər poliklinikası “əlilliyin təkrar müayinə edilmə müddətinin qurtarması” əsası ilə xx.xx.2014-cü il tarixli göndəriş göndərmişdir. xx.xx.2014cü il tarixli müayinəyə əsasən ona təkrar 01 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il olaraq qeyd edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçıya 01 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə iddiaçıya 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə əlillik müddətinin qurtarması ilə əlaqədar xx.xx.2021-ci il tarixli 005003AADEC saylı göndərişlə (Forma 88) cavabdehə müraciət etmiş, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində əlilliyinin təyinindən imtina edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məktub ilə (xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.) iddiaçıya hüquqi yardım edilərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə qurtarması ilə əlaqədar xx.xx.2021-ci il tarixli 005003AADEC saylı göndərişlə(Forma 88) cavabdehə müraciət etmiş, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində əlilliyinin təyinindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddianın növü məcburetməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəasinə əsasən, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlilliyin təyin edilməsi ilə bağlı müraciətinə xx.xx.2021-ci il tarixdə baxılmış və imtina edilmişdir. İddiaçı qeyd edilən imtinanın həmin vaxtdan ona məlum olmasını mübahisələndirmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçının vəkili və nümayəndəsinə hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçının vəkili və nümayəndəsi müddətin ötürülməsini əsaslandırmamışdır. Odur ki, iddianın qaldırılması ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar