Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8199/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Filialın İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və iddiaçının əmək pensiyasından aparılan tutulmanın qanunsuz hesab edilməsi və iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. O, xx.xx.1970-ci ildə “Azərdəniznefttikinti” trestinin 5 №-li Tikinti-Quraşdırma İdarəsinə 1-ci dərəcəli köməkçi fəhlə peşəsinə işə qəbul edilmişdir. xx.xx.1972-ci ildə tarixdə Sovet ordusunda hərbi xidmətə getməsi ilə əlaqədar olaraq əmək münasibətlərinə xitam verilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1974-ci ildə 2-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 3-cü dərəcəli, xx.xx.1977-ci il tarixdə isə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı təyin edilmişdir. xx.xx.1977-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977-ci ildə “Azərdəniznefttikinti” trestinin 5 №-li Tikinti-Quraşdırma İdarəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.1979-cu ildə 5 №-li Tikinti-Quraşdırma İdarəsinin adı 2 №-li Tikinti-Quraşdırma İdarəsinə dəyişdirilmişdir. xx.xx.1981-ci il tarixdə 5ci dərəcəli elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1988-ci ildə əməyin ödənilməsinin yeni tarif dərəcələrinin müəyyən edilməsi ilə əlaqədar 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.1989-cu ildə 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1993-cü ildə isə 6-cı dərəcəli elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.2000-ci ildə 2-ci peşə olaraq 5-ci dərəcəli quraşdırıcı peşəsi verilmişdir. xx.xx.2001-ci ildə müəssisənin ləğv olunması ilə əlaqədar işdən azad edilmişdir. Həmin tarixdə “Azərdənizneftinşaat” trestinin 3 saylı ixtisaslaşdırılmış Tikinti-Quraşdırma və Təmir filialında 5-ci dərəcəli polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2003cü il tarixdə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi verilmişdir. xx.xx.2007-ci ildə "Azərdənizneftinşaat" tresti və onun sturuktur bölmələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq AR DNŞ-nin "Neftqaztikinti" trestinə verilmiş, "Azərdənizneftinşaat" trestinin 3 saylı ixtisaslaşdlırılmış Tikinti Quraşdırma və Təmir fillialı "Neftqaztikinti" trestinin 7 saylı tikinti quraşdırma idarəsi adlandırılmışdır. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdə "Neftqaztikinti" tresti 4 saylı Tikintiquraşdırma idarəsi 6 saylı tikintiquraşdırma sahəsinə ƏÖD-5(beş) olmaqla əl ilə qaynaqla elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci il tarixdə SOCAR-ın "Neftqaztikinti" trestinin 4 saylı tikinti quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsində ƏÖD-5(beş) olmaqla əl ilə qaynaqla elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının 45 il, 11 ay, 21 gün ümumi əmək stajı və 42 il, 3 ay, 26 gün isə güzəştli əmək stajı vardır. Göründüyü kimi o, uzun illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 1 nömrəli əlavəsində qeyd olunmuş (o cümlədən, 23200000—19756 kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları, 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) peşələrdə çalışmışdır. xx.xx.2008-ci il tarixində iddiaçıya Güzəştli şərtlərlə (55 yaş) yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü ilin sonundan etibarən iddiaçı, İddiaçı pensiyasının təyin olunması haqqında qərar ləğv edilmiş, yeni qərar verilərək pensiya məbləği azaldılmış və cavabdeh, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən pensiyasından hər ay tutulmağa başlanmışdır. İddiaçı ona təyin edilmiş pensiyanın ləğv olunması və ödənilmiş pensiya məbləğinin tutulması haqqında qəbul edilmiş qərarın ləğv olunması və əvvəlki pensiyasının bərpa olunması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Lakin Filial tərəfindən hazırkı vaxtadək müraciətə cavab verilməmiş və əvvəlki pensiyası bərpa edilməmişdir. Təqdim edilən sənədlərdən də, aydın görünür ki, İddiaçının xx.xx.2017-ci ilə qədər 45 il, 11 ay, 21 gün ümumi sığorta stajı və 42 il, 3 ay, 26 gün isə güzəştli əmək stajı vardır. 1 yanvar 2006-cı il "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər iddiaçının ümumi sığorta stajı 34 il 7 ay 23 gün, müvafiq olaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə isə 30 il, 11 ay, 28 gün olmuşdur. İddiaçının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə 23 sentyabr 1995-cı il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər qüvvəyə minənə qədər (1997-ci il 01 avqust tarixədək) isə ümumi sığorta stajı 26 il, 2 ay, 23 gün, həmin işlərdə isə 22 il, 6 ay, 28 gün olmuşdur. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası səhv hesablanmışdır. İddiaçıya əmək pensiyası 23 sentyabr 1995-cı il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə) əsasən 50 yaşdan təyin edilməli olduğu halda, 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan isə cavabdeh tərəfindən pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırıldığı əsas götürülərək 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edildiyi bildirilək, yaşa görə əmək pensiyasının səhv hesablandığı qənaətinə gəlinərək, guya artıq ödənilmiş pensiyasına tutmalar yönəldilmişdir. Halbuki, iddiaçının yaşa görə əmək pensiyası hətta “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə (əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə) əsasən hesablansa belə, iddiaçı yaşa görə güzəştli pensiya təyin olunması üçün lazım olan şərtləri xx.xx.1997-ci ilə qədər ödəmişdir. Odur ki, cavabdehin iddiaçının pensiyasının yenidən (57 yaşdan) hesablanması və ona artıq ödənilmiş məbləğin yaşa görə əmək pensiyasından hər ay tutulması ilə bağlı verdiyi qərar qanunsuzdur.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 19 yanvar 2025-ci il tarixli 3-17-1/2-A-12316/2024 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 13 yanvar 2025-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 No-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin "b" bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997- ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 2 №-li Siyahı üzrə 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı 10 dekabr 2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı 10 dekabr 2008- ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 1 yanvar 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə emək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanıb: Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-ci tarixədək iddiaçının ümumi iş stajı 34 il 7 ay 16 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,88 manat (34,63 il x 170 manat:144 ay) hesablanaraq 10 dekabr 2010-cu il tarixə indeksləşdirilib 63,35 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7633,44 manat sığorta kapitalına uyğun 53,01 (7633,44:144) manat və 85 baza hissəsi əlavə edilərək 10 dekabr 2010-cu il tarixə 201,36 (63,35+53,01+85) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 272,85 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanlara əsasən, 29 aprel 2017-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 12510,00 manat sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (12510,00: 72 ay (144 ay-72 ay (işləyən əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=173,75 manat) həmin tarixdən yenidən hesablanaraq 272,85 manatdan 446,60 manata (272,85+173,75) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 768,14 manat) artırılıb. Bununla əlaqədar, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2- ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar inzibati icraata başlanılıb. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 24 noyabr 2023-cü il tarixində məktub göndərilməklə 11 dekabr 2023-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 25 dekabr 2023-cü il tarixdə gəlmişdir. Lakin, tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Buna dair isə aktın aşağı hissəsində qeyd yazaraq imza ilə təsdiq edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 38344,00 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 38344,00 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əlavə olaraq bildirirlər ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2025-ci il tarixindən pensiya məbləği 923,36 manat təşkil edir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçıya “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-276102/2023 nömrəli məktub ünvanlanmışdır.
9. İddiaçı tərəfindən iş materiallarına əmək kitabçasının surəti əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən 14 aprel 2025-ci il tarixli, 3-17-1/2-80008/2025 nömrəli məktubla iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Filialın “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3-3-64364/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən 55 yaşdan 57 yaşa çəkilərək onun əmək pensiyası 768.14 manat müəyyən edilmişdir.
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
18. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.
19. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-895/2023 nömrəli, xx.xx.2023- cü il tarixli 2-1(102)-2068/2023 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1999/2024 nömrəli qərarları, xx.xx.2024-cü il tarixli 2- 1(102)-3428/2024 nömrəli qərardadı) iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
23. Həmçinin məhkəmə razılaşır ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
24. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
25. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
26. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1999/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)- 1560/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-1088/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-768/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)- 895/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-662/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-549/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)- 539/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-112/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarları; 2-1(102)-2890/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-1268/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur.
27. Beləliklə, hazırkı iş üzrə mübahisə hüququn tətbiqi ilə bağlı məsələyə, yəni onun pensiya hüququnun 55 yoxsa, 57 yaşdan yaranması ilə əlaqədar məsələyə aiddir. Məhkəmə nəzərə alır ki, sözügedən məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
28. Belə ki, həm iddiaçıya pensiya təyinatının aparıldığı tarixdə, həm də ondan sonra uzun illər ərzində davam edən və hazırda da mövcud olan məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı ilə bağlı faktiki hallar nəzərə alındıqda qanunvericiliyin tələblərinə görə ona məhz 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Təsadüfi deyildir ki, iddiaçıya münasibətdə də cavabdeh inzibati orqan xx.xx.2008-ci ildə, həmin dövrdə mövcud olmuş inzibati praktikasına uyğun olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdi. Uzun müddət çoxsaylı məhkəmə işləri üzrə də inzibati orqanın əleyhinə məhz bu mövqe rəhbər tutulmaqla qərarlar qəbul edilmişdir.
29. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. İş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş etimad hüququnun qorunmasını istisna edən hallar da mövcud deyildir.
30. Nəhayət, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı tələbi də pozmaqla 15 ildən sonra iddiaçıya münasibətdə özünün əlverişli inzibati aktını ləğv etmişdir. Halbuki, o, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi.
31. İş materiallarında iddiaçıya 55 yaşdan pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. Cavabdehin dəlilləri yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmamasından ibarətdir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərarında “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”
33. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh bildirir ki, iddiaçıya hazırda 768.14 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir.
34. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
35. Məhkəmə oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2008-ci ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 6 ildən çox işləmişdir. Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
36. Beləliklə, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3-3-64364/2023 nömrəli, xx.xx.2023-cü nömrəli qərarı ləğv edilsin və İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva