Məhkəmə qərarları › İş №e-2-1(112)-8228/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8228/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8228/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “4459,47 manat pul məbləğinin tələb edilməsinin qadağan edilməsi və şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “vergi öhdəliyindən çəkindirilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək 4459,47 manat pul məbləğinin tələb edilməsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsini, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsini həmin cavabdehə həvalə edilməsini, Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı Vergilər Departamentinin cəmi 4459,47 manat tutulmasına dair sərəncamları etibarsız hesab edilmiş, həmin tutulmaya dair hərəkətləri və şikayətə baxılmasına dair hərəkətsizliyi qanunsuz hesab olunmuş, əsassız tutulmuş 4459,47 manat üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesabına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 aprel 2016-cı il tarixli 2-1(103)-479/2016 saylı qərarı ilə vergi orqanının apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli 2-1(102)-1307/2016 saylı qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 07 aprel 2016-cı il tarixli 2-1(103)- 479/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin hamı üçün məcburi olan qərarlarını vergi orqanı hər vəchlə icra etməkdən yayınmağa çalışmış, müxtəlif qanunsuzluqlara əlatmaqdan belə çəkinməmiş, məhkəməyə və icra orqanına qərarın icra olunduğu barədə yalan məlumatlar vermişdir. Bakı şəhəri Lokal gəlirlər departamentinin 14 iyun 2018-ci il tarixli məktubu ilə məhkəməyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarının icra olunduğu bildirilmişdir. Çoxsaylı yazılı müraciətlərdən sonra vəziyyət dəyişməmiş, hətta icra orqanı tərəfindən icra icraatına xitam verildiyi barədə 05 noyabr 2019-cu ildə qərar çıxarılıb məhkəməyə göndərildiyiməlum olmuşdur. İcra orqanının qərarından verilmiş şikayət Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 8-1(112)-30/2021 saylı qərarı ilə təmin olunaraq icra olunması ilə bağlı icraata xitam verilməsi haqqında qərar qanunsuz hesab edilmişdir. Vergi orqanı bundan sonra da qərəzli yanaşmasını davam etdirərək qərarı icra etməkdən yayınmağa cəhdləri davam etdirmişdir. Bakı İnzibati Məhkəməsində cavabdehin cərimə olunması və icranı təmin etməsi tələbi ilə ərizəyə baxılması zamanı, nəhayət vergi orqanı icraya başlayacağını bəyan etmiş, uzun çək-çevirdən sonra 18 fevral 2023-cü ildə qərarı yalnız əsas məbləğ hissəsində icra etmiş, faizlərin hesablanıb ödənilməsi hissəsində qərar icra olunmamışdır. Qərarın faizlərin hesablanıb icra edilməsi barədə halhazırda Bakı İnzibati Məhkəməsində baxılan şikayət verildikdən sonra çəkindirmə məqsədi ilə 23 avqust 2023-cü il tarixli məktubla hədə-qorxu gəlməyə səy göstərilmişdir. Yuxarıda xatırladılan cavabı verdikdən sonra vergi orqanı bir müddət hərəkətsiz qalmış, faizləri qismən hesablayıb 30 dekabr 2023-cü ildə ödədikdən sonra qeyzi və qərəzkarlığıcovlan edərək hərəkətə keçmiş və mənim ölkədən getmək hüququmun müvəqqətiməhdudıaşdırlması üzrə təhdidə keçmişdir. Cavabdeh tərəddüd etmədən faktları və hüquqi halları təhrif edir, məntiqsiz hesablamalar aparır və borc yaradır və borc hesab etdiyi rəqəmin mənbəyini belə göstərə bilmir. Özünün təqdim etdiyi Şəxsi hesab vərəqdən yuxarıda qeyd olunduğu kimi açıq-aşkar görünür ki, 17 fevral 2023-cü ilə 171,15 manat artıq ödəmə olmuş, həmin tarixdə məhkəmə qərarının icrası qaydasında xəzinədarlıqdan bank hesabına ödənilmiş 4459,47 manatı yenidən iddiaçının borcu kimi hesablayaraq, həmin məbləğdən 171,15 manat artıq ödəməni çıxaraq 4288,32 manat qalıq yaratmış, hətta 06 aprel 2023-cü ilə 205,84 manat faiz üzrə qalıq quraşdırmışdır. Bununla bağlımənə heç bir bildiriş, qərar, rəy və digər sənəd təqdim olunmamışdır. Faktiki olaraq 04 aprel 2014-cü ildə 130,07 manat artıq ödəməm, bəyannamələr üzrə 2015-ci ildə 22,34, 2016-cı ildə 78,70, 2017-ci ildə 510,8, 2018- 2020-ci illrdə 0 manat, yəni 2014- 2020-ci illərdə cəmi 1030,05 manat gəlir vergisi öhdəliyi olmuşdur. Lakin 2016-cı ildə 78,70, 2017-ci ildə 510,80 manat vergi orqanı tərəfindən şəxsi hesaba bilərəkdən işlənilməmişdir. 04 aprel 2014-cü ildən 01 aprel 2021-ci ilədək vergi ödəmələri və tutulmaların məbləği 5295,97 manat təşkil etmişdir ki, bundan bəyan olunmuş və hesabda qeyd edilmiş vergi məbləğləri çıxılaraq artıq ödənilmiş məbləğ nəzərə alındıqda cəmi artıq ödənən verginin məbləği 4985,45 manat, məhkəmə qərarı əsasında geri qaytarılmış 4459,47 manat nəzərə alındıqda, nəticə etibarı ilə 525,98 manat artıq ödənmiş vergiməbləği qalmış olur. 6.18. Beləliklə, Cavabdeh qanunsuz hərəkətlərə və tələblərə yol vermişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə VÖEN almış, “Vəkillik fəaliyyəti” ilə məşğul olmuşdur. Vergi ödəyicisinin xx.xx.2017- ci il tarixə vergilər üzrə 4535,54 manat artıq ödəmə məbləği olmuşdur. Daha sonra vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat, 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği qalmışdır. Vergi ödəyicisi İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ləğv edilmiş Bakı Vergilər Departamentinin 4.459,47 manatın tutulması barədə sərəncamların etibarsız hesab edilməsi, hərəkətlərinin və şikayətə baxılması üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması, əsassız tutulmuş 4.459,47 manat məbləğin üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesablarına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci iltarixli 2-1(81 )- 3650/2015 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı Vergilər Departamentinə qarşı iddia tələbi təmin edilmiş, Baş İdarə tərəfindən qeyd olunan qərarın icrası ilə əlaqədar 30.11,2022-ci il tarixli **********231100 nömrəli rəy tərtib olunaraq vergi ödəyicisinin tələb etdiyi 4.459,47 manat məbləğ xx.xx.2023-cü il tarixdə ödəyicinin bank hesabına geri qaytarılmışdır. Artıq ödəmə məbləği geri qaytarıldığı üçün 2016, 2017 və 2019-cü il tarixlərdə yaranan öhdəliklər borca çevrilmiş və hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 4288,32 manat borc məbləği yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi İddiaçı 5.090,24 manat borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. İddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 4.288,32 manat əsas, 921,99 manat faiz borcu olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3501/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-952/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlərə və ərizəçinin nümayəndəsinin bildirdiyinə görə ərizəçinin 2016, 2017 və 2019-cu illər üzrə 4.571,02 manat məbləğində verci borcu mövcuddur. Lakin ərizəçinin özünün məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı xx.xx.2017-ci il tarixə vergilər üzrə 4.535,54 manat artıq ödəmə məbləği olmuş, vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2.749,6 manat, 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği olmuşdur. Göründüyü kimi, qeyd olunan illər üzrə vergi borcu ərizəçinin özü tərəfindən maraqlı şəxsin artıq ödədiyi məbləğ ilə əvəzləşdirilmiş, hətta artıq 171,15 manat artıq ödəmə məbləği olmuşdur. Bundan əlavə, ərizəçi özü maraqlı şəxsə məhkəmə aktı əsasında sərəncama əsasən tutulmuş 4.459,47 manat və 11.554,49 manat gecikdirilmiş faiz məbləği ödəməli olmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi vergi ödəyicisi olan həmin fiziki şəxsin vergi öhdəliyinin icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıdır. Hazırki iş üzrə isə maraqlı şəxs tərəfindən vergilərin ödənilməsindən yayınması halları müəyyən edilmir.” Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi dedikdə vergi ödəyicisinin vergi orqanı qarşısında maliyyə öhdəliklərinin uçotunu aparmaq məqsədilə tərtib olunan maliyyə sənədi başa düşülür. Bu vərəqədə vergi ödəyicisinin dövriyyəsi, ödədiyi vergilər, hesablamalar və qalıqlar kimi maliyyə əməliyyatları qeyd olunur. Nəzərə alınmalıdır ki, şəxsi hesab vərəqəsinin uçotu anlayışı Mühasibat uçotu standartlarında birbaşa qeyd olunmasa da, həmin standartlar vergi öhdəlikləri və digər maliyyə öhdəliklərinin uçotu mexanizmini də ehtiva edir. Belə ki, “X1 Standartlarına” (MHBS): MMUS 18 – Gəlirlər üzrə vergi uçotu standartlarında müəyyən edilmiş qaydalarla tənzimlənir. Burada müəssisəsinin vergi öhdəliklərinin uçotunun düzgün aparılması ilə bağlı qaydalar verilir. MMUS 1 - Maliyyə Hesabatlarının tərtib edilməsi: Bu standart müəssisənin maliyyə vəziyyətinə dair bütün öhdəliklərin, o cümlədən vergi öhdəliklərinin maliyyə hesabatlarında düzgün əks etdirilməsini tələb edir. Göründüyü kimi şəxsi hesab vərəqəsi vergi ödəyicisinin dövriyyəsini, ödədiyi vergilər, hesablamalar və qalıqları kimi maliyyə əməliyyatlarını əks etdirən sənəddir. Qeyd olunmalıdır ki, iddiaçı şəxsi hesab vərəqəsində vergi borcu kimi əks olunan 4.459,47 manat vəsaitinin silinməsini, eyni zamanda həmin vəsaitinin ondan tutulmasını cavabdehə qadağan edilməsini tələb edir ki, məhkəmənin qənaətinə görə iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın əsaslığının təsdiqlənməsi üçün inzibati orqan qərarın qəbul edilməsinin əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdeh yaranmış 4.459,47 manat vəsaitin iddiaçının hansı hesabat dövrünə aid olduğunu, ümumiyyətlə həmin vəsaitin yaranma əsaslarını inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Göründüyü kimi borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatdır. Hər nə qədər həmin borcun yaranma əsasları və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və borc kimi yarandığı iddia olunan vəsaitin mənbəyini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Lakin cavabdeh iddia etdiyi borcun yaranma əsasını və hansı dövrə aid olduğunu sübut edə bilməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, vergi orqan tərəfindən iddiaçıya qarşı irəli sürülən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddiya mülki məhkəmə icraatı çərçivəsində baxılmış və iddianın təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3501/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsinə nəzər yetirdikdə görünür ki, apellyasiya instansiya məhkəməsi şikayətə qiymət verərkən iddiaçının (həmin iş üzrə maraqlı şəxsin) vergilərin ödənilməsindən yayılması hallarının müəyyən edilmədiyinə istinad etmiş, bununla da birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlamışdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin mövqeyidə məhz iddiaçının xeyrinə nəticələnmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Odur ki, 4459,47 manat pul məbləğinin iddiaçıdan tələb edilməsi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməli, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsi isə həmin cavabdehə həvalə edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2105/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş nəticə düzgündür.” İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 4459,47 manat pul məbləğinin iddiaçı tələb edilməsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsini, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsi həmin cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar