Məhkəmə qərarları › İş №e-2-1(112)-8262/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8262/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8262/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (X9, X3 və X7) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı onunla əsaslandırılmışdır ki, mənzil mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. S.İbişova onun keçmiş həyat yoldaşı, İddiaçı və Ş.İbişova isə qızıdır. Məhkəmə qətnamələri əsasında S.İbişovanın istifadə hüququnun tanınmasına dair iddiası rədd edilmişdir. Cavabdehə həmin şəxslərin qeydiyyatdan çıxarılması xahiş edilmiş, müraciətin təminindən imtina edilmişdir. Həmin şəxslər qeydiyyatda olsa da, faktiki olaraq mənzildə yaşamırlar, hər hansı hüquqları mövcud deyildir. Həmin şəxslərin qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs İddiaçı ərizə ilə müraciət edərək istifadə hüququnun mövcud olmasına istinadla iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Ali Məhkəmənin 29 iyul 2024-cü il tarixli qərarından görünür ki, X9 cavabdeh İddiaçı qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Ali Məhkəmə iddianın rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsini qətnaməsini qüvvədə saxlamış və hesab etmişdir ki, S.İbişova nikaha daxil olduğu vaxtdan həmin mənzildə yaşamamış, məhkəmə qətnaməsi əsasında qeydiyyata alınmışdır. Mənzillə bağlı etibarlı hüquq münasibətləri 2012-ci iltarixədək yaranmamış, yəni şəxsin istifadə hüququ mənzilə münasibətdə mövcud olmamışdır. Cavabdehin məktubundan görünür ki, üçüncü şəxslər göstərilən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması (ümumiyyətlə heç bir zaman mövcud olmaması və ya əvvəllər mövcud olmuş hüququn sonradan itirilməsi) müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırki iddia tələbindən də göründüyü kimi iddiaçı öz keçmiş həyat yoldaşı və övladlarını yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdədir. Məhkəmə iddiaçı və üçüncü şəxslər arasında yaranmış qohumluq əlaqələrinin mövcudluğunu nəzərə alaraq, hazırki iddia tələbinin üçüncü şəxs olan keçmiş həyat yoldaşı X6 münasibətdə təmin edilməsini, digər üçüncü şəxs olan övladlarına münasibətdə isə qeydiyyatdan çıxarılmasına münasibətdə isə rədd edilməli olması qənaətindədir. Məhkəmə üçüncü şəxs S.İbişovanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbindən də görünür ki, ə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarından da görünür ki, istifadə hüququna xitam verilmə barədə qanuni qüvvəyə minmiş qətnamə olmasa belə, S.İbişovanın istifadə hüququnun olmaması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Belə ki, işin faktiki hallarından da müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında 2012-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata düşmüş həmin şəxs istifadə hüququnun mövcud olması barədə məhkəməyə müraciət etmiş, lakin son nəticədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin şəxsin istifadə hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, nə qədər ki, həmin şəxsin istifadə hüququnun mövcud olmadığı müəyyən edilir, iddiaçıya məxsus yaşayış sahəsində hər hansı hüququ mövcud olmayan şəxsin qeydiyyatda qalması yolverilməz hesab edilməlidir. Odur ki, iddia göstərilən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına münasibətdə qanuni və əsaslıdır. Məhkəmə digər üçüncü şəxslər iddiaçının övladları olan X3 və X4 münasibətdə qeyd edir ki, həmin şəxs iddiaçının övladları olduğundan, onun harda yaşamasından asılı olmayaraq hazırki mərhələdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması təmin oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Ümumiyyətlə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsinə iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadə hüququ ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun övladının heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni, iddiaçının qənaətinə görə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki, həmin halların, yəni üçüncü şəxsin yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Həmçinin, inzibati məhkəmələr məhz inzibati orqanların qərar və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyinə qiymət verən məhkəmə qismində çıxış etdiyindən inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxsin istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsinə də qiymət verən məhkəmə qismində çıxış etmirlər. Bu səbəbdəndir ki, istifadə hüququna xitam və ya itirilmiş hesab edilmə və ya ümumiyyətlə istifadə hüququnun olmaması barədə ayrıca məhkəmə qətnaməsinin mövcudluğu inzibati icraatın düzgün aparılıb-aparılmamasına qiymət verilməsi əsası qismində çıxış edir. Təbii haldır ki, həmin qərarın mövcud olmasına baxmayaraq inzibati orqanın həmin qətnaməni nəzərə almaması və qeydiyyatdan şəxsi çıxarmaması inzibatı və ya inzibati məhkəmə mübahisəsinin yaranması əsası qismində çıxış etməklə polis orqanının yuxarıda istinad olunan Qanunun tələblərini pozması qismində dəyərləndirilir. Həmin qərar yoxdursa, deməli üçüncü şəxsin istifadə hüququna xitam və ya itirilmə əsaslarının mövcud olub-olmaması da qeyri-müəyyəndir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-363/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda övladın qeydiyyatdan çıxarılmasına dair məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə istifadə hüququnun itirilib-itirilmədiyinə hüquqi qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, o cümlədən üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1700/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, X1 mülkiyyətçi X2 ailə üzvü olmuş şəxs kimi həmin ünvanda yerləşən əmlaka dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq istifadə hüquqlarının mövcud olubolmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş X1 qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1934/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, hazırkı işdə iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub- olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olubolmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulubpozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Odur ki, məhkəmə kollegiyası bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxsin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1268/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında kassasiya şikayətinin qəbulundan imtina onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qeydiyyatdan çıxarılması istənilən şəxsin istifadə hüququnun olubolmaması ümumi məhkəmədə müəyyən edilməli, əgər istifadə hüququ olmadığı müəyyən edilməklə iddia rədd edilərsə və ya istifadə hüququ itirilərsə onda hazırkı növ iddia təmin edilir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2871/2023 nömrəli qərarları). Hazırkı işdə iddiaçı evdən qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və ya istifadə hüququndan məhrum edilmə ilə əlaqədar iddia ilə ümumi məhkəməyə müraciət etmədən inzibati orqana müraciət etmiş və aldığı imtinadan sonra isə inzibati məhkəməyə iddia vermişdir. Bu tip işlərdə nəticə iddianın rədd olunması ilə yekunlaşmalı olduğundan məhkəmələr iddianı rədd etmişlər. Adıçəkilən Qərardadında da göründüyü kimi nəinki istifadə hüququnun itirilmiş sayılması və ya xitamı eləcə də, istifadə hüququnun olmadığı halda belə həmin məsələyə qiymət verilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətlərinə aid edilmişdir ki, istifadə hüququnun mövcud olmamasını belə inzibati məhkəmələr yox, mülki icraat qaydasında işə baxan məhkəmə dəyərləndirməli, əgər istifadə hüququ ümumiyyətlə olmamışdırsa iddia rədd edilməlidir ki, həmin rədd qərarı şəxsin qeydiyyatdan çıxarılması əsası qismində çıxış edə bilir. Odur ki, iddiaçıya üçüncü şəxslərə qarşı mülki icraat qaydasında istifadə hüququ ilə bağlı məsələ üzrə iddia ilə məhkəməyə müraciət etməsi, müraciəti təmin ediləcəyi halda qeydiyyatdan çıxarılma məsələsinin həlli üçün aidiyyəti polis idarəsinə müraciət etmək hüququ izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatda olan X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. İddia tələbi digər hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar